Bildiyiniz kimi, bu saat Milli Məclisdə 28 may Müstəqillik günü haqda qanun projesi gərgin şəkildə müzakirə edilməkdədir. Məsələ deputatlarımız arasında böyük parçalanma və fraksiyalaşmaya səbəb olmuşdur. Bir qrup deyir günün köhnə adı, yəni, Respublika günü olmağı yerində qalmalıdır. İkinci qrup deyir Müstəqillik yaxşıdır, haçana qədər onun-bunun müstəmləkəsi altında yaşamalıyıq, üçüncü qrup isə hətta 28 apreli geri qaytarmaq istəyir. Bundan başqa, 28 mayı “27 maydan bir gün sonra” bayramı, “2+8=10 may” bayramı, “Ermənilərin gözünə 28 ox girsin” bayramı və sairə adlarla tanımaq istiqamətində təkliflər verən fraksiya və deputat qrupları yaranmışdır.
Bu gedişlə qorxulu hal yaranması ehtimalı da böyükdür: Milli Məclis özünü buraxar. Qabaqkı illərdə oxşar təcrübələr olmuşdur. Əslində başqa yol da qalmır. 28 mayı necə adlandırmağı tapa bilməsələr, daha orada niyə otururlar?
Ancaq mənim bu gün əsas üz tutmaq istədiyim yoldaş hörmətli deputatlarımızdan Erkin müəllimdir. Ali təhsilli hüquqşünasdır, lakin hazırkı kollapsın, hakimiyyət böhranının, parlamentar xaosun, qanunverici vakuumun (siyasi savadım burada bitdi) yaranmasında Erkin müəllim olduqca destruktiv rol oynamaqdadır. Niyə belə eləyir, heç bilmirik. Bəlkə də İranın sifarişidir, Erkin bəyi keçən ay Məşhəddə, əlində təsbeh fırlanan görüblər. Məşədi Erkin, düzdür, bir az qəribə səslənir, ancaq qloballaşma, çağdaş digital texnologiyalar dövründəyik, nə desən olar.
Burada bir haşiyə çıxım, əhvalat yadıma düşüb. Deyir, bir qazaxlı uşağa aşıq sənətini öyrətmək istəyirmiş, bunu götürür gətirir Aşıq Ədalətin yanına. Ədalət müəllim soruşur: “Adın nədir, a bala?” Uşaq utana-utana deyir: “Ramin”. Aşıq Ədalət üzünü tutur valideynə: “A kişi, uşağı apar, mən buna sənət öyrədə bilmərəm. Aşığın adı Ələsgər olar, Şəmşir olar, nə bilim, Alı olar, uzağı Ədalət olar. Ramin adında aşıq olmaz”.
Qayıdaq qanun lahiyəsinə. Ya da layihəsinə – mən bu lənətə gəlmiş sözü öyrənə bilmədim, ədəbiyyat müəllimim Əhəd müəllim bağışlasın. Qısası, 28 mayın müstəqillik günü adlanmasına ən çox etiraz eləyənlərdən biri Erkin müəllimdir. Heç bunu fərli-başlı əsaslandıra da bilmir. Məsələn, deyir bu, doğrudur, müstəqillik günüdür, ancaq respublika günüdür. Sitat: “Onun əsas çəkisi Respublika günü olmağındadır”.
Keçən il müharibə başlayanda bütün müxalif partiyalarımız çəkici bir yerə vurmuş, iqtidarla həmrəylik nümayiş etdirmişdi. Bunlardan biri də Erkin müəllimin üzv olduğu REAL Partiyasıydı. Bəs indi REAL niyə belə radikallığa yuvarlanır? Nə üçün sabitliyi pozmaq, xaricdən maliyyələşən qara qüvvələrin dəyirmanına su axıtmaq istəyir? Şəxsən mənə bu hadisə çox pis təsir edir.
Bəlkə də 28 maya təzə adın qoyulmasının REAL Partiyasının şəxsi maraqlarına toxunduğunu desələr, radikallığın səbəbini bir az anlayarıq. Doğrudan da, partiyanın adı “Respublikaçı Alternativ” sözlərindən düzəldilibdir. Əgər 28 mayın üstündən respublika sözü qoparılsa, partiya nə cür adlansın? Müstəqillik Günü Alternativi Partiyası? MÜAL? MÜGAL? Daha pis variantların üzərində dayanmaq istəmirəm.
Məncə, sabitliyə çalışan adamlar MÜAL adını qəbul edərlər. Hətta bu, poetik addır, Füzulinin şeirlərini xatırladır. Burada şairdən radikal bir beytin yeridir: “Oxun gəldikdə çeşmim töksə bağrım qanın ondandır, Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan”.
Lakin yuxarıda yazdığım kimi, hazırda hərəkat qəribə radikallığa meyllənməkdədir. Hətta bir ara partiyanın üzvlərindən Natiq müəllim canlı yayımda söyüş söymüşdü, özünü Qabil Məmmədov kimi aparmışdı. Bu isə heç yaraşan hal deyildi.
Daha nə yazım, ümid edirəm yaxın günlərdə REAL konstruktiv dialoq çərçivəsinə qayıtsın. Günün adına da çox dirəşmək lazım deyil, Uilyam Folkner demişkən: “Sabah da bu günün başqa adıdır”.