Hər ilin bu günləri sosial şəbəkələrdə təbrik təbrikə qarışardı: qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin valideynləri və digər əzizləri onlar haqda paylaşımlar edər, minlərlə adam bu sevinci bölüşər, gələcək tələbələri də, onların yaxınlarını da böyük səmimiyyətlə təbrik edərdilər.
Burada “böyük səmimiyyətlə” kəlməsi heç də gəlişigözəl sözlər deyil. Gerçəkdən də bu ölkənin insanları 650-700 bal toplayan abituriyentlər haqda informasiyanı oxuyarkən, tanısalar da, tanımasalar da, böyük fərəh hissi yaşayırlar. Ona görə ki, bu şüurlu vətəndaşlar 17-18 yaşlı, amma bu qədər savadlı gəncləri millətin gələcəyi hesab edirlər, hər dəfə əmin olurlar ki, məmləkəti cəhalət basmayacaq, savadlı gənclər yetkinləşəcək, xalqın avanqard qüvvəsi olacaqlar.
Bu il isə fərqli oldu: qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin uğuru barədə paylaşımlar nəinki azdır, hətta müvəffəq bal toplayıb tələbə adı qazanmış namizədlərə dair informasiyalar da çox deyil. Ötən illərlə müqayisədə fərq bir neçə dəfədən artıqdır.
Son 3 ildə Dövlət İmtahan Mərkəzinin yeritdiyi məqsədyönlü siyasət öz nəticələrini verir: artıq abituriyentlər yüksək bal toplaya, necə bir “vunderkind” olduqlarını göstərə bilmirlər.
Bu xətt 2019-cu ildən sonra götürüldü. Nəyə görəsə DİM abituriyentlərin 700 (eləcə də 670-dən artıq) bal toplamasından çox narahat olurdu. Testlərə çaşdırıcı, ali məktəb həcminə aid, arxaik suallar salmaq təmayülü başlandı. Göz-görəsi çalışırdılar ki, abituriyentlər ölkənin ən yaxşı universitetlərinin ən yaxşı fakültələrinə asanlıqla qəbul oluna bilməsinlər, 5-i qeyd-şərtsiz keçsə də, 3-ü buna müvəffəq olmasın, 7-si o yerlərdən gözünü çəksin və s. (eyni hal müəllimlərin işə qəbulu üçün keçirilən imtahanlarda da müşahidə olundu – testdə xeyli səfeh suallar vardı).
İndiki abituriyentlər ən yaxşı ali məktəblərə qəbul olunmaq üçün 2018-ci ildə imtahan verən məzunlardan iki dəfə çox kitab oxumalıdırlar, iki dəfə az yatmalıdırlar, repetitorlara iki dəfə artıq pul vəsaiti ödəməlidirlər.
Son 3 ildə “bunker müəllimləri” adlanan repetitorlar kateqoriyasının qiyməti, qonorarı da xeyli artıb. Çünki DİM üçün test sualları hazırlayan, buna görə də bu qurumun “bunker”inə girişi-çıxışı olan yeni müəllimlər abituriyentlərə təkcə savad, təlimat vermirlər, həm də sualların konkret olaraq hansı kitablardan, hansı istiqamətlərdən düşəcəyini deyirlər və “imkanlı abituriyent” 7 başqa cür kitab oxuyub, gözünün yağını əritmir, vaxtını boşuna sərf etmir, lazımi kitablardakı sualların cavablarını “nöqtə atışıyla” (daha dəqiqi, “nöqtə baxışıyla) əzbərləyir. Bu cür abituriyentlərin ”bunker müəllimləri” ilə əlaqəsi olmayan tay-tuşları isə çoxlu başqa, lüzumu olmayan kitablar da oxumalıdır ki, testə düşəcək sualın cavabını bilsinlər. Bu tendensiya abituriyentlər arasında haqsız rəqabət yaradır.
Keçən il imtahan verən gənclər bu barədə çox danışırdılar, amma səsləri bir tərəfə çıxmadı. Sınaq imtahanlarında daha aşağı nəticə göstərən abituriyentlər qəbul imtahanında gözlənilmədən daha yüksək nəticə göstərmişdilər. Araşdıranda məlum olurdu ki, xüsusi bilik və zəkaya malik olmayan bu gənclərin, demək olar, hamısının repetitoru “bunker müəllimləri”dir və bunlar testə hansı sualların düşəcəyini bilirmişlər.
Belə anlaşılır ki, bizi yavaş-yavaş, hiss etdirmədən, mərhələ-mərhələ sovet dövrünün qəbul imtahanlarına qaytarırlar. Hər il bir “islahat”, hər il bir “yenilik”… Bir də görəcəyik, hüquq, tarix, şərqşünaslıq, müalicə-profilaktika, nəqliyyatın idarə edilməsi və s. “prestijli” fakültələrə qəbulun preyskurant cədvəlinin qarşısında durmuşuq və bu cür fakültələrə yüksək ranqlı məmurların, oliqarxların övladlarının pul-para gücünə qəbul edilməsi faktı ilə barışmışıq.
Yaşlı nəslin nümayəndələri bilir, o vaxtlar ölkənin ən yaxşı universitetlərinin ən yaxşı fakültələrinə qəbul olunmaq üçün böyük məbləğlərdə rüşvət vermək lazım gəlirdi. Öz biliyi ilə qəbul olunmaq istəyənlər üçün kiçik bir kvota (15-20 faiz) vardı.
Bir sözlə, bu gedişlə 3-4 ilə çirki pul dövriyyəsi bir neçə milyard manat ola biləcək industriyanın – “tələbə qəbulu sənayesi” bərpa olunacaq. Bütün yollar ora aparır.
Saxta diplomlu deputatlar və digər məmurlarla bağlı qalmaqal da göstərir ki, vaxtilə onlar öz universitetlərimizə daxil ola bilməyiblər və xaricə üz tutublar. Bu cür oxumağa, təhsil almağa tənbəllik edən, amma böyük vəzifələr tutmağa can atan savadsız və fəndgir adamlar gələcəkdə də olacaq, həmişə yağlı yerlərlə, üst mərtəbələrə soxulmaq istəyəcəklər. Onların əsas arzusu odur ki, necə olur-olsun, dağa-daşa düşməsinlər, xarici ölkələrdə “kitayski” universitetlərə bir ətək pul ödəyib saxta diplom almasınlar, həmin pulu öz ölkəmizdə xərcləsinlər, əvəzində əsl diplom alsınlar ki, sonra hər hansı bir söhbət də çıxmasın.