Sovet vaxt maaş cədvəlinə qol şəkən hər bir şəxsin evinə ən azı 3-4 qəzet girirdi. Hökumət camaatı zorla mətbuat abunəsi edir, maarifləndirirdi. Hamının “Kommunist” qəzetinə abunə olması isə məcburiydi.
Ona görə də hər evə, kollektivə daxil olan “Kommunist” qəzetinin sonuncu səhifəsində, “Qış etüdləri” rubrikasında dərc olunmuş bədii foto təyinatla işlədiyim rayonda böyük qalmaqal doğurdu. Qəzetdə fotosu çıxan adamları çox adam tanıyırdı.
Foto Bakı bulvarında çəkilmişdi. İki gənc – bir oğlan və bir qız romantikcəsinə bir-birinə baxırdılar. Paltolu, şərfli oğlan dəbli xəz palto geymiş qızın biləyindən yapışmışdı. Başqa adamlar hesab edə bilərdilər ki, bunlar təzə evləniblər, bal ayına çıxıblar. Amma bu rayonun camaatı bilirdi ki, onlardan sadəcə biri – oğlan (daha dəqiqi, kişi) evlidir. Qız isə subay-salıq idi.
Məsələni qəlizləşdirən amil o idi ki, oğlan rayonun icraiyyə komitəsində şöbə müdiri idi, qız isə hərbi komissarlıqda qeydiyyat işlərinə baxırdı. Adları yadımdadır, amma biz onları şərti adla – Ağabəy və Seva kimi qeyd edək.
Qalmaqalın ilk günlərində hesab olunurdu ki, onların ikisini də işdən çıxaracaqlar. Axı sovet ailəsinə yaraşmayan hərəkət etmişdilər, rayondan basa-basa Bakıya getmiş, orada eşq saatları yaşadıqları yerdə namərd fotoqrafa yaxalanmışdılar. Şəklə baxanda, Tağı Əhmədovun sözü olmasın, aşağı ətrafın mütəhərrik hərəkətlərinin yeri yox idi, fotodan eşq tökülürdü. Bəlkə də çimərlik şezlonqunda yanaşı şəkli çıxan adamlar əlaqələrini dana bilərdilər, amma “Qış etüdləri”ndəki faktı danmaq mümkün deyildi.
Aşiqləri işdən çıxarmadılar. Sonradan elə oldu ki, mən onların ikisi ilə də bir audensiyada oldum. İcraiyyə komitəsində işləyən dostumun yanında olarkən Ağabəy də qonşu otaqdan keçib gəldi və 4-5 lətifə danışdı. Hərbi komissarlığa qeydiyyatla bağlı işim düşəndə isə Seva ilə üzləşəsi olduq. Onsuz da sarıya çalan saçını kimyəvi preparatla bir az da saraldan və Sezən Aksu stilində kare kəsdirən, o vaxt üçün ultramüasir tərzdə geyinən bir qız idi.
Camaat, türkün sözü, bu yasaq eşq barədə bir-iki həftə danışıb, söylənib, susdu. Əslində Ağabəyi qınayan-filan yox idi, əksinə, rayonun ən gözəl qızı ilə gəzdiyinə görə hörməti artmışdı. Halbuki burada bircə nəfər xəyanətkar vardısa, o da o idi. Qızın isə yalnız dalınca nəsə deyə bilərdilər, qız üzünə söz deyəni cırıq-cırıq edəcək formada (həm də fiziki baxımdan) idi. Atası Rusiyada hərbi hissə komandiriydi, anası da “qızım yetkin insandır, öz şəxsi həyatını öz bildiyi kimi qura bilər” deyəcək biri idi. Üstəlik, ortada qardaş, əmoğlu, dayoğlu, xaloğlu kimi namusqoruyucu elementlər də yox idi.
Bu baxımdan Ağabəyin bəxti gətirmişdi. Yoxsa qızın qeyrətli qohumlarından biri onu yorta bilərdi.
Bəs Ağabəyin həyat yoldaşı bu işə nə deyib? Tarix o barədə susur. Güman ki, xanım bir az çığırıb-bağırıb, sakitləşib. Hər halda, o, Ağabəyi bağışlamış, ailəsini dağıtmamışdı. Ağabəy də dostlarına lətifə danışa-danışa gəzir, söz sözü gətirəndə də “Kommunist” qəzetindəki “Qış etüdləri” rubrikası üçün şəkil çəkən fotoqrafı söyürdü.
İndi təsəvvür edin ki, elə bir hadisə şəriət dövlətlərinin birində baş verib. Yəni bir ailəli kişinin bir subay qızın biləyindən yapışdığı yerdə şəkli çıxsa, nə olardı? (əslində elə şəkil mediada çıxa bilməzdi, amma əxlaq keşikçilərinin əlinə düşə bilərdi).
Zina faktı təsdiqlənincə, qızın sarı saçlarından yapışıb sürüyə-sürüyə qışlaq meydanına aparardılar, orada daş-qalaq edib öldürərdilər. Bir xarici jurnalist də onun şəklini çəkər, adını “Qışlaq etüdləri” qoyardı.
Bəs Ağabəyə nə edərdilər? Onu da babat şallaqlayardılar, bir neçə ay lətifə danışa, bal yeyə bilməzdi, amma ikinci arvad almağına da icazə verərdilər ki, daha bir cüvənəzən alıb qoysun evə, qoltuğuna vurub başqa şəhərlərə “xəbəri yoxmuş kimi” şəkil çəkdirməyə getməsin.
Bax, indi “Taliban” Əfqanıstanda qoşa gəzən ağabəyləri və sevaları zəlil edəcək.
Halbuki onların qoşalaşıb Bakı bulvarına getmələri və gəzmələri rayon camaatına mane olmurdu. O foto olmasa, heç kəsin heç nədən xəbəri olmayacaqdı.
İndi onlar yaşlı baba-nənədirlər. Əldə qalan isə “Kommunist” qəzetinin saralmış 4-cü səhifəsidir. Hər halda, onu Ağabəyin xanımı saxlamış olar – hərdən bürmələyib ərinin gözünə soxmaq üçün…