İctimaiyyət arasında dövlət məmurlarına qarşı etimadsızlıq, hətta yumşaq deməsək, nifrət atmosferi hökm sürür.
Bunun ciddi səbəbləri, obyektiv və subyektiv cəhətləri var, eyni zamanda bəzən “qurunun oduna yaşı yandırmaq” tendensiyası da müşahidə olunur.
Məmurlar süddən çıxmış ağ qaşıq deyillər. Böyük əksəriyyəti imkanları çatdığı qədər neqativ işlərlə, zəhmətsiz gəlirlər əldə etməklə məşğuldurlar.
Əlbəttə, bir xeyli adam irəli çıxıb “mən heç vaxt rüşvət almamışam, korrupsiya ilə məşğul olmamışam” deyə bilər, onun cavabı əsasən belədir: “Sənə heç vaxt rüşvət təklif etməyiblər, korrupsiyaya qurşanmaq imkanı verməyiblər”.
Yəni o adam döşünə döysün ki, rüşvət ala, qohumbazlıq edə, ailə üzvlərinin biznesinə himayədarlıq edə, müxtəlif cür “pulsilmə” maxinasiyaları həyata keçirə bilərdi, amma bunları etməyib.
İlk dövlət təsisatı meydana gələndən bu günə qədər belədir, məmurlar özlərini həmişə “bal tutan arıçı” zənn ediblər və “barmaq yalamaq” haqlarının olduğunu düşünüblər.
Hələ uzun müddət də belə olacaq, 40 iqtidar komandası bir-birini əvəz etsə də, hər komandanın özünün “yeyib-yedirdənlər” nüvəsi olacaq. Sadəcə, ola bilər ki, bir komanda o birinə nisbətən daha az tamahkar, daha çox məsuliyyətli olsun.
O üzdən bu xüsusda böyük ümidlərə qapılmaq, idealist yanaşmalara dalmaq əbəsdir. İnsan oğlunun xisləti budur və onların 95 faizi Anri Sen Simonu, Şarl Furyeni, Robert Oueni tanımır, onlar kimi utopik cəmiyyət və dövlət təsisatları yaratmaq üzərində düşünmürlər. Əlinə imkan keçib, dar gün üçün bir şey topla, ailənə gün ağla, qohum-əqrəbana, yaxınlarına şərait yarat, yerliərini himayə et – budur əsas düşüncə.
Ən maraqlısı da budur ki, ölkə insanlarının tam əksəriyyəti bu düşüncədə olduğu halda o düşüncəni daşıyan və xalqın “ülvi arzuları” üzrə real hərəkətlər edən məmurları qınayır, onlara nifrət edir.
Bununla yanaşı, işdən çıxarılan, həbs olunan, vəfat edən yüksək vəzifəli şəxslərə rəğbət ifadə edən, “yaxşı adamıydı”, “çörək verən kişiydi”, “elcanlı, vətənpərvər şəxs idi” deyən minlərlə adam tapılır.
Onlar ona görə belə deyirlər ki, həmin şəxsdən xeyir görüblər, hansısa bağ ilə (həmyerlilik, uzaq qohumluq, yaxın adam vasitəsilə tanışlıq və s.) yaxınlıqları olub.
Bu, onu göstərir ki, biz bir məmuru pisləyəndə də, bəyənəndə də öz şəxsi mənafeyimizdən çıxış edirik.
Qohumumuz, yaxınımız olan məmurlar həmişə “canlara dəyən oğlandır”, o birilər pisdir, korrupsionerdir. Bəs qohumumuzun yaşadığı villa, mindiyi lüks avtomobillər, sahib olduğu biznes obyektləri hansı pulla başa gəlib? Qazanıb! Amma o birilər oğurlayıb! Bu, ölkəmizdə çox yayğın qənaətdir və göründüyü kimi, heç də obyektiv yanaşma deyil, ikili standart məhsuludur.
Başqa bir detal. Ölkəmizdə az-az olsa da, yüksək dövlət vəzifəsi tutarkən təmiz işləyən, həmişə prinsipial olan, yerlilərinə və qohum-əqrəbasına əl tutmayan, hətta öz ailə üzvlərinin karyera və biznes layihələrinə kömək etməyən adamlar da olub, onların barəsində ictimai rəy, bilirsiniz, necədir? Oturub-durub deyirlər ki, xeyirsiz adamdır, o qədər vəzifədə oldu, bir yaralı barmağa məlhəm qoymadı.
Belə deyənlər nəzərə almaz ki, adam təmiz işləyib, dövlətin, xalqın malına əl uzatmayıb, haramxorluq etməyib. Bizə o lazım deyil. Bizə o lazımdır ki, keşkə, adam o neqativ işlərin hamısını edəydi, amma bizim də işimizə yarayaydı, o zaman “çörəkverən”, “elcanlı”, “yaxşı adam” olacaqdı.
Bu baxımdan məmurlara nifrət və rəğbət daha çox subyektiv amillərlə bağlıdır. Ancaq bu, o demək deyil ki, onlara qarşı tənqidi siqnallara əhəmiyyət vermək lazım deyil və bunu insanların subyektivliyinə bağlamaq gərəkdir.
Budur, II Qarabağ savaşında zərərçəkən cəbhəyanı rayonlardan birinin rəhbərindən ciddi korrupsiya siqnalları gəlir. Camaat şikayət edir ki, bu günlərdə evləri dağılmış sakinlərə şad xəbər veriblər, deyiblər, evlərinizin bərpası üçün ödənişlər gəlib və kartları gedib icra hakimiyyətindən götürə bilərsiniz. Camaat sevinməkdəykən məlum olub ki, kartlar İH başçısındadır və onun şərti belədir: ayrılan pulların 25 faizi zərərçəkənlərin, 75 faizi isə onun olmalıdır.
P.S. Bunun hansı rayon olduğunu bilmək istəyən hüquq-mühafizə orqanlarının əməkdaşları sosial şəbəkələrə nəzər yetirsinlər, tapa bilmirlərsə, redaksiyaya zəng etsinlər, deyək.