Qəribə camaatıq. Başqa vaxt oturub-durub gileylənirik ki, xarici ölkələrdə sözümüzü deyən yoxdur, hamı nəyə görəsə ermənilərə qahmar çıxır, ayrı-ayrı tanınmış simalar (siyasətçilər, sənətçilər, idmançılar) Ermənistana rəğbət bəsləyirlər və sair və ilaxır, amma iş özümüzə gələndə “hamam suyu ilə dost tutmaq” fürsətini qaçırırıq, üstəlik, dostu düşmənə çeviririk.
Məşhur Hollivud aktyoru Jan-Klod Van Dammın oğlunun azərbaycanlı pianoçu xanımla evlənməsi xəbəri ətrafında başladılan lağlağı, istehza, ələsalma, ağızbüzmə kampaniyası görünməmiş şiddətdəydi. Nə olmuşdu axı? İki gənc bir-birini görüb, tanıyıb, sevib, ailə qurmağa qərar verib. İndi onlardan birinin valideyni tanınmış adamdır deyə, biz mütləq bu xüsusda zarafat etməliyik, insanları ələ salmalıyıq? O yazılanları tərcümə edib məşhur aktyora göstərsələr, nəinki bizimlə qohum olmaqdan vaz keçər, bizə düşmən kəsilər.
Məşhur telejurnalist Fulya Öztürk barədə film çəkiləcəyi barədə xəbərə verilən reaksiya daha betər, daha eybəcərdir. Bu barədə minlərlə neqativ şərh, status yazılıb. Nəyə görə?
Sanki jurnalist xanımın haqqında çəkiləsi o film dərhal “Oskar” mükafatına layiq görüləcək, kinematoqrafiya hadisəsi olaraq dərsliklərə salınacaq, jurnalist xanım bununla əbədi şöhrət və hüdudsuz sərvət qazanacaq.
Elə şey olmayacaq. Elə bir film çəkilsə, bu, dünyada çəkilən milyonlarla filmdən biri olacaq, ən çox tamaşaçı auditoriyasını bizdə toplayacaq, heç çox adam sona qədər baxmayacaq, baxanlar da 10 dəqiqədən sonra unudub başqa şeyə baxacaqlar.
Yəni böyüdüləcək bir şey yoxdur. Müasir dünyada televiziyada görünməyən, hansısa şəkildə filmi, videosu olmayan tək-tək adam var.
Bu, ağır günlərdə yanımızda olan, bizə dəstək verən (sərçənin yanğını söndürmək üçün dimdiyində su gətirməsi misalı), gerçək dostumuz olan bir jurnalist xanıma minnətdarlıq jestidir. O, buna layiqdir. Təkcə Fulya Öztürk yox, 44 günlük müharibədə bizə maddi, siyasi, mənəvi, eləcə də informasiya dəstəyi verən hər bir əcnəbi dost diqqətdən kənarda qalmamalıdır, hamısına necəsə bir ehtiram göstərilməlidir ki, dostlarımızın sayı artsın, qədirbilənliyimizi görsünlər, etdikləri yaxşı işlərə görə peşman olmasınlar.
Yoxsa bu nədir? Biri yazır ki, özümüzünkülər dura-dura niyə başqası haqqında film çəkirlər. Bir ayrısı bu hərəkəti yaltaqlığa yozur. Türkofoblar əllərinə düşmüş növbəti bəhanədən yararlanmağa çalışır. Hərə bir söz deyir. Adam bezər, inciyər, çıxar, deyər, haqqımda film çəkməyin və bu söhbəti bitirin. Onda yaxşı olacaqmı?
Siyasətin və dostluğun ortaq qaydasıdır, “qaz (quş) gələn yerdən toyuq əsirgəməzlər”. Bütün hərəkətlərimiz, jestlərimiz, replikalarımız millətimizin dostlarını artırmağa hədəflənməlidir. Düşmən qazanmaq asandır. Bir yekəxana ifadə ilə, bir təkəbbürlü ədayla, bir xırda hörmətsizliklə bizə pis münasibət bəsləyənlərin sayını artırmaq olar. Zatən, bu xüsusda incə davranışlara sahib deyilik.
Amma ağıllı olmaq lazımdır, söhbətin dövlətin, millətin mənafeyindən getdiyi yerdə şəxsi eqoları, qısqanclıqları boğmaq olar və lazımdır.
Fulya Öztürk barədə çəkiləsi film ətrafında daha çox hay-küyü həmkarlarımızın saldığını görəndə belə bir qənaət hasil olur ki, onlar da müharibədəki fəaliyyətlərinin qiymətləndirilməsini umurlar. O da olsun. Amma Fulya ilə bizim auditoriyamız fərqliydi. O, dünyaya reportaj verirdi, biz öz ölkəmizə.
Həm də burada çətin bir şey yoxdur, əlimizdə ssenari yazacaq qələm, film çəkəcək kamera var. İndi keçmişdəki kimi deyil, mobil telefonlarla da film çəkmək olur. Biz də öz filminizi çəkək. Tamaşaçıya maraqlıdırsa, baxacaq, maraqlı deyilsə, Hollivuddan Spilberqi gətirsək də, baxımlı film çəkə bilməyəcək. Əsas odur ki, filmə gələsi material, fəaliyyət, hekayət olsun.
Türkiyəli həmkarımızın 44 günlük müharibədəki həyatı və fəaliyyəti, hiss olunur ki, filmə yarayası şəkildədir.
Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, müharibə haqqında ən yaxşı filmlər uzun illərdən sonra çəkilir. İsti-isti çəkilən lentlər müharibə xronikası, cəbhə reportajı kimi bir şey olur.
Bir həmkarımızın dediyi kimi, limit yox, kvota yox, “müharibə haqqında yalnız bir adam haqqında cəmi bir film çəkilməlidir” kimi şərt-yasaq da yoxdur. Kim nə qədər istəyir, çəksin. Çəkilən filmlər bir-birinə mane olmayacaq, əksinə, bir-birini tamamlayacaq.
Aşıq Ələsgərin bir məşhur beyti var, deyir:
“Can” dеməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mеhriban еylər.
“Çor” dеyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan еylər…
İndi bizim “can” dediyimiz deyil, ara yerdə can incidən statuslar, şərhlər yazıb qəlb qırmayaq.