Ölkəmizdə vaxtaşırı qabaran mövzulardan biri də jurnalistlərin peşə təhsili məsələsidir. Bu dəfə o mövzunu parlamentin deputatı Etibar Əliyev qaldırıb.
Jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyi ilə bağlı ajiotaj doğuran söz-söhbətlərin fonunda bu məsələ bir növ jurnalistləri haqsız duruma salmaq üçün aktuallaşdırılıb, amma fərqi yoxdur, əsas odur ki, belə bir problem var.
Məsələ ondadır ki, bu ölkədə kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin baza ixtisası jurnalistika ilə bağlı deyil. Aralarında jurnalistikaya yaxın filoloq və kitabçılar da var, amma onlar da azdır.
(Əslində o ixtisasın adının kitabxanaçılıq qoyulması əzəldən yanlış olub, çünki BDU-nun kitabxanaçılıq fakültəsi kitabxanaçı buraxmırdı, nəşriyyat işiylə, kitab redaktəsi, poliqrafiyası ilə məşğul olan ali təhsilli kadrlar yetişdirirdi. Kitabdan qəzetə isə yarım qarış məsafə var).
Bu sətirlərin müəllifi ixtisasca jurnalist deyil. Tanıdığım istedadlı qələm adamlarının, tanınmış imza sahiblərinin bir xeylisi də başqa universitetlərin, yazı-pozu işindən uzaq fakültələrin məzunlarıdır. Onların hamısının adını saymağa lüzum yoxdur.
Bundan daha asanı ixtisasca jurnalist olan və hazırda hansısa KİV orqanında çalışan şəxslərin adını saymaq olar. Onlar olduqca azdır, az qala dörd əlin barmaqlarının sayı qədər olarlar.
Bəs bu niyə belə olub? Jurnalist ixtisası üzrə təhsil alanlar nədən mediadan uzaqdırlar, yaxud da bu sahədə xüsusi istedadı, bilik və bacarığı olan şəxslər niyə jurnalist ixtisası üzrə təhsil almayıblar?
Bunun sirri sovet dövrünün son 20-30 ilində gizlənir. Yazıçı Əlfi Qasımovun “Adilənin taleyi” romanını oxuyanlar bunun nəyə görə belə olduğunu anlaya bilər.
Məsələnin qıza məğzi belədir: ötən əsrin 70-80-ci illərində BDU-da 4 prestijli fakültədən biri jurnalistikaydı (o birilər – hüquq, şərqşünaslıq, tarix). Bir çox imkanlı adamlar övladlarını yazı qabiliyyəti olub-olmamasına baxmayaraq, məhz jurnalistika fakültəsinə yerləşdirirdilər. Çünki jurnalist peşəsi həm təhlükəsiz idi, həm də TV-də, qəzetlərdə çalışan jurnalistlər hər kəsdən hesab sora bilirdilər.
Bundan başqa, jurnalist ixtisası qazandıqdan sonra partiya və komsomol strukturuna, hüquq-mühafizə orqanlarına keçid etmək də mümkün və asan idi.
Beləliklə, bu fakültəyə düzəlməyin “qara bazar” qiyməti qalxmış, hüquq fakültəsi ilə tən olmuşdu. İmkanlı ailələrin ömründə iki bədii kitab oxumayan, bir inşa yazmayan övladları ard-arda jurnalistika fakültəsindən məzun olurdular və təbii ki, çoxu ixtisası üzrə işləyə bilmirdi, çünki yazı yazmağı bacarmırdılar.
O vaxt bizim kimi 12-13 yaşından jurnalist olmaq istəyən gənclər bu prestijli fakültəyə yaxın düşə bilmirdilər, müsabiqə böyük, hansısa mərhələdə ələnmək təhlükəsi real idi. Ona görə də biz ali təhsil almaq üçün başqa institutları seçdik.
SSRİ-nin dağılmasıyla ölkədə çox şey demontaj oldu, müstəqil qəzetlər yarandı, test üsuluyla qəbul həyata keçirildi, vaxtilə jurnalist olmaq istəyən gənclərə gec də olsa, qapı açıldı. Gəldik, uğurlu fəaliyət göstərdik, bir neçə ilə imzamız tanındı.
Daha sonra, müstəqillik dövründə daha prestijli ixtisaslara qəbul olunmaq üçün balı yetərli olmayan gənclər məcburiyyət üzündən jurnalistika fakültəsini seçdilər, yazı yazmaq qabiliyyəti və ehtirası olmasa da, formal olaraq bu ixtisası qazandılar, amma sonra heç bir KİV-də çalışmaq istəmədilər, ya da istədilər, amma bacarmadılar.
Beləcə, boşluq əmələ gəldi. Bu sahəyə az-çox yazı qabiliyyəti və həvəsi olan, amma başqa ixtisaslara yiyələnmiş və açığı, öz peşəsi üzrə iş tapmayan adamlar axışmağa başladı. Mətbuat yeganə sahəydi ki, burada işə düzəlmək üçün rüşvət tələb olunmurdu və baş redaktorlar reportyor, müxbir, redaktor işini öz qohum-əqrəbalarına, dost-tanışlarına yox, işi bacaranlara təklif edirdilər.
İndi durub jurnalistika sahəsində ixtisas çeşidləməsi aparsaq, ölkədə fəaliyyət göstərən KİV orqanlarının böyük əksəriyyətinin ştat vahidləri boş qalacaq. Ölkənin bütün ixtisaslı jurnalistlərini bir tavan altına toplasaq, bir-iki redaksiya güclə əmələ gələr. Hələ onlar da qeyri-ixtisaslı jurnalistlər, yazarlar qədər məhsuldar ola, koloritli, oxunaqlı yazı biləcəklərmi, sual altındadır.
Peşəcə zootexnik, elektrik, aqronom olan jurnalistin jurnalistika dərsi verən fakültələrin müəllimlərinin yazısını redaktə etdiyi bir ölkədə əlimizdə olanlara şükür etməkdən başqa çarə yoxdur. İndilik belədir. Çalışaq gələcəkdə sıralaramıza uşaqlıqdan jurnalist olmaq istəyən, bu peşəni ürəkdən sevən, böyüyəndən sonra ali təhsil alıb jurnalist olan gənclər qatılsın.