Əfqanıstanda baş verənlərin bütün dünyada, o cümlədən ölkəmizdə ictimai ajiotaj doğurması, uzun-uzadı müzakirələrə səbəb olması tam təbiidir.
Bir terror təşkilatının hücum edərək dövləti ələ keçirməsi hələm-hələm baş vermir. Bu, nə saray çevrilişlərinə bənzəyir, nə də hərbi çevrilişlərə. Bu, nadir olaylardandır.
Səudiyyə Ərəbistanı və BƏƏ-dən başqa bütün dünyanın, eləcə də BMT-nin “terror təşkilatı” kimi damğaladığı “Taliban” indi dövlət idarə edəcək.
Üstəlik, onun ideologiyası sirayətedici türdən olduğu üçün dünyəvi dövlət modelinə malik olan bütün qonşularına təhdiddir.
Əfqanıstan bizimlə qonşu dövlət sayılır – aramızda cəmi bir dövlət var.
Vaxtilə cihada qoşulmaq üçün ölkəmizdən o ölkəyə gedənləri, “din davası” aparan “qardaş”lara buradan dəstək verənləri, açıq rəğbət bəsləyənləri nəzərə alsaq, Əfqanıstan məsələsinin müzakirəsinin bizdə Qvatemala və Yeni Zelandiyadakından daha geniş olmasının səbəbi anlaşılar.
İndi ölkəmizdə də “Taliban”ın hakimiyyətə ikinci gəlişinə ümidlə yanaşanlar çoxdur. Onlar hesab edirlər ki, bu dəfə “taliblər” keçən dəfəkindən daha mötədil olacaqlar, insan azadlıqlarına daha çox hörmət qoyacaqlar, qanunsuz edamları azaldacaqlar və s.
Ola bilər, bir neçə ay belə olacaq – “Taliban” hakimiyyətdə möhkəmlənənə, lokal müqavimət ocaqlarını tam söndürənə qədər.
Amma sonra bu təşkilat yenə də öz bildiyi yolla gedəcək – qanunsuz edamları qanuni, şəriət məhkəmələrinin çıxardığı edam hökmləri əvəz edəcək. Qadınlar yenə də kölə yerinə qoyulacaq, əmtəə kimi alınıb-satılacaq. Cinsindən asılı olmayaraq bütün yeniyetmələrə seksual zövq predmeti kimi baxılacaq. Elə indidən 12 yaşdan yuxarı qızların və 45 yaşdan aşağı dul qadınların toplandığı, terorçular arasında “hərbi qənimət” kimi bölüşdürüldüyü barədə informasiyalar var.
Dini fanatizm əsasında formalaşmış terror təşkilatından başqa nə gözləmək olar?
Onlar müasir dünyanın standartları ilə hesablaşmır, onu kökündən qəbul etmirlər. Nə qadın haqları? Nə mətbuat azadlığı? Nə siyasi plüralizm? Nə təqsirsizlik prezumpsiyası? Quldarlıq quruluşunun standartlarını tətbiq edən “Taliban” üçün bütün bunlar absurd məfhumlardır.
İnterneti, peyk antenini, adi televizoru, stol-stulu, musiqini, normal, rahat geyimi haram buyuran, insanları daş dövründə olduğu kimi yaşamağa məcbur etmək istəyən bir təşkilat sözünün qabağından söz deyənlərə təhəmmül edəcəkmi? Əsla.
Əfqanıstanda yaşayan digər xalqlar hər hansı bir hüquqa malik olacaqlarmı? Qətiyyən. Hakimiyyətə gələnlər pəştun (puştu) faşistləridir və ölkədəki digər xalqları – tacikləri, özbəkləri, türkmənləri, xələcləri xor görür, onlardan yalnız sözsüz itaət tələb edirlər. Bir az o yan-bu yan olsa, dünya ictimaiyyəti Əfqanıstanda, ötən əsrin axırlarında Ruandada baş verən tutsi genosidinin təkrarını görəcək.
Ona görə də indidən tam əminliklə demək olar ki, bu hakimiyyət Əfqanıstana, onun yaxın qonşularına fəlakət gətirəcək.
Bu təfəkkür tərzi ilə heç bir sferada inkişafa nail olmaq mümkün deyil. Təhsil tamamilə yox olacaq – elə indidən qızların təhsilinə, qadın müəllimələrin dərs deməsinə yasaq var.
Səhiyyə deyilən şey qalmayacaq – “Taliban” vaksinə, kimyəvi preparatlara, müasir müalicə üsullarına qarşıdır, qadınlar kişi həkimlərdə müayinə oluna, qadın tibb işçiləri kişilərə iynə vura bilməzlər və s. Cəhalətin dibi.
Bundan sonra Əfqanıstan olsa-olsa 1 nömrəli ideoloji və maliyyə dəstəkçisi olan Səudiyyə Ərəbistanının boz kölgəsi kimi bir şey olacaq. Yenə Səudiyyə neftdən gələn milyardlara malikdir, Əfqanıstanın isə yalnız narkotik xassəli plantasiyaları var, onun da leqal bazarı yoxdur.
Yeri gəlmişkən, “taliblər”in hər dəqiqə istinad etdikləri Quranda insanı sərxoş və bihuş edən bütün içkilər və digər maddələr haram buyrulduğu halda Əfqanıstanda narkotik maddələr istehsalı davam edəcəkmi? Edəcəksə, bu, nə dindarlıq oldu? Elə çıxır ki, adamın özü haram maddə qəbul etmirsə, amma milyonlarla başqasını zəhərləyirsə, halaldır.
Bu hadisə göstərdi ki, dünya cəhalətdən, totalitarizmdən, zülmdən arınmaq üçün çox uzun yol keçməlidir. Bu tip quruluşlar, təşkilatlar, ən ümdəsi vəhşi insanlara xas təfəkkür tərzi qaldıqca, ayrıca götürülmüş bu və digər ölkələrdə haqq-ədalətin bərpası mümkün olmayacaq. Bir terror təşkilatı gedəcək, yerinə başqa biri gələcək.
Uzun sözün kəsəsi, “Taliban”dan haqq-ədalət, insaf-mürvət gözləmək ac timsahdan mərhəmət gözləmək kimi bir şeydir.