41 il qabaq, yəni Moskva olimpiadasının vur-çatlasın vədələrində ölkədə, xüsusilə Kirovabad (qədim və indiki Gəncə) tərəflərdə bir meyxana dəb olmuşdu, cəmi bir misrası yadımda qalıb: “Gənclərə dərmandı Gəncə ”Kazbek”i”.
İndiki cavanlar da bilər, o vaxt nəşəxorlar anaşanı “Kazbek” markalı, karton müştüklü, gödək ölçülü siqaretin tütünü ilə qarışdırır, eşir, təzədən siqaretin kağız borucuğuna doldurur, ucunu nazikcə burur, dəmi gələndə odlayıb, dərman kimi sümürürdülər. Bu proses yekə bir ritual idi.
“Kazbek” siqareti nəşəxorlar üçün tanınma nişanıydı. Kimin üstündə “Kazbek” aşkarlanardısa, bu, onun nəşəxor olmasının əlaməti sayılırdı. Ona görə də əqidəli siqaret çəkənlər hələm-hələm “Kazbek” alıb ciblərinə qoymazdılar. Başqa sözlə, prinsip beləydi: “İçinə nəşə doldurmayacaqsansa, ”Kazbek” almağa dəyməz, “Kazbek” almısansa, demək, içinə qoymağa bir şeyin də var”.
Hazırda o vaxtın nəşəxorlarının, salamat qalıblarsa, ən cavanının 60 yaşı var, ta gənc deyillər, tərgitmiş olarlar. İndi heç “Kazbek” eşən də yoxdur. Bu sahə də xeyli inkişaf edib, gənclər üçün yeni-yeni “dərman”lar çıxıb. Adlarını ona görə çəkmək istəmirəm ki, həm reklam olmasın, həm də, düzü, gərək onların dəqiq adını google-yə, baxım yazım.
Hərçənd adı çəkildi, çəkilmədi, şoqəriblərin növlərini əzbərdən bilənlər var, gecə saat 3-də yerlərindən qaldır, türkün sözü, uykudan oyat, uyuşdurucular haqqında 125 sual ver, 700 ballıq cavablar al.
41 il qabaq belə deyildi. Onda SSRİ Əfqanıstana yenicə daxil olmuşdu, əfqan müharibəsinə qatılan bəzi sovet əsgərləri andırın dadına yeni-yeni baxırdılar. Əksəriyyət isə bu tort-püsürdən uzaq dururdu.
Hər kənddə 1-2, hər qəsəbədə 4-5, iri şəhərlərdə 20-30 nəşəxor olardı, onlar da bu işə gizli-gizli “könül verərdilər”, açıb ağartmazdılar. Adamlar biləndə ki, filankəs nəşəxordur, çalışardılar onunla çox təmasda olmasınlar. Çünki o vaxt belə bir inanc vardı ki, nəşəxorların başı qəfildən çönür, ciblərindən bıçaq çıxarırlar, qanqaraçılıq olur.
Milislərin əlinə keçən nəşəxorlar və o mərəti onlara satanlar əlli-ayaqlı gedirdi. Amma indi vəziyyət çox dəyişib. 5-6 il əvvəl gecə qurutmağa qoyduğu anaşanı səhər yerində tapmayan sabirabadlı qardaş itiyinin kimin güdazına gəldiyini düzgün təxmin edərək birbaşa polis şöbəsinə şikayətə getmişdi ki, qonşum filankəs mənim marixuanamı oğurlayıb, xahiş edirəm, ölçü götürün. Polislər də lazımi ölçü götürmüş, hər ikisinin boyuna Həşimxanlı qamışı ölçərək türməyə göndərmişdi.
Uşaqlar danışır ki, Şəki-Zaqatala tərəfdə də bir nəşəxor sahədə min bir zəhmətlə becərdiyi məhsulu dərib, qurudub, həyətinə gətirib, yarpaqlarını çubuqlarından ayırıb, bir hovur dincəlmək istəyib, bir də görüb ki, təndir qalayan anası hallıdır. Heç demə, ağbirçək ana çətənə çubuqlarını təndirə doldurub yandırıb, tüstüyə düşüb.
Artıq ucqar kəndlərdə belə narkotik maddə aludəçiləri bir deyil, beş deyil, onlarladır. Hətta bəzi rayonlarda nəşə çəkməyənə pis baxırlar, dalınca “içmir, çəkmir, petux şeydir” deyirlər.
4-5 il qabaq bizi Ukraynanın Kremençuq şəhərdə fəaliyyət göstərən siqaret zavoduna aparmışdılar, müşahidə etdik ki, tütünü dəf-daraqla emal edir, filtrasiyadan keçirir, ekoloji təmiz pambıqdan filtr düzəldir, təmiz kağızlara bükür, bir sözlə, çalışırlar ki, insan orqanizminə zərəri daha az olsun. Amma təsəvvür edin ki, bir nəşəsatan bu ələfi kustar üsulla qurudur, çirkli torbalara, kibrit qutularına doldurur, “bazar”a çıxarır və camaatın uşağı bu zəhəri alıb ciyərinə çəkir.
Yəni heç olmasa, “təmiz şey” çəksələr, dərd yarıydı, tamam zir-zibil istemal edirlər.
Hazırda bu söhbət ona görə yoğunlayıb ki, narkomaniya ölkəni başına götürüb, böyüklər gənclər üçün çıxış yolu, dərman axtarırlar. Hələlik şoqəriblə mübarizə aparmağın effektiv yolunu tapa bilmirik. İldə bir dəfə “Xaş-xaş” əməliyyatı keçirib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına çöllərdə “ot” yoldurmaqla iş aşmır, nəsə başqa tədbir görülməlidir.
Bəlkə də Filippinin prezidenti Düterte kimi etmək, ən azı narkotacirləri içəri dürtmək lazımdır.
40 il qabaq bir türk mahnısı da vardı, içində belə sözlər keçirdi: “Gəl, kardeşim, nəşə gətirdim sana”. O vaxtın cavanları bu əsrarəngiz mahnını çox sevirdilər və bilmirdilər ki, Anadolu türkləri əslində nəşəyə “əsrar” deyir.