Sovet dövrü uşaqlarının sevimli savaş oyunu vardı, adını “Partizan-partizan” qoymuşdular: taxta silahlar götürür, ağaclıqda, yardımçı binaların arxasında, ot tayalarının üstündə daldalanır, qəfildən “düşmən”in qabağına çıxır, “atəş” açırdılar. Zərərsiz oyun idi, itki olmurdu. Hərçənd heç bir tərəf “partizan”ı əsir götürmürdü.
İndi belə anlaşılır ki, ermənilər bizimlə “Partizan-partizan” oyunu oynayırlar. Onlar bu işə bir neçə həftədir girişiblər. Artıq oradan-buradan, sərhədlərdən, təmas xətlərindən pis-pis soraqları gəlir. Kəlbəcərdə ərazimizə sızmış iki diversiya qrupunun ələ keçən 6 terrorçu-partizanından sonra dünən Zəngilandan da belə bir xəbər gəldi ki, düşmənlər rayon ərazisinə soxulmaq istərkən qarşıları alınıb.
Qarşıları alınmayan qruplar da ola bilər, yəqin ki, gəliblər, haralarasa mina döşəyib, çəkilib gediblər. Nəyi olmasa da, ermənilər bunu, minalarla işləməyi yaxşı bacarırlar. 8-10 yaşlı erməni uşaqların minomyot təlimi keçdiyini göstərən video düşmənlərin bu bacarığa lap uşaqlaqdan yiyələndiklərinin sübutudur.
Ancaq hazırda pis olan məqam odur ki, bizimkilər müasir partizanları əsir götürürlər. Ondan sonra isə dünya miqyasında vay-nöfsə başlayır, böyük ölkələrin siyasiləri, diplomatları, hüquq müdafiəçiləri həyəcanlanır, diversantların azadlığa buraxılmasını xahiş, tövsiyə, hətta tələb edirlər.
Onlar nəyə görə sərbəst buraxılmalıdır, cavab verən yoxdur. Axı öldürməyə gəlmişdilər, bəxtləri gətirib, yaxalandıqları yerdə güllələnməyiblər, hələ “bəraətlərini istəyirlər”? “Partizan-partizan” oyununda elə qayda yoxdur. Düşmən hansı tayanın altında aşkar olunursa, meyidi də o samanın içində qalmalıdır.
Hiss olunur ki, düşmən 7 ay öncə 44 günlük müharibədə aldığı sarsıdıcı zərbədən yavaş-yavaş özünə gəlir. Uzun sürən nokaut vəziyyəti sona çatır və o, indi qisas haqqında düşünür. Fəqət, düşmən onu da anlayır ki, özünü toparlayıb birbaşa hücuma keçsə, alnından, çənəsindən daha bir zərbə alacaq və bu dəfə ayağa qalxa bilməyəcək. Ona görə də özünü qoruya-qoruya qəfil, gecə həmlələri etməklə bizi zəiflətmək, bezdirmək, savaşdan vaz keçmədiklərini, sonadək təslim olmadıqları göstərmək istəyirlər.
Qisas hissi erməni düşüncəsinin əsas leytmotivlərindən biri, hətta birincisidir. 100 il əvvəl də onlar 1-ci dünya müharibəsi zamanı Azərbaycanda və Türkiyədə aldıqları məğlubiyyətin qisasını terror aktları ilə almağa çalışmışdılar. Bu məqsədlə erməni partizanlar Avropada və Gürcüstanda Osmanlı dövlətinin generallarına, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı silsilə terror aktları həyata keçirmişdilər.
O zaman bir sıra Avropa dövlətləri erməni terrorizminə dolayısı ilə haqq qazandırmışdı. Öz vətəndaşlarına qarşı qətl törədənləri edam edən Avropa Femidası türk paşaları və azərbaycanlı sabiq nazirləri qətlə yetirən qatilləri qısa müddətdən sonra sərbəst buraxmışdı.
Hazırda erməni də həmin ermənidir, Avropa da həmin Avropadır. Biz də aşağı-yuxarı, həmin Azərbaycanıq. Yalnız bir fərq var ki, indi dövlətimiz, ordumuz, kəşfiyyatımız daha güclüdür və bizimlə “Partizan-partizan” oyunu oynamaq istəyənlərin silahını alıb təpələrinə çırpa bilirik.
Ermənilərin ağlı isə ya 100 il əvvələ gedir, ya da 30 il öncəki kimi hərəkət edə biləcəklərini düşünürlər. Onlar 1988-ci ildə başlatdıqları separatçılıq hərəkatını çox keçmədən əvvəlcə partizan müharibəsinə, daha sonra əsl savaşa döndərdilər. 1988-91-ci illərdə ermənilər əsasən qəfləti gecə həmlələri edir, diversiya aktları törədir, pusqular qurur, mülki vertolyotlarımızı, ictimai və şəxsi nəqliyyat vasitələrimizi atəşə tutur, bizə müxtəlif cür zərərlər verirdilər.
Bizim könüllü döyüşçülər, hərbi qüvvələr, xüsusi təyinatlılar vaxtaşırı olaraq o terrorçu-partizan qruplarını cinayət başında yaxalayır, əsir götürür, təmas xəttindəki rayonların milis şöbələrinə gətirirdilər. Ancaq iki-üç gün keçmirdi ki, rus hərbçilər məsələyə müdaxilə edir, terrorçuları əlimizdən alıb erməni tərəfə verirdilər. Onlar da gedib, təzədən gəlirdilər. Hərdən elə olurdu ki, o terrorçulardan bəziləri müqavimət göstərərkən yerindəcə güllələnirdilər və bir daha üstümüzə gələ bilmirdilər.
Bu, daha yaxşı taktikadır: ən yaxşı terrorçu ölü terrorçudur.