Bütün məsələlərdə olduğu kimi, ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı imperiyasında baş vermis qanlı hadisələri ermənilərə yönəlmiş “soyqırım” adlandırmasına münasibətdə də bizim ictimai-siyasi fəalların mövqeyi yekdil olmadı.
Böyük çoxluq ermənilərə qarşı bu üzgörənliyi qınayır. Çünki I dünya müharibəsinin gedişində ermənilər regionda geniş hərbi əməliyyatlar aparıblar, verdikləri itkilər qədər də başqalarını qırğına məruz qoyublar. Amma indi onların faciəsi ən yüksək səviyyədə dilə gətirilir, amma başqa xalqların məruz qaldığı qətliamların üstündən keçilir.
Bu xüsusda özümüzdə də bir qrup adamın fikri başqa cürdür. Onlar 106 ildən sonra ədalətsiz mövqe sərgiləyərək erməniləri haqlı çıxaran ABŞ administrasiyasını qınamırlar, tam əksinə, ona dəstək ifadə edir, Osmanlı imperiyasını, onun varisi olan müasir Türkiyəni qınayır, Azərbaycanın isə özünü bu haqq-hesabdan kənarda tutmasını, Türkiyəni meydanda tək qoymasını zəruri sayırlar.
Bu cür təzahür ilk dəfə deyil. Milli məsələlərə dair mübahisələrdə hər zaman çoxluğun fikrinə əks mövqe tutanlarımız, yabançı ideologiyaların təsiri ilə dissidentlik edənlərimiz olur.
Biz hələ də böyük dövlətlərin dünyaya sırıdıqları ideologiyalar əsasında düşünür, onların özlərini bürüdükləri və təqdim etdikləri obrazları gerçək qəbul edirik. Konkret desək, elə bilirik ki, ABŞ-ın dərdi doğrudan da dünya ölkələrini demokratikləşdirmək, bütün dünyada haqq-ədaləti bərqərar etməkdir.
Birmənalı olaraq, elə deyil. ABŞ dünya ölkələrini demokratikləşdirmək dərdi çəkmir. Heç bu dövlət, bir çoxlarının iddia etdiyi kimi, maddi sərvət ovçusu da deyil. Dünya dövlətlərinin sahib olduğu resurslara sahiblənmək ABŞ üçün ikinci yerdə olan hədəfdir. Onun başlıca məqsədi dünyanın hər tərəfinə yerləşmək, hazırkı düşmənlərinin, gələcəkdəki rəqiblərinin başlarının üstündə hər zaman yumruq silkələyəcək qədər yaxınlıqda olmaq, boğazlara, körfəzlərə, strateji keçidlərə, yollara nəzarət etmək, hər bir coğrafi bölgədə özünə sadiq vassallara malik olmaqdır. Bunlara nail olduqdan sonra maddi resurslar, əlbəttə ki, sel kimi axıb gələcək.
ABŞ öz vassallarının adını “müttəfiq” qoyur, amma bu, üzdə belədir, mətbuat üçündür, daxildə isə onlara sırf vassal kimi yanaşır, bir balaca cızıqlarından çıxan kimi cəzalandırır. 1952-ci ilin fevralında NATO-ya üzv olandan ta 2016-cı ilin 15 iyuluna qədər Türkiyədə baş verən bütün hərbi qiyamların, dövlət çevrilişlərinin təşkilatçısı ABŞ olub. Ümumiyyətlə, Türkiyə dövləti nə vaxt müstəqil siyasət yeritmək istəyibsə, ABŞ dərhal bu ölkədə siyasi böhran yaradıb, ya hökumət kabineti istefaya göndərilib, ya da hərbi qiyam baş verib.
Hazırda ABŞ-ın Türkiyəyə qarşı tutduğu mövqe də sırf onun müstəqil siyasət yeritmək, öz qonşularıyla ABŞ-ın iradəsindən kənar davranmaq təşəbbüsü ilə bağlıdır. 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdinin ardından Türkiyə Rusiya ilə yaxınlaşmaq yolu tutdu, ABŞ-dan modern hərbi texnika almağı dayandıraraq, Rusiyadan zenit-raket kompleksi tədarük etməyə başladı və çox keçmədən öz müttəfiqinin sanksiyasına məruz qaldı. Türkiyə üçün olduqca həssas məsələ olan “erməni soyqırımı” ifadəsi də məhz buna görə bu il, 106 ildən sonra ortaya çıxdı.
