Son 5-6 ildir ki, belədir: səhər-səhər oxuduğumuz ilk kriminal xəbər narkotacirlərin yaxalanması barədə olur. Gecə oxuduğumuz son kriminal xəbər də narkotik vasitələrin aşkarlanmasından bəhs edir.
Gün ərzində 4-5, bəzən 7-8 bənzər xəbər gəlir. Bunu həftənin, ayın, ilin günlərinə vuranda ortaya dəhşətli statistik göstərici çıxır. Anlaşılır ki, ölkəmizdə baş verən bütün növ cinayət aktlarının yarıdan çoxu məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır.
Bu, təkcə kriminal bəla deyil, eyni zamanda sosial, tibbi, hətta iqtisadi problemdir. İnsanların canı, beyni, millətin pul-parası gedir.
Mətbuata sızan bu kimi kriminal xəbərlərlə yanaşı, belə görünür ki, sızmayanlar, üstü örtülən “narkotik aşkarlama” vaqiələri də olur.
Bəzən üstündən, evindən, maşınından 3 büküm (və ya 3 kilo) narkotik maddə tapılan şəxsləri “narkobaron” kimi qələmə verirlər. Amma onlar olsa-olsa “narkotacir”dirlər, kriminal jarqonla desək, “barıqa”, “diler”.
“Narkobaron” məşhur kolumbiyalı Pablo Eskobardır, meksikalı “El Çapo”dur, İrandan gətirdiyi 3 ton narkotiki ölkəmizdən və Gürcüstandan keçirərək Türkiyəyə göndərən və Gürcüstanda ilişən, hələ də kim olduğu bilinməyən şəxsdir.
Narkotik maddələrin dövriyyəsinə dair gələn xəbərlərin içində bir xətt nəzərəçarpacaq yoğunluqdadır. Artıq gözlə görünür ki, ölkəmizə gətirilən narkotik maddələrin ən böyük partiyaları məhz İrandan keçirilir. Onlar yerli istehsalçılara ciddi rəqibdir.
Çox maraqlıdır, İranda narkotik maddələrin qanunsuz dövriyyəsi (qanuni dövriyyə bu maddələrin tibbi məqsədlərlə alınıb-satılmasıdır) ilə məşğul olanlara edam cəzası verilir. Ancaq bu ölkənin vətəndaşları sərbəst şəkildə ölkəmizə narkotik maddə keçirə bilir, heç vaxt öz ölkələrində tutulmurlar.
Buradan o nəticəyə gəlmək olar ki, iranlı sərhədçilər, gömrükçülər, eləcə də hüquq-mühafizə orqanları başqa ölkələrə narkotik maddə ixrac edənlərə “yaşıl işıq” yandırır, onlara göz yumur, hətta himayə edirlər. Amma narkotacirlər mallarını öz ölkələrində xırıd etmək istəsələr, bunun cəzası ölümdür.
Deputat Aqil Abbas danışır ki, 5-6 il əvvəl 6 saylı cəzaçəkmə müəssisəində olarkən türmə rəisi iranlı dustaqları – narkotacirləri göstərərək ona deyib ki, bax, bu adamların içində elələri var, son bir neçə ildə artıq üçüncü dəfədir burada yatırlar.
Heç demə, adamlar sərhədi narkotik maddələrlə keçərkən və ya daha sonra yaxalanırlar, Azərbaycan məhkəməsi onlara cəza kəsir, bir müddətdən sonra bu şəxsləri İrana ekstradisiya edirlər, ora çatan kimi caniləri açıb buraxırlar və onlar təzədən yüklərini tutub Azərbaycana soxulmağa çalışırlar.
Yaxşı, ölüm cəzası nəzərdə tutulan bir ölkədə residivist canilər nədən buraxılır, nədən edam edilmir?
Ona görə ki, onların cinayəti İran vətəndaşlarına qarşı yönəlməyib, əksinə, bu şəxslər ölkəyə valyuta qazandırırlar, öz əməlləri ilə “kafir ölkələr”in genefondunu zəhərləyirlər. İki fayda birdən.
Bəs İran bu qədər narkotik maddəni haradan alır? Ciddi və kütləvi qohumluq əlaqələri olan əfqanlardan. Bildiyiniz kimi, Əfqanıstanda bu işlə dövlət təsərrüfatı səviyyəsində məşğul olurlar, geniş, ucsuz-bucaqsız çətənə plantasiyaları, emal müəssisələri var, istehsal edir, bir miqdarını daxili istifadə üçün götürür, böyük hissəsini ixrac edirlər. Əfqanıstana xarici valyuta gətirən az-az məhsullardan biri, birincisi məhz narkotik maddələrdir.
İran isə tranzit ölkədir. Bilgili şəxslərin dediklərinə görə, narkotik maddə partiyasını Əfqanıstan sərhədlərindən ta ölkəmizin (eləcə də başqa ölkələrin) sərhədinə qədər İranın xüsusi xidmət orqanlarının təmsilçiləri müşayiət edirlər – dəyib-toxunan olmasın deyə.
Bu, antibəşəri addımdır, qonşuluğa xəyanətdir, sui-qəsddir. Beyni dumanlandıran bütün növ məmulatları haram elan edən, cinayət təqibinə məruz qoyan, sutkada 24 saat dindən, imandan, mənəvi təmizlikdən danışan ölkə üçün bəşər əhlinin zəhərlənməsi sıradan bir şeydir, əsas odur ki, bu şər işlərdən onun mənfəəti olsun.
Əfqanıstan da islam ölkəsidir, amma dünyaya zəhər ixrac edir, öz ölkəsinin əhalisi də kütləvi şəkildə, uşaqlı-böyüklü narkotik maddə aludəçisinə çevrilib.
Bu ölkələrlə ehtiyatlı olmaq, narkotik tranzitini tamamən qapatmaq lazımdır. Bu gedişat göstərir ki, bizi içəridən sarsıtmaq istəyir, “yaşıl inqilab”ın sirayət etmədiyi ölkəyə “ağ ölüm” ixrac edirlər.