Ermənistanda 20 iyun kritik seçkilərə bir həftə qaldı. Bədbəxt erməni xalqına seçim üçün təqdim olunan “siyasi vitrin”də isə yönlü bir namizəd yoxdur. Yalnızca eks-prezident Levon Ter-Petrosyan “pislərin ən yaxşısı” sayıla bilər. Onun da reytinqi 1% həndəvərindədir. Bəlli deyil ki, Ter-Petrosyanın bloku 1%-lik həddi aşıb parlamentə düşə biləcək, ya yox.

Nə qədər qəribə görünsə də, beləcə, ölkəni pis-yaxşı böhrandan çıxaracaq baş nazirliyə ən layiqli iddiaçıya erməni toplumu faktiki şans tanımır. Ter-Petrrosyan isə yeganə siyasətçidir ki, açıq şəkildə, çəkinib eləmədən öz xalqını tezliklə “miatsum” ideyasından, “dənizdən-dənizə Ermənistan” sərsəmləməsindən imtinaya çağırır. “Bakı artıq Qarabağla bağlı məsələləri, demək olar, həll edib qurtarıb” deyərək, xəstə millətini önə baxmağa səsləyir, Köçəryan kimilərə aldanmamağa dəvət edir. Əks halda, ölkədə vətəndaş qarşıdurmasının olacağını deyir.

Bu çağırışların real təsirini bircə həftə sonra görəcəyik. Fakt budur ki, seçki marafonunda parlaq favorit yoxdur. Son rəy sorğularına görə (“Gallup”), digər sabiq prezident Robert Köçəryan ilk dəfə baş nazir əvəzi Nikol Paşinyanı 1 faiz fərqlə üstələyib və 24%-lik elektoral dəstəyə malikdir. Əsas rəqibinə qarşı etik çərçivələri aşan, onu təhdid edən, hədələyən Köçəryan isə artıq özünü “çağırılmamış xilaskar” kimi aparmağa başlayıb. Guya o, hakimiyyətə gəlməsə, Ermənistan adında dövlət olmayacaq. Halbuki, o, heç indi də yoxdur.

Xocalı canisinə çatmır ki, 24 faizlik dəstəklə xilaskar olmur. Bu, o deməkdir ki, əhalinin 76%-i (2/3-dən çoxu!) onun vədlərinə inanmır, onu Ermənistanın keçmişi sayır, gələcəyi yox. Bu, həmçinin o anlama gəlir ki, Köçəryanın daşnaklarla birgə yaratdığı “Hayastan” bloku seçkilərdə ən çox səs toplasa belə (bu da hələ böyük sual altındadır), təkbaşına hökumət formalaşdıra, öz komandasını qura bilməyəcək. Lap 54%-lik qələbə qazanıb qursa belə, nə qələt edəcək ki?

Qatar çoxdan gedib. Köçəryana qalan isə quzu kimi 10 noyabr kapitulyasiya sənədinin digər bəndlərini icra eləmək olacaq – bəzi fanatik təbliğatçıları onun imkanlarını birə-on şişirtsə də. Köçəryanın qayıdışını hətta məhrum prezident Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müqayisə edənlər var. Bəh-bəh. Guya Putinin yaxın dostu (dostumu?) iqtidara gələn kimi Ermənistanı qısa zamanda ayaq üstə qoyacaq, hətta “artsax”ın “itirilmiş torpaqlarını geri alacaq”, “Bakı ilə əvvəlki kimi, sərt dildə danışacaq” və s. Necə, nəylə? Ən maraqlısı da budur.

Bəyəm bu həmin Köçəryan deyilmi 2-ci Qarabağ savaşı zamanı Qarabağa gəlsə də, real vəziyyəti bilən kimi qorxaqcasına oradan qaçıb aradan çıxmışdı?! Həmin Köçəryan idi. Halbuki işğalçı orduya Qarabağ klanının təsirləri həmişə güclü olub. Darmadağın edilən doğrudan da Köçəryan-Sərkisyan ordusu idi. Erməni xalqı bunu belə tez unuda bilərmi? Qarabağ klanının 20 illik xunta rejimi dövründə “cənnət nağılları” ilə aldadılan erməni xalqının miskin güzərana tuş gəlməsi, korrupsiyanın, oliqarxiyanın çiçəklənməsi, hakimiyyəti əldə saxlamaq naminə 8 dinc nümayişçinin İrəvanda güllələnməsi (2008, 1 mart), parlamentin gülləbaran edilməsi – əsas siyasi rəqiblərin aradan götürülməsi (1999, 27 oktyabr) necə yaddan çıxa bilər?

Köçəryan isə indi “çay gəlməmiş çirmələnib”, özünü az qala, artıq ölkənin yiyəsi kimi aparır və utanıb-eləmədən baş nazir olacağı təqdirdə üç əsas hədəf elan edib: 1.Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsi; 2. İqtisadi dirçəliş və iş yerləri; 3. Kapitulyasiyadan sonra cəmiyyətdəki mənəvi çöküşü aradan qaldırmaq.

Əvvəla, hamı bilir ki, Azərbaycan və Türkiyə ilə əlaqələr tam qaydaya salınmayınca nə 1-ci, nə də ələlxüsus 2-ci hədəfə çatmaq mümkün olacaq. Olsaydı, Köçəryanın, Sərkisyanın hakimiyyəti dönəmində, onların “bərk gedən” vaxtlarında olardı. Ermənistanda Rusiya qoşunlarının sayını artırmaqla isə Ermənistanın təhlükəsizliyi artmaz. 30 illik zaman buna da öz silinməz möhürünü basıb. Ermənistan xilası, varlıq qarantı həmsərhəd olmayan Rusiyaya deyil, qapıbir qonşular – Azərbaycan və Türkiyəyə bağlıdır!

3-cü hədəfə gəlincə, o da 1 və 2-ci hədəflər reallaşmadan həyata keçməz. Acından ölən, qorxu-ürkü içində olan xalq necə mənəvi yüksəliş içində yaşaya bilər ki? İstisnadır.

Yəni verilən hər üç vədin gerçəkləşməsi müstəsna olaraq Azərbaycan dövlətinə, onun iradəsinə, insafına, izninə bağlıdır. Ermənistanın ipi daha bizim əlimizdədir. Bundan sonra həmişə də belə olacaq. Azərbaycansız nə inkişaf tapa, nə də mövcud ola biləcək. Bu, xəbis qonşularımızın acı taleyidir. İstəyərlər, ağla gəlib onunla barışarlar, istəməzlər, yeni faciələr yaşayarlar. Bizlik bir şey qalmayıb.

Görək 20 iyunda seçki qutusundan kimi çıxaracaqlar…