ABŞ-ın dostluğu, müttəfiqliyi başqa dövlətlər ona sözsüz itaət edənə qədərdir. İdarə olunmaqla bağlı hər hansı bir düzəliş, irad, tapşırıqlardan yan keçmə cəhdi olarsa, ABŞ dərhal pozulur, “öz müttəfiqi”ni cəzalandırmaq istəyir. Demokratiya, insan haqları, tarixi ədalət-filan bu dövlət üçün gözəl naxışlı pərdədən başqa bir şey deyil.
ABŞ o cür dəyərlərə üstünlük versəydi, dünyanın ən qəddar, ən qeyri-demokratik dövləti olan Səudiyyə Ərəbistanı ilə ayrılmaz müttəfiq olmazdı. Bütün dünyadan azad seçki tələb edən ABŞ seçki keçirməyən, insanlara heç bir azadlıq verməyən teokratik rejimdən itaətdən başqa heç nə tələb etmir. Vaxtilə Nikaraquada diktator Samosaya hər cür dəstək verən ABŞ, onu devirən qırmızı diktator Orteqaya düşmən kəsilmişdi. Çünki Samosa onun öz diktatoruydu, Orteqa isə Moskvanın adamıydı.
Başqa bir misal: SSRİ 1979-cu ildə öz ətrafını kommunist rejimləri ilə əhatə etmək məqsədi ilə Əfqanıstana hərbi kontingent yeridəndə buna qarşı ən sərt şəkildə çıxan dövlət ABŞ oldu. Ağ Ev bəyanatla kifayətlənmədi, dərhal bütün resurslarıyla SSRİ-ni Əfqanıstandan vurub çıxarmaq planı işlədi. Bu məqsədlə Pakistanda əfqan tələbələri təşkilatlandırdı, silahlandırdı (“Taliban” hərəkatı belə yarandı), sonradan dünyanın bir nömrəli terroçusu adlandıracağı Üsamə bin Ladeni, əfqan liderləri səfərbər etdi, sovet qoşunlarına ciddi müqavimət bazaları formalaşdırdı, onlara hər cür hərbi texnika, silah-sursat verdi.
1980-ci ildə ABŞ prezidenti Ceyms Karterin milli məsələlər üzrə köməkçisi Zbiqnev Bjezinski Pakistana gəlmiş, üsyançılarla görüşmüş, əlinə avtomat silah götürərək SSRİ tərəfə atəş açmış, mücahidlərin arxasında məhz ABŞ-ın durduğunu dünyaya görk etmişdi.
Daha sonra nə oldu? Əfqanıstanda dünyəvi və özünə sadiq vassal dövlət qurmağa çalışan SSRİ müharibəni uduzdu, bu ölkədən çıxdı, ABŞ məqsədinə çatdı. Amma sonra onun istəmədiyi işlər baş verdi. Kommunistləri qovan, asan-kəsən “Taliban” ABŞ-a da boyun əymədi, müstəqil şəriət dövləti qurmaq istədi. Onda ABŞ vaxtilə böyüdüb-yetişdirdiyi, himayə etdiyi dini fundamentalistlərlə düşmən oldu və hazırda onlarla müharibə aparır. Halbuki “Taliban” ABŞ-a boyun əysəydi, Vaşinqton üçün fərqi olmayacaqdı ki, Əfqanıstanda şəriət rejimidir, qadınlar hüquqsuzdur, seçkilər keçirilmir və s.
Uzun sözün kəsəsi, bütün qüdrətli dövlət kimi, ABŞ da öz dövlət mənafeyini hər şeydən üstün tutur. Onun əsas məqsədi başqa dövlətlərin rifaha qovuşması, başqa xalqların xoşbəxt olması deyil, özünün şəriksiz dünya hegemonu olmasıdır. Buna qarşı çıxan hər bir dövlət onun üçün düşməndir. İstər köhnə düşmən Rusiya olsun, istər köhnə müttəfiq (30-40 il öncələrdə) Çin, yaxud da NATO üzrə müttəfiq Türkiyə…