Bizi (eləcə də dünyanı) məhv edə biləcək 3 şey varsa, biri də cəhalətdir, nadanlıqdır, kor-koranəlikdir.
Budur, iki ilə yaxındır ki, ya təbii yolla əmələ gəlmiş, ya da biokimyəvi laboratoriyalarda süni şəkildə yaradılmş (artıq fərqi yoxdur) qorxulu virus bəşəriyyəti təhdid edir, amma insan oğlu hələ də onu ciddiyə almayıb.
Bu 1 il 10 ayda milyonlarla insan o qorxulu virusa yoluxub, yüz minlərlə insan virusun tətiklədiyi xəstəliklərdən ölüb, planetin elə bir guşəsi yoxdur ki, o gözəgörməz bəla oraya sirayət etməsin, fəqət “inanmıram, boş şeydir” deyib dirəşənlər var.
Startda onların sayı lap çox idi. Bir qismi “əqidələrinə sonadək sadiq qaldılar”, qorxmadılar və yoluxub öldülər. Bir xeyli adam sonradan fikrini dəyişdi, özləri və əzizləri yoluxunca, “öldüm-öldüm”ə düşüncə təhlükənin miqyasını, ciddiliyini anladılar, yarıyoldan qayıtdılar. İnamsızların içində xüsusi tip inadkarlar da var, onlar koronavirusa yoluxublar, ölümün nəfəsini hiss ediblər, amma yenə də dediklərini deyirlər. Onlar islaholunmaz adamlardır.
Bizim ölkənin əhalisinin əksəriyyəti də təxminən yarım il koronavirusla, onun mövcudluğuna inanmayaraq mübarizə apardı. Sonra o virus onların tanıdıqlarına, sülalələrinə, yaxınlarına ard-arda zərbələr vurduqca, o fikrə gəldilər ki, bununla zarafat olmaz, qorunmaq lazımdır.
Görülən preventiv tədbirlər nəticəsində koronavirusa yoluxma və ölüm statistikası azalan kimi ictimaiyyət ciddi bir dirənişə başladı: rayonlara gediş-gəliş bərpa olunsun, qapanmalar azalsın, toylara, şənliklərə icazə verilsin, açıq havada maska taxılması yasağı götürülsün və sair və ilaxır. Uzun sürən mübarizə öz bəhrəsini verdi, məhdudiyyətlər bir-bir, iki-bir azaldıldı.
İndi acı nəticə ortadadır: yoluxma və ölüm statistikası heç vaxt olmadığı qədər şişməyə başlayıb. Hər kəsin tanıdıqları arasında ölümlər artıb. Necə deyərlər, təhlükə qapıdadır. Koronavirusun bir-iki ilin içində tibb elminə ram olacağına bəslənən ümidlər çilik-çilik olub.
Hazırda “dirənişçi insan oğlu” başqa bir mübarizə səngəri qurub. Bu dəfə də adamlar vaksinlərə qarşı “mübarizə”yə girişib. “Heç bir xeyri yoxmuş”, “vaksin vurduran da yoluxur, vurdurmayan da”, “Allah bilir, sonra nə fəsadlar törədəcək”, “filankəslər iki doza vaksin almışdı, indi ağır vəziyyətdədirlər”, “heç bir xeyri olmayan preparatı xalqa sırıyıb pul silirlər”, “özləri niyə vurdurmur, demək, bir şey bilirlər” (“özləri” – burada böyük vəzifəli adamları ehtiva edir), “bu, vaksin istehsal edən şirkətlərin oyunudur” və sair və ilaxır.
Müqavimət o qədər güclüdür ki, hökumət birbaşa və dolayısı yolla insanları vaksin vurdurmağa təşviq etməsə, bu işi könüllülüyə buraxsa, xalqın yüzdə 60-ı vaksin vurdurmayacaq və özlərinin, yaxınlarının, eləcə də bütün məmləkət əhlinin sağlamlığını təhdid altında qoyacaq.
Gerçəkdən də qəribə işdir. Son 50 ildə tibb elmi və həkimlər təkcə bizim ölkəmizdə milyonlarla insanı ölümdən xilas edib. Buraya adi kor bağırsaq əməliyyatından tutmuş, ürəyə stent qoymağa qədər adi və mürəkkəb əməliyyatlar, sair terapiyalar aiddir. Adi apendisit partlamasından ölənlərin el arasında “vurğun vurdu, öldü” kimi qələmə verilməsi halları çox da uzaq keçmişdə deyil. Elə bir ailə olmaz ki, onun bir və ya bir neçə fərdi tibb elminin, həkimlərin sayəsində həyata qayıtmasın. Bununla belə, yenə də tibb elminə inamsızlıq var.
Bu, haradan qaynaqlanır? Başqa heç nədən, yalnız cahillikdən, nadanlıqdan. Bir də bilə-bilə, qəsdən tibb elminə inamsızlıq yaradan fırıldaqçılar var. Onların çörəyi bundan çıxır və var qüvvələri ilə çalışırlar ki, insanlar tibb professorlarının yanına yox, hansısa “ağır seyid”lərin ocağına, ölkə hər yanında olan pirlərə, “əlində şəfa olan” dələduzlarn yanına getsinlər. 21-ci srin 21-ci ilində hələ də orta məktəbi ölüm-zülm bitirmiş bisavad birinin tüpürcəklə xərçəng xəstəsini sağaldacağına inanan yüz minlərlə insan var.
Halbuki son 50 ildə o “ocaq”lar, “pir”lər bir nəfəri belə sağaltmayıb, həyata qaytarmayıb. Belədirsə, bəs onlara bu qədər inam haradandır? Yenə də cahillikdən, nadanlıqdan. Bir də fırıldaqçıların, din tüccarlarının düzüb qoşduqları əfsanələrdən. Onlar vaxtaşırı “möcüzəvi şəfa” haqqında nağıllar uydururlar. Hamısı da yalan-palan. Yüz minlərlə insan isə bu nağıllara gözübağlı inanır.
Uzun sözün kəsəsi, qoy heç kəs tibb elminə müqavimət göstərməsin, canının qədrini bilsin.