Müasir dövrdə gərək heç bir dövlət, xalq “şanlı keçmiş”indən, “böyük, güclü dövlət” olmasından çox basıb-bağlamasın.

Tarix var, onun səhifələri var. “Bizim əcdadlar dünyanın yarısını almışdılar”, “bizim 2 min illik dövlətçilik tariximiz var”, “vaxtilə dövlətimizin sərhədi dənizdən-dənizə olub” – hamısı əfsanə söhbətlərdir.

Hanı Yaponiyadan Macarıstana qədər uzanan 10 000+ kilometrlik ərazidə nəhəng monqol imperiyası quran Çingiz xan və züryətlərinin müasir Monqolustanı? Nə boydadır?

Ərazisi böyük olsa da, cəmi 3 milyon əhalyə malik kasıb bir dövlətdir. Monqolların tam əksəriyyəti Çinin tərkibindəki Daxili Monqolustan adlanan muxtar vilayətdə yaşayır. Başqa sözlə, vaxtilə əsarətdə saxladıqları qədim xan xalqının əlinin altında.

300 il monqol-tatar əsarəti altında yaşayan rusların müasir lideri Putin bir neçə il öncə Ulan-Batorda olarkən, qarşısında mil duran monqol liderlərə baxdı, baxdı və dövranın necə dəyişdiyini dərk edərək kövrəldi.

Vaxtilə bütün Avropanı tutan, gəlib Moskvaya dirənən, dünyanın 225 ölkə və vilayətini öz müstəmləkəsi edən Fransa bu gün nə boyda qalıb? Düzdür, Fransa yenə də güclü dövlətdir, amma artıq dünya imperiyası deyil, öz qabığına yerləşib.

Dünyanın və bütün zamanların ən böyük imperiyası olan sovet-rus dövləti də balacalaşıb, 3 qitədə ərazilərə malik Osmanlı imperiyası da, başqaları da.

Ona görə də bəzi dövlətlərin siyasət adamları gərək yekə-yekə danışmasınlar:  “Biz boynuyoğun dövlətik”, “Biz şirik, quyruğumuzla oynamayın”-filan.

Dönüb tarixə baxarıq, məlum olar ki, təkcə son iki min ildə dəfələrlə o şirin qulağından tutub ağzının payını veriblər. Hansı 2 min illik dövlətçilikdən söhbət gedir ki, bu gün özlərini ari və müzəffər xalq sayanlar bunun 700 ilini tam əsarət altında olublar, yerdə qalanında da hakimiyyətdə başqa xalqların oğlu olub.

Hələ bizim eradan əvvəl Makedoniyalı İsgəndər hökmdar Daranı yerlə-yeksan edərək İranın ortasından keçib Pakistana, Hindistana getməyibmi?

Böyük padşah Kirin axırı necə olub? Massagetlərin çariçası Tomris Araz çayının sahilində onun başını kəsib qanla dolu tuluğa atmayıbmı?

II Xosrovun dönəmində (590-628) Bizans imperiyası İran imperiyasını məğlub edib, hökmdarını da əsir alıb edam etməyibmi?

632-ci ildə ərəblər Sasanilər İranına hücum edib, 637-ci ildə onu tam məğlubiyyətə uğradıb, ta 652-ci ilə qədər işğalda saxlayıb, ölkənin dinini – zərdüştiliyi yasaqlayıb, xalqı zorla müsəlman etməyiblərmi?

Guya sonrakı əsrlərdə İran müstəqil dövlətçilkmi görüb? Ərəblər gedib, Səmənidlər gəlib, regionda Qəznəvi dövləti qurublar. Onlardan sonra Səlcuk türkləri gəlib öz dövlətlərini qurub, İsfahanı paytaxt ediblər.

1220-ci ildə İran Xarəzmşah dövlətinin tərkibində olub. Sonra Çingiz xanın işğalına, istilasına məruz qalıb. Monqollar Xorasanı darmadağın edib, əhalinin yarısını qılıncdan keçiriblər. Çingiz xanın nəvəsi Hülakü xan və onun törəmələri İranı ta 14-cü əsrə qədər işağl altında saxlamayıblarmı.

14-cü əsrin sonrlarında özbək fateh Əmir Teymur İran üzərində öz dövlətinin hökmranlığını qurmayıbmı, oğlulları Şahruxu və Miranşahı Xorasana, Təbrizə canişin təyin etməyibmi?  Sonra Teymurun nəvələrindən Hüseyn Bayqara Heratı paytaxt edərək İrana hökmdarlıq etməyibmi?

Yalnız Şah İsmayılın dönəmində, türk qızılbaş tayfalarının ortaya çıxmasıyla İran müstəqillik əldə edib. Şah Xətai İranı dirçəldib, Səvəvilər dövləti qurub, ərazisini genişləndirib. Ondan sonra yenə türk oğlu Nadir şah Avşar hakimiyyətə gəlib, İranı böyüdüb. Fars Kərim xan Zəndin qısa çəkən hakimiyyətindən sonra yenə türk Qacarlar İranı 130 il, ta 1925-ci ilə qədər idarə edib, qoruyub-saxlamağa çalışıblar.

Bu dövrdə Qacarlar dövləti rus imperiyasının hücumuna məruz qalıb, general Paskeviç Təbrizi işğal edib, Qafqaz torpaqlarını ondan qoparıb.

1918-ci ildə Britaniya qoşunları bütün İran ərazisini işğal ediblər.

Fars kökənli Rza şah Pəhləvi 1925-ci ildə Qacarlar sülaləsini devirib özünü şahənşah elan etsə də, II dünya müharibəsində müttəfiqlər – ABŞ, Britaniya, SSRİ İrana qoşun yeridərək, onun özünü devirib, sürgünə göndərib, yerinə oğlunu oturdublar.

ABŞ və Britaniyanın bu ölkənin üzərindəki patronajlığı 1979-cu ilə qədər davam edib. Yalnız islam inqilabından sonra İran müstəqil dövlətə çevrilib.

Türk tayfaları olan Səfəvilərin, Afşarların və Qacarların hökmranlıq illərin nəzərə almasaq, İranın 2 min illik dövlətçilik tarixi işğallarla, müstəmləkə durumuyla, istilalarla doludur. İndiki rəhbərlər bu ölkənin türk ictimaiyyətinə dodaq büzürlər, amma İran məhz onların dönəmində öz dövlətçiliyinə malik olub. Görünür, müasir hökm edənlər tarixi unudurlar, yeri gəldi-gəlmədi şir-pələngdən danışırlar.

Şah İsmayıl olmasaydı, o şir hələ çox yatacaqdı. Nadir şah həmin şiri aparıb Hindistana çıxarmasaydı, fəth nədir, bilməyəcəkdi. Qacarlar İran şirini bəsləməsəydi, bu gün İran yenə də yadellilərin tapdağı altında olan bir yer olacaqdı.

Ona görə də qoy İran liderləri öz qonşularıyla dinc, yanaşı yaşamağı öyrənsinlər, hansısa qorxularına yenik düşüb məzhəb qardaşlarını, min illərin müttəfiqlərini, İran dövlətini qoruyucularını ayağa verməsinlər.