O məşum gündən 28 il keçir. Bir igidin ömründən 7-8 il də artıq bir vaxt. O igid gənclər, iki ay öncə Məngələnata yüksəkliyini azad edərək, Füzuli şəhərini labüd erməni işğalından qurtarmış qvardiya əsgər-zabitləri elə o yaşda qaldılar.

Erməni gülləsinin batmadığı igidlərimizi öz soydaşları, qiyamçı və əldəqayırma polkovnik Surət Hüseynovun başına yığışmış kriminal ünsürlər xaincəsinə güllələdilər – 28 il öncə, iyunun 4-də.

İyunun 4-ü məhz buna görə faciəvi tarixdir. Bu, AXC-Musavat iqtidarının devrilməsinin başlanğıc günü olsa da, bir iqtidar komandasının hakimiyyətdən getməsi faciə deyil, əsl faciə bu gedişin qanlı-qadalı olması, Prezident Qvardiyasının şücaətli əsgərlərin cavan ömürlərinin kəsilməsiydi.

Yuxarıda bir “əldəqayırma polkovnik” ifadəsi keçdi. Gerçəkdən də beləydi. Surət Hüseynov, o dövrdəki populyar ifadə ilə desək, “kadrovik” deyildi, ali təhsil aldığı institutda hərbi kafedra bitirmişdisə, uzağı ehtiyata buraxılmış leytenant ola bilərdi. Ömründə bir manqaya, bölüyə, tabora komandirlik etməmiş bu adam sırf yüksək gəlirli yun zavodunun rəhbəri olduğuna və ordu hissələrinə maddi yardımlar göstərdiyinə görə “hərbçi” olmuşdu.

4 iyun qatilinin boş qalmış hücrəsi

1992-ci ilin iyununda Goranboy-Ağdərə istiqamətində bir sıra kəndlərin ermənilərdən azad edilməsində rolu olmuş Hüseynov vəzifədə irəli çəkildikdən, hərbi mükafatlara layiq görüldükdən sonra özünü Misirdən qələbə ilə qayıtmış Napoleon zənn etdi və siyasi ambisiyaları onu “rus uşağı”na çevirdi. Daha sonra o, bu dəfə torpaqlarımızın işğalında “müstəsna xidmətlər” göstərdi, rəhbərlik etdiyi ordu birləşmələrini ön xətdən geri çəkərək, qanla alınmış əraziləri ermənilərə peşkəş etdi.

Surət Hüseynovun son xəyanəti Gəncədə hərbi qiyama başçılıq etməsi, qardaş qanı tökməsi oldu. O, bazalarını tərk edən rus hərbi kontingentinin Azərbaycandan çıxmasıyla barışa bilməyən Moskvanın maşası olaraq aldığı tapşırığı yerinə yetirdi və nəticədə 1 il öncə hakimiyyətə gəlmiş Elçibəy iqtidarını silah gücünə devirdi.

Əslində Elçibəy iqtidarının bu qədər asan devrilməsinin arxasında (kim nə deyir, desin) milli mənafeni hər şeydən üstün tutmaq xətti vardı. Əgər Elçibəyin komandası da silaha sarılsaydı və hakimiyyəti qorumaq üçün son döyüşə atılsaydı, ölkədə asan-asan səngiməyəcək qanlı vətəndaş müharibəsi baş verəcəkdi.

4 iyun qatilinin boş qalmış hücrəsi

Bu qaçılmaz idi. Hakimiyyətə tamahsılanan qüvvələr artıq Surət Hüseynovun ətrafında birləşmişdilər və getdikcə daha aydın xətt üzrə təmərküzləşirdilər. Eyni zamanda cəmiyyətdə siyasi qütbləşmə prosesi gedirdi. Bir neçə ay cəzalanacağını gözləyən, bu olmayınca sürətlə toparlanmış revanşistlər, keçmiş hərəkat yoldaşlarından acıq çıxmaq, qisas almaq istəyən “demokratik qüvvələr”, müharibənin, kasıbçılığın narazı saldığı xalq kütlələri bir araya gəlmiş, təbii müttəfiqlərə çevrilmişdilər.
Bunun qarşısında öz aralarında çəkişmədə olan cəbhəçilər, müsavatçılar, “yurdçular”, “bozqurdlar” və başqa Elçibəyçi siyasi qruplar parakəndə haldaydılar və hakimiyyətə diş qıcamış qüvvələrə müqavimət göstərmək imkanında deyildilər. Açığı budur ki, Elçibəy iqtidarının bir il əvvəlki sosial dayağı da yox idi.

28 il ərzində aparılan siyasi təhlilər, bütün təfərrüatların dönə-dönə incələnməsi belə bir qənaəti güclü edir ki, ən düzgün yol hakimiyyəti 4 iyuna qədər qorumaq, möhkəmləndirmək ola bilərdi, 4 iyundan sonra isə bu sadəcə, mümkün deyildi. Təhlil apardıqca məlum olur ki, millətin və dövlətin salamatlığı naminə iqtidardan çəkilmək daha optimal variant olub. Vətəndaş müharibəsinin elə başladığı gün də bitməsi bu xalqın tarixində ən şanlı günlərdən biridir. Bu yolu seçənlərin qərarı da müdrik qərar sayıla bilər.

4 iyun qatilinin boş qalmış hücrəsi

Fəqət, bütün yüngülləşdirici hallar, yumşaldığıcı amillər 4 iyun qatilinin günahını azaltmır. Surət Hüseynov sonradan 10 il türmədə yatsa da, iyunun 4-də Gəncədə törətdiyi cinayətlərin cəzasını hələ də almayıb.

Hazırda o, ağzını doldura-doldura, “man bunu elədim, onu elədim” deyə-deyə yenidən guruldamağa çalışır, amma hər dəfə uğursuzluqla üzləşərək öz hücrəsinə çəkilir. Amma onun həbsxana hücrəsində ömürlük oturması daha ədalətli olardı.

Lap ağır cəza almasa da, o və digər canilər “4 iyun qiyamı” işi üzrə keçirilən məhkəmədə müttəhimlər kürsüsündə oturmalı, gənc əsgərləri nəyə görə qətlə yetirdiklərinə görə xalqa, həmin əsgərlərin əzizlərinə cavab verməlidirlər.

4 iyun qatilinin boş qalmış hücrəsi

Bu cür cinayətlərin köhnəlik tarixi olmur, olmamalıdır. Söhbət həm kütləvi şəkildə adam öldürməkdən gedir, həm də öldürülənlərin vətənin keşikçiləri olmasından.