Son aylarda ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələrdən biri də şənlik mərasimlərinə icazə verilməsi oldu.
İlk cümlə zarafat kimi görünə bilər, amma ciddi sözdür. İyun ayında ölkədə, regionda və dünyada baş verən heç bir hadisə toylar qədər müzakirə olunmadı və olunmur.
Zatən, camaat bir ildir ki, əsasən bu barədə danışırdı, son bir ayda isə elə bir ev, kollektiv olmaz ki, toy-nişan mövzusunda saatlarla danışmasın.
Nədən bu adi məişət hadisəsinə bu qədər aşırı dərəcədə fokuslanırıq, bunu artıq psixoloqlar izah edə bilər.
Ancaq o da var ki, toylar, digər şadlıq mərasimləri (elçilik, nişan, xınayaxdı, ayaqaçdı və s.) həm də iqtisadiyyata aid məsələlərdir.
Ölkədə bir xeyli insan öz dolanışığını məhz bu sektorda təmin edir. Bunun şadlıq saraylarını ərzaq məhsulları ilə təmin edən istixanaları, marketləri, çörəkçiləri, içki sexləri var, şadlıq saraylarında adi işlərdə işləyən minlərlə zəhmətkeşi var, toylardan ildə bir neçə yüz min manat qazanan müğənniləri və çalğıçıları var. Hələ toyxananı dekorlarla bəzəyənləri, bəy-gəlini geyindirənləri, makiyaj edənləri, evlənən cütlüyə limuzin təqdim edənləri, video və foto işinə baxanları qırağa qoyuram.
Bu, böyük bir sənayedir. Statistikaya baxsaq, məlum olar ki, son on ildə tikilib istifadəyə verilən obyektlərin tam əksəriyyəti məhz iaşə səciyyəlidir, təmtəraqlı toyların keçirilməsi üçündür. Bir az köhnəlmiş, “ulduz”unu itirmiş şadlıq sarayları ard-arda vida mərasimlərinin, hüzr məclislərinin məkanına çevrilməkdədir (Allah tərəfi, onların da biznesi pis getmir).
Bu qədər insanın dolandığı, ruzi yiyəsi olduğu sektorda işlərin qaydasına düşməsi bir tərəfdən çox sevindiricidir. Bir xeyli vətəndaşımızın maddi sıxıntısına son qoyulacaq.
Sadəcə, indi də başqa qrupdan olan insanların maddi sıxıntısına şərait yaranır. Şənlik mərasimlərinin keçirilməsi üçün öz xidmətlərini təklif edən şadlıq sarayları, restoranlar insanların toy üçün təşnə olması amilindən yararlanmaq qərarına gəliblər və fantastik qiymətlər oxuyurlar.
Pandemiyadan əvvəl bir nəfərin qonaq edilməsi üçün 35-40 manat tələb edən restoran tapmaq mümkün idisə, indi 55-65 manatdan aşağı yer yoxdur, hətta 200-250 istəyənlər də var.
Bu, fantastik qiymətlərdir, göz-görəti soyğunçuluqdur. Görünür, il yarımdır qazanc əldə etməyən restoran sahibləri düşdükləri zərəri qısa müddətdə kompensasiya etmək istəyirlər. Fürsətdən istifadə edərək onlardan aylıq alacaqlarını artırmış olanlar da farağat durmurlar, təbii ki.
İnsanlarımız isə bir-birinin bəhsinə, “mənim övladım heç kiminkindən əskik deyil” prinsipi ilə özlərini borca, yaxınlarını xərcə salmaqla “varlı təbəqə” ilə ayaq uzatmağa çalışırlar. Bu səbəbdəndir ki, Avropa ölkələrində milyonçuların etdiyi toy mərasimlərinin bənzərini bizdə ən adi işdə çalışanlar, nəinki bank hesabı olmayan, hətta bank kartında bir aylıq maaşdan əlavə vəsaiti olmayanlar edir.
Qlobal pandemiyanın gətirdiyi məhdudiyyətlər bir fürsət idi ki, məmləkət əhli 10 ildən çoxdur davam edən “toy soyğunu”ndan, bu amansız maşının ağzından canını qurtarsın. Fəqət toylara icazə verilməsindən sonra başlanan ajiotaj, kükrəyən ehtiras göstərir ki, xeyr, biz prosesi qaldığımız yerdən davam etdirəcəyik, həm də daha qəti, daha ciddi.
***
İllər öncə bir qrup jurnalist ABŞ-da olanda Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında bir ibrətamiz mənzərə gördük. Mayın 5-i, axşam saat 21 radələri idi, hava yenicə toranlaşırdı. Bir restoranın qapısı açıldı, içəridən 40-50 adam çıxdı, hamısı normal toy libasındaydı, aralarında kəpənək qalstuk taxmış bəy və ağ gəlinlik geymiş gəlin də vardı. Onların hamısı yenicə evlənmiş cütlüyü bir daha təbrik edərək dağılışdılar. Yeni evlənmiş cütlük isə əl-ələ tutuşdu, küçə aşağı pay-piyada yola düzəldi. Nə bir limuzin vardı, nə də müşayiətçi toy karvanı. Sadəcə, təzə bəy “kəpənəy”i çıxarıb cibinə qoydu, gəlin də fatasını çantasına yerləşdirdi. Vəssalam.
İnkişaf etmiş ölkələrdə yaşayan dostlar da şəhadət verir ki, orada insanlar adi məişət hadisəsi olan toyu, nikah mərasimini “ömürdə bir dəfə olan ən yaddaqalan hadisə” kimi səciyyələndirmir, bu hadisənin illərlə dillərdə dastan olması üçün dəridən-qabıqdan çıxmır, borca-xərcə düşmür, sadəcə, dostlar və yaxın qohumlar dairəsində ortabab bir ziyafət təşkil edir, evlənirlər. Zatən, milyonluq şahzadə toyları da artıq dillərdə dastan olmur, qısa müddətdən sonra unudulur, gedir.
Bu baxımdan təmtəraqlı toy kimi mənasız bir aksiyaya bu qədər xərc, diqqət, enerji sərf etməyə dəyməz. Nəhayət, biz də toy büsatlarını adiləşdirməliyik.