Türmə həyatı barədə belə bir lətifə var: ömründə birinci dəfə həbsxanaya düşən şəxsi çoxadamlı kameraya salırlar. O, türmə qaydalarını bilmir və günorta yağsız kələm şorbası veriləndə, yeməyi iştahla yeyən yoldaşlarına səslənir: “Bunu necə yeyirsiniz, ə, kazyollar?”

Stajlı məhbuslar tökülüşüb adamı lazımınca çırpırlar, xəstəxanalıq olur. Sağalıb gəlir. Köhnə məhbuslardan biri ona yaxınlaşıb deyir: – Ağlın başına gəldimi? İndi bildinmi burada məhkumlarla danışanda hansı sözü işlətmək olar, hansını yox?

Gözünün odu alınmış məhbus deyir: – Hə, bildim, bildim. Belə deyəydiniz də. Yoxsa petuxlar kimi tökülüşdünüz üstümə…

Bu lətifədir və belə görünür ki, artıq köhnəlmiş lətifədir. İndinin yeni məhbuslarının, həbs edilmiş sabiq İH başçılarının gözəl-gözəl soraqları gəlir içəridən. Lüks otaqlarda yaşayırmışlar – divan, kreslo, plazma televizor, soyuducu, xidmətçi…

Bu sadalanan şeylərin məcmusu, yaradılan şəraitin təsviri belə qənaət yaradır ki, adamlar Bodrum kimi bir yerdədirlər, sadəcə, hələlik 30×30 ölçülü hovuzları və cakuziləri yoxdur. Bir az çox qalsalar, o da olacaq. Bir də sauna və trenajor zalı düzəltsələr, məsələ tamamdır.

Yatıb-çıxanlar deyir ki, pul olandan sonra hər şey mümkündür – hətta səyyari masaj salonları təşkil edib, uyğun mütəxəssislər də dəvət etmək olar.

Son illərdə həbsə alınan yüksək vəzifəli məmurlarda isə nə olmasa da, babat pul var. Onlar onu dar gün üçün yığırdılar. Bu da dar gün. Bundan artıq dar günləri nə vaxt olacaq? Demək yeri bilinməyən, müsadirə siyahısına düşməyən, yaxşı gizlədilmiş milyonlardan yavaş-yavaş xərcləmək lazımdır.

Pul keysinin ağzını açırsan və köhnə kameranı təmir etdirib 5 ulduzlu otellərin VİP salonuna döndərirsən, 3-5 il (amnistiya və əfvə qədər) yaşayırsan.

Biz də burda oturub fikirləşirik: “ay nə olduuu, axır ki, filankəsi damladılar”; “ona o da azdır, qoy cəzasını çəksin”; “türmələrdə çürüyəcək, ağlı başına gələcək, biləcək, xalq malını basıb yeməyin sonu nə olur”; “Yaramazın biriydi, amma ta keçib, Allah qapısını açsın” və sair.

Xəbərimiz yoxdur ki, adamın canı indi-indi dincəlir, heç də türmədə çürümür, əksinə, komfort içində yaşayır, hər gün dost-tanışlarıyla telefonda laqqırtı vurur, qışda isti, yayda sərin lüks nömrədə yeyib-içir yatır, könlü istəyənləri də yanına çağırır. Ən ümdəsi, yuxarılardan zəng edənlər, “filan işi belə elə” deyə əmr verənlər yoxdur. Yığdıqlarını nə qədər itirsə də, 99 il xərcləməyə çatacaq qədər pulu var.

O vaxt baş nazirin müavininin nəvəsi maşın ötüşdürəndə 4-5 adamı xurd-xəşil etmişdi və onu tutmuşdular. Bəziləri cavan adamın həbsə düşməsinə görə üzülürdü, bəziləri sevinirdi. Amma bilən adamlar deyirdilər ki, dostlar kədərlənməsin, düşmənlər sevinməsin, gənc avtoş içəri düşdüyü gündən bəy kefində yaşayır, yeməyi-içməyi, hər bir əyləncəsi yerindədir, yeganə sıxıntısı odur ki, maşın ötüşdürə bilmir, o da müvəqqətidir, 1 ilə çıxacaq. Elə də oldu. Gənc bir il məcburi istirahətdən sonra azadlığa çıxdı, maşınlarının sükanı arxasına qayıtdı, qaldığı yerdən həyatına davam etdi. Allah tərəfi, o vaxtdan bəri o, başqa adamları vurub öldürməyib. Deməli, məhbəsin islahedici funksiyasının olması əbəs söhbət deyil.

İndiyədək biz elə bilirdik ki, əsl yatmalı türmələr Norveç tərəflərdədir. Hərdən yazırdılar, filan ölkədə türmədə o var, bu var, komfort, əyləncə, hətta təhsili artırmaq imkanı-filan. Şükür, özümüzdə də varmış, sadəcə, hələlik kütləvi deyil. Amma məmur tutquları davamlı olsa, o da olacaq, inşallah. Hər məmur bir türmə kamerasını təmir etdirsə, lüks şərait yaratsa, bəsdir. Allahdan, ölkədə tutulmalı məmurların sayı türmə kameralarından çoxdur.

Türmə nəzarətçiləri də kasıb dustaqlardan beziblər, deyirlər, varlı dustaqlar yaxşıdır. (Amma qoy, şairlər soruşmasın, nədən yaxşıdır).

Söhbəti lətifə ilə başlamışdıq, lətifə ilə bitirək. Hondurasda belə bir deyim var: “Əgər varlı olmaq istəyirsənsə, ya korrupsiya ilə məşğul olmalısan, ya da korrupsiyaya qarşı mübarizə aparmalısan”.