Sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan 9 nəfərin saxlanılması ölkəmizdə “ağ ölüm”ün dövriyyəsi ilə bağlı həyəcan təbili çalanları bir daha haqlı çıxardı.
Son 2-3 ayda narkotik bitkilərin becərilməsi, narkotik maddələrin istehsalı, satışı, tranziti ilə bağlı şübhəli şəxs qismində saxlanılanlar o qədər çoxdur ki, adama elə gəlir, artıq onlara təcridxana və həbsxanalarda yer çatmır.
Bu bəla təkcə bizdə deyil, narkomaniya bütün dünyanı başına götürüb. Dünyanın hər tərəfində guya ki, bu qlobal təhlükə ilə mübarizə aparırlar, ancaq narkotik maddələrin yayılması göstərir ki, heç də hamı mübarizəni prinsipial və səmimi şəkildə aparmır. Aparsalar, bu qara yara bu qədər böyüməzdi.
Sadəcə, bir çox ölkələr öz ərazilərində narkotik maddələrin dövriyyəsi ilə bağlı kriminogen durumu pis-yaxşı nəzarət altında saxlayırsa, qonşu ölkələrdə, xüsusilə də düşmən saydıqları dövlətlərdə geniş miqyas almasına şərait yaradırlar.
Əfqanıstanda ucu-bucağı görünməyən plantasiyalarda açıq-aşkar narkotik xassəli bitkilər becərən, məhsulu qurudub ilk emaldan keçirən, topdansatışçıya satan “sahibkar”ların, bütün bu prosesi idarə və himayə edən mafiozların, yüksək ranqlı məmurların nə vecinədir ki, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, İranda, Azərbaycanda narkomaniya “çiçəklənəcək”?
Onlara bazar lazımdır və “mal”ın alıcısı başının üstündədir. Kolumbiyada, Meksikada, Peruda, Boliviyada da elə düşünürlər. Boliviyanın sabiq prezidenti Evo Morales hətta BMT-nin tribunasında narkotik xassəli koka bitkisinin yarpağını cibindən çıxarıb çeynəyirdi və onun becərilməsini beynəlxalq səviyyədə leqallaşdırmaq istəyirdi ki, ölkəsinin yüz minlərlə işsizi leqal iş, qazanc əldə etsin.
ABŞ 1989-cu ildə Panamaya qoşun yeridərək diktator Manuel Noryeqanı ona görə devirib həbs etmişdi ki, adam öz böyük qonşusunun ərazisini narkotik maddələrlə təchiz edirdi, xəbərdarlıqlara məhəl qoymurdu, fikirləşirdi ki, qırılan amerikalılardır. Adam özünün əldə etdiyi milyardları düşünürdü, axırda bu iş üstündə tutuldu.
Yəni əslində heç bir ölkənin rəhbərliyi öz qonşusunda narkomaniyanın geniş yayılmasını ürəyinə salmır, bəzilərini öz əhalisinin dolanışığı maraqlandırır: qoy çətənə əksin, heroin düzəltsin, satsın, ac qalmasın.
Son bir neçə ayın kriminal xəbərləri göstərir ki, bizim narkomafiya işbazları xarici asılılıqdan qurtulmaq üçün ciddi səylər göstərirlər: narkotik bitkilərin plantasiyası genişlənib, gizli emal sexləri yaradılıb (hər halda həbs edilənlərin çoxluğu və şəbəkəsi bundan xəbər verir), satış şəbəkəsi real və virtual məkanda paralel fəaliyyət göstərir və s.
Bu iş üstündə tutulanların bir çoxunun saxlandıqları həbsxanalarda narkotik maddələrin satışı ilə məşğul olduqları barədə də informasiyalar var (zatən, narkotik ən böyük bazarı “zon”lardadır).
Bu gün 20-dən artıq ölkədə “yüngül narkotik”in – marixuananın satışın və istehlakına icazə verilib. Bunlar ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvador, Estoniya, Fransa, Hindistan, Hollandiya, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya və başqalarıdır.
Adı “az miqdarda”, “şəxsi istehlak üçün”dür. Amma qadağan olunanda belə narkotik satışı tüğyan edirdisə, görün, icazə verildiyi, yasaqlayıcı qanunların yumşaldıldığı halda real vəziyyət necədir.
Bəzən bizdə də marixuananın, öz leksikonumuzda desək, anaşanın (nəşə) leqallaşdırılması üçün çağırışlar edilir.
Fəlakət olar. Yığıb-yığışdırmaq olmaz. Yeni-yeni siqaret çəkməyə başlayan 15-17 yaşlı yeniyetmə gənclər kütləvi şəkildə “prob” eləyər və ardını gətirərlər. Bir büküm anaşadan başlayan yol onları patıya, ekstaziyə, metamfetaminə, kokainə qədər aparar.
Narkomaniya cinayətkarlığın körükçüsüdür. 30-35 yaşlı kişilərin bir “doza” keyləşdirici tapmaq üçün təqaüdçü analarının boğazına bıçaq dirədiyi yüzlərlə hadisə olub. On qat artar. Narkotik maddə əldə etmək istəyənlərin törətdiyi quldurluq, oğurluq, qətl hadisələri ölçüyə gəlməz.
Ona görə də narkotik maddələrlə bağlı qanunlar daha da sərtləşdirilməlidir.
Anlamaq lazımdır ki, bu saat dünyanı təhdid edən 3 qlobal təhlükədən biri və birincisi məhz narkomaniyadır. Digər ikisi nüvə silahları və qlobal pandemiyadır. Hətta ciddi rəhbərlərin əlində olduqca, nüvə silahı, vaksinlər üzərində ağıllı başlar işlədikcə, pandemiya qorxulu deyil, amma narkomaniya təhlükəlidir.