Hansısa dövlət şirkətinin, konserninin və sair bu kimi açıq və ya qapalı səhmdar cəmiyyətlərin qeyri-rentabelli işləməsinə dair iddialar inandırıcı deyil.

Onlar bunu vaxtaşırı iddia edirlər və dövlət büdcəsindən davamlı aldıqları dotasiyanın bir az artırılmasını istəyir, əllərinə fürsət düşən kimi bu xüsusda mətbuatda çıxış edirlər.

Uzun illərdir ki, ən çox bu barədə danışan Metropoliten İdarəsidir. Bu idarə vaxtaşırı olaraq bir sərnişinin daşınmasının indiki tariflərdən 3-4 qat baha başa gəldiyini bəyan edir və çıxış yolunu gediş haqqının qaldırılmasında görür.

Dövlət orqanları isə sırf sosial narazılığa qol verməmək üçün metroda gediş haqqının 2-3 qat artırılmasına rüsxət vermir, dövlət büdcəsindən külli miqdarda dotasiya ayırır.

Amma ortada ciddi suallar var. Necə ola bilər ki, 1 manatlıq taksilər 15-20 kilometrlik yolu cəmi-cümlətanı 4 manata qət edirlər və sürücülər az qazanca qane olur, amma gün ərzində metro sərnişinlərinin çoxluğu üzündən təpili-tıxılı hərəkət edən qatarlar zərərlə işləyir və idarə ziyana düşür? Ağlasığmazdır.

Bəs hər gün yüz minlərlə sərnişinin ödədiyi pullar hara gedir? Xəzinəyə toplanmırmı? Bəlkə yarısı oğurlanır, nəticədə idarənin hesabına köçürülmür? Metro qatarları bahalı benzinlə işləyən təyyarələrdən fərqlidir axı, elektriklə işləyir, bir lokomotiv 4 vaqon dartıb aparır.

Metropoliten zərərlə işləyirsə, bu təsərrüfatı idarə edənlər niyə milyonçudurlar? Məhkəmə-istintaq ifadələri vardı, Metropoliten İdarəsinin sabiq rəisi ləğv olunmuş MTN-də idarə rəisi vəzifəsində çalışan generala bir neçə milyon dollar xərac-rüşvət vermişdi. Haradan almışdı?

Başqa dövlət konserni və səhmdar cəmiyyətlərdə də vəziyyət bu cürdür. Müstəqil və dürüst auditorlar, müfəttişlər, komissiyalar hamısını obyektivcəsinə və prinsipiallıqla araşdırsalar, ortaya külli miqdarda, ağırlaşdırıcı halda mənimsəmələrin çıxacaq. Buna nəinki bu yazının müəllifi, ümumiyyətlə, heç kəs şübhə etmir.

“Zərərlə işləyən səhmdar cəmiyyətlər”in rəhbərləri 10 milyonluq villalarda yaşayırlarsa, özləri və övladları 150-200 minlik lüks avtomobillərdən ibarət qaraja malikdirlərsə, yarım milyonluq saat taxırlarsa, ərəb şeyxzadələri kimi kef-damaq içində dövran sürürlərsə, bu maliyyə vəsaitinin qaynağının nə olduğu barədə çoxmu düşünməliyik?

Bu, o deməkdir ki, dövlət büdcəsindən həmin müəssisələrə ayrılan pullar da oğurlanır, həmin müəssisələrin özlərinin qazandığı vəsaitlər də mənimsənilir. Bu, “iki üstəgəl iki”nin cavabı qədər bəsit məsələdir. Heç kəs özünü bilməzliyə qoymasın.

Vaxtaşırı olaraq, əhalinin cibinə girmək təşəbbüsləri məhz həmin strukturların rəhbərləri tərəfindən qaldırılır, onlar Nazirlər Kabinetində ağlaşma qururlar, “müəssisəni dolandıra bilmirik, vəsait çatışmır, inkişafdan qalırıq” deyir, “ya dövlət dotasiyanı artırmalıdır, ya da biz əhaliyə göstərdiyimiz xidmətin tariflərini qaldırmalıyıq” kimi seçim təklif edirlər.

Belələri tez-tez xaricdəki uyğun sahələrdəki vəziyyətə və tariflərə istinad edirlər: “Hollandiyada benzinin qiyməti 2 avrodur”; “Londonda metroda gediş haqqı 3 avrodur”; “Avropada qazın qiyməti filan qədərdir”, “Belçikada elədir”, “Danimarkada belədir” və s.

Bunlar gəlişigözəl arqumentlərdir. Əksər Avropa ölkələrinin nefti, qazı yoxdur, amma bizim neftimiz də var, qazımız da. Londonda, Parisdə metroda gediş haqqı bahadırsa da, əhalinin ən aztəminatlı təbəqəsinə aid adamlar bizim pulla 3 min manat maaş və ya işsizlik müavinəti alırlar. Tariflərdə eyniyyəti nəzərə alırıqsa, qazanc səviyyəsini də nəzərə almalıyıq.

Uzun sözün kəsəsi, işi işbilənlərə vermək lazımdır ki, onlar rəhbərlik etdikləri dövlət müəssisələrində struktur dəyişikliyi etsinlər, lazımi ixtisarlar aparıb əsassız yerə, qohum-əqrəba, dost-tanış və eloğlular üçün artırılmış ştatları ləğv eləsinlər, korrupsiya maxinasiyalarına yol verməsinlər, 3 milyonluq avadanlığı 12 milyona sənədləşdirib müəssisədən, dövlətdən 9 milyon oğurlamasınlar (bu, misal üçün deyilən söhbət deyil, dəqiq faktdır). Belə olanda, dürüst işləyəndə istənilən müəssisəni rentabelli işlətmək olar.

Yoxsa paytaxtın küçələrində oğurluq pullarla tədarük edilmiş yüz minlərlə lüks avtomobil şütüyəcək, kasıb insanlar da ictimai nəqliyyatda bir-birinə bitişmiş halda ikiqat gediş haqqı ödəyəcəklər – yoxdur belə ədalət.