İndiyəcən futbol üzrə dünya və Avropa çempionatlarının bir xeylisini izləmişəm. Ən maraqlıları 1986-cı ildə Meksikada keçirilən və Dieqo Maradonanın parladığı çempionat olub, bir də 2002-də Yaponiya və Cənubi Koreyada keçirilən, Türkiyə millisinin dünya üçüncüsü olduğu mundial.
Nə gözəl günlər idi, Türkiyə qələbə qazanırdı, kollektivcə yığışıb azarkeşlik edie, alqışlayırdıq. O zaman indiki kimi deyildi ki, türk qəzetləri “Günəş Batıda batar” ifadəsini perefraz edərək və milli komandanın baş məşqçisi Şenol Günəşi nəzərdə tutaraq, “Günəş Bakıda batır” kimi versinlər, o zaman “Günəş Doğudan doğur” başlıqları verirdilər. Şanlı dövr idi.
Ən zöhlətökən mundial isə 2010-cu ildə CAR-da keçirilən çemponatdır (bu subyektiv fikirdir, razılaşmamaq hüququnuz var). Bu çempionat yadımda iki şeylə qalıb: 1. Pikenin ömür-gün yoldaşı Şakiranın oxuduğu “Vaka-vaka, ee, ee” mahnısıyla; 2. Bir də başqa bir şeylə. O xüsusda sonrakı abzasda yazaram.
Amma 1982-ci ildə İspaniyada keçirilən mundialda olduqca maraqlı bir hadisə olmuşdu, onu yazmasam olmaz.
Bəlkə də dünyanın ən heyrətamiz futbol proqnozu həmin mindialdan öncə verilmişdi. Adamın vaxtı və həvəsi ola, gedib mərkəzi kitabxanada otura, “Kommunist” qəzetinin 1982-ci ilin iyun ayının 7-dən 12-nə qədər çıxan saylarını vərəqləyə və həmin materialı tapıb şəklini çəkə, dərc edə.
Proqnoz beləydi ki, Braziliya qəzetləri SSRİ-Braziliya oyunundan 3-4 gün əvvəl bir baxıcıya baxdırmışdılar, o da demişdi ki, bu oyun 2:1 hesabıyla braziliyalıların xeyrinə bitəcək. Ən müdhişi o idi ki, falçı SSRİ-nin qapısına qolları kimin vuracağını da demişdi: Sokrates və Eder.
O zaman maraqlı olduğu üçün bu proqnozu sovet qəzetlərində dərc etmişdilər, amma Kalininqraddan Maqadana, Arxangelskdən Seyidəhmədliyə qədər bütün sovet xalqı əmin idi ki, falçı qələt eləyir, közü öz ölkəsinin qabağına çəkir, nə bilmək olar, kim udacaq, qolları kim vuracaq.
İyunun 14-də oyun başladı və bitdi. Braziliya SSRİ-yə 2:1 hesabıyla qalib gəldi. Qolları da kapitan Sokrates və Eder vurdular. SSRİ yığmasından Andrey Bal fərqlənmişdi.
Üstündən 39 il keçib, hələ də müəmmalıdır ki, o falçı oyunun nəticəsini və qolun müəlliflərini bir həftə öncədən necə yüzdəyüz dəqiqliklə bilmişdi.
Avropa çempionatlarının içində isə ən mənasızı 2004-cü ildə Portuqaliyada keçirilən və Yunanıstanın çempionluğu ilə başa çatan yarışma idi. Bu, subyektiv fikir olsa da, heç kəsin etiraz hüququ yoxdur, gerçəkdən də çox mənasız çempionat oldu. Təsəvvür edin, qrupdan güc-bəla ilə çıxan Yunanıstan millisi antifutbol oynaya-oynaya, hər 5 ötürmədən üçünü geriyə, qapıçıya verə-verə, oyunun vaxtını uzada-uzada, avropalıları futboldan iyrəndirə-iyrəndirə, çovumuş güllə misalı qollar vura-vura, oynadılar, axırda şans əsəri çempion oldular. Əjdaha yığmalar (Almaniya, Portuqaliya, İtaliya, Fransa, Xorvatiya) bir-birilərini ələdilər, axırda ələkdə Yunanıstan qalanda onlar da baxa-baxa qaldı.
İndi gələk CAR-da keçirilən mundiala. O nəydi? Düz 30 gün aborigen azarkeşlərin stadiona yığışıb kütləvi şəkildə çaldığı zurna (vuvuzela) səsi Yer əhalisinin baş-qulağını apardı. Bəlkə də İsrafilin Qiyamət günü çalacağı zurnanın səsi eyni anda vızıldayan minlərlə vuvuzelanın səsi qədər qorxunc olmayacaq. Elə bil, milyardlarla ac ağcaqanadı bir zala doldurmusan və onlar müftə qan üstündə mübarizə aparırlar. CAR-lılara belə etməyi kim məsləhət görmüşdü, bu, nə cür azarkeşlik büsatıydı, bilinmədi. Rəhmətlik Nelson Mandela da qabağa durub demədi ki, arada məni görün, etməyin, eləməyin, o andırın səsini beş dəqiqəliyə kəsin, görək, hara haradır. İndinin özündə də CAR deyiləndə adamın yadına vuvuzela və onun zəhlətökən səsi düşür. Günü bu gün dostlar deyə ki, CAR-a səfər var, yığış gedək, deyərəm ki, yox, orada vuvuzela çalırlar, ora getməyək, MAR yaxşıdır.