Elə şeylər var ki, lap qədimlərdən bəri mübahisə mövzusu deyil. Məsələn, dünyanın heç bir yerində qatığın, mazutun, otun rəngi üstündə mübahisə etmirlər. Hamı qəbul edib ki, biri ağ, biri qara, o biri yaşıldır.
Belə şeylər çoxdur. Dünyanın kürə formasında olmasına dair mübahisələrə də 2-3 yüz il əvvəl son qoyulub. Hərçənd 3-4 il qabaq Türkiyədə bir üləma bu mübahisəni təzədən qızışdırmaq istədi, dedi, Yer əslində kürəşəkilli deyil, düppədüzdür, amma ona fikir verən olmadı. Ona görə ki, bu artıq aksiomadır.
Günəşin mövcudluğu da aksiomadır, fəsillərin və nəsillərin dəyişməsi də. Dəqiq elmlər bir çox mübahisələrin vacehinə yetib, prinsipcə, höcətləşmələrə son qoyub, amma tarix, ədəbiyyat, fəlsəfə sahəsində, mədəniyyət və incəsənət sferasında uzun-uzadı, sonu görünməyən mübahisələr etmək mümkündür.
Budur, çəkələk və “Kalaşnikov”la Əfqanıstanda hakimiyyəti götürən “Taliban” təşkilatının üləmaları bəyan ediblər ki, musiqi haramdır, ona görə də qadağandır.
İndi bizim kimi ölkələrdə mübahisə düşüb. Dünyəvilik tərəfdarları deyirlər, haram niyə olur, bəşər oğlunun icad etdiyi 2-3 yaxşı şeydən biri məhz musiqidir (o biri yaxşı şeyin biri kibrit, digəri hamam ola bilər – burası mübahisəyə açıqdır). “Taliban” zehniyyətinin tərəfdarları da deyirlər ki, yox, haramdır, şeytan əməlidir.
Şair Mirzə Sakit bu xüsusda əks-arqumentlə çıxış edib, yazıb ki, bəs azan özü musiqi üstündə oxunmurmu.
Yerli “üləma”lardan biri haqsız durumda qalacaqlarında narahat olaraq yazıb ki, yox, musiqi o qədər də haram deyil, amma musiqi aləti haramdır. Belə anlaşılır ki, musiqi müşayiəti olmadan oxumaq, məsələn, rep demək olar, yetər ki, tar, qaval, zurna səsi gəlməsin. Yeri gəlmişkən, zurnanın səsi adamın sümüyünü oynatdığı üçün daha haram alət sayıla bilər, violençel də qıraqdan baxanda toppuş qadınların əndamını xatırlatdığı üçün.
Bəs bütün günü gül-çiçəkli bağçalarda cəh-cəh vuran, eşq nəğmələri oxuyan bülbül necə olsun? O da 1000 ildən sonra donuza tay olur axı. Onu da deyim ki, hələ sovet dövründə Gəncə tərəflərdə “donuz kababı”nın kod adı “bülbül kababı”ydı, bu cür təamlar verən restorana girəndə “ordan beş-altı şiş bülbül qoy” deyirdilər.
Xüləs, mübahisə artıq başlayıb və yaxın günlərdə xeyli yoğunlayacağı gözlənilir. Sağlığında bir gün görməyən Qəmbər Hüseynlini (“Cücələrim”in müəllifi) yenə repressiya etməsələr, yaxşıdır.
Tibb elmi də artıq sonsuz və şiddətli mübahisələrin debat, polemika, diskussiya və sair höcətləşmələr poliqonuna çevrilib.
İki il davam edən mübahisələrdən sonra koranavirusun pis xəstəlik olduğu barədə ortaq məxrəcə gəlmişdik ki, təzə mübahisə predmeti yarandı: vaksin faydalıdırmı, ziyanlıdırmı; vaksin vurduranlar çox ölür, yoxsa vurdurmayanlar; vaksin dini baxımdan halaldırmı, haramdırmı və s.
Alimlər kərəvəngə qalıb, bir saat çənəyə verir, mühazirə oxuyurlar, haqlı olduqlarını sübut edə bilmirlər. Amma “üləmalar” yek kəlməylə deyirlər ki, vaksin haramdır, həm də faydasızdır, şəkk edən olmur. Yerli cühəlalar da deyirlər ki, alə, kişi olan kəs vaksin vurdurmaz. Hökumət özbaşına qoysa, yaxın günlərdə vaksin vurduranların peysər çıxarılması kampaniyası başlaya bilər.
O gün mən də sosial şəbəkədə yazmışam ki, insanlar məsuliyyətli olmalıdırlar, bir-birlərini yoluxdurmamalıdırlar, bunu etmək mümkündür. Bir-iki nəfər də mübahisə açıb ki, yox, mümkün deyil.
Amma burada mübahisə predmeti yoxdur axı. İki ildən bəri koronavirusa yoluxmayan və heç kəsi yoluxdurmayan milyonlarla adam var. Onlar diqqətli şəkildə qorunurlar və yoluxmurlar. Demək, mümkündür. “Koranavirus boş şeydir”, “vaksin haramdır”, “mənə hessad olmaz”, “Allahdan ipin üzülməyibsə, heç nə olası deyil” deyən və maskasız, səllimi gəzən adamlar olduqca, təbii ki, qorunmaq mümkün olmayacaq.
Koronavirusun da dili-ağzı yox, şüuru yox, olsaydı, məhz onu təhlükəli virus saymayanları tutub aparardı, bəşəriyyətin də canı qurtarardı.
Budur, bir qonşudan mahnı səsi gəlir, o biri poliklinikaya vaksin vurdurmağa gedir, biri də mağazadan pivə alıb gəlir. Görün, necə bir haram ortamda yaşayırıq…