39 il əvvəl rejissor Ramiz Həsənoğlunun (bugünlərdə hörmətli sənətkarın 75 yaşı tamam olub) yazıçı Anarın ssenarisi əsasında çəkdiyi “Evləri köndələn yar” televiziya tamaşasında bir epizod var, elçilikdə danışmağa söz tapmayan qonaqlardan biri gendən gəlir, deyir: “Amerikada da işsizlərin sayı artır”.
Hazırda baş tutan gizli elçiliklərdə isə uzaq Amerikaya boylanan yoxdur, ya məclisə qatılanların yarısı işsizdir, ya da öz işsizlərimizin halını yaxşı bilənlər.
Gerçəkdən də koronavirus pandemiyası üzündən yüz minlərlə adam ya ənənəvi iş yerini itirib, ya da başqa sahəyə yönəlməli olub və orada özünü işləyən biri saymır, çörəkpulu üçün müvəqqəti əlləşənlərdən hesab edir.
Məsələn, dolanışığı toylardan çıxan yüzlərlə müğənni və sazəndə, minlərlə ofisiant, aşbaz, kababçı, gəlin bəzəyən, bəy saçı düzəldən, xına yaxan, toyçəkən, fişəng satan, çoxmərtəbəli tort bişirən, şadlıq saraylarının qabağında maşın parklama işinə baxan və sair və ilaxır bu sektordan çörək yeyənlərin işi minimuma enib. Hətta pandemiya ölü götürən mollaların işinə də mənfi göstərib. Bircə mürdəşirlərin və qəbirqazanların işi axsamır, onların qrafikləri bir qədər dəyişib, gücləndirilmiş iş rejimində çalışırlar.
Hə, bir də paytaxtda (eləcə də digər şəhər və qəsəbələrdə) taksi sürənlərin sayı bir neçə qat artıb. O məşhur məsəl doğrulub. Deyərdilər ki, əlacı hər yerdən kəsilən qadın da axırda yola çıxır, kişi də. Kişi taksovatlıq etməyə, qadın da, bilirsiniz, nəyə…
İki il əvvəl bir gənc həmkarımız vardı (indi də var), istedadlı, mərifətli oğlan idi. Yenicə işə götürmüşdük, üstündə əsirdik, “varis” deyirdik, nizam-intizamına, qanacağına söz yox idi. Qardaş bir gün gəldi ki, ona başqa bir saytdan dəvət var, getmək istəyir. Dedik, ölkənin ən populyar saytında redaktorsan, hara gedəcəksən, o qısa müddətə bağlanası saytlardandır, getmə. Dedi, yox, orada baş redaktor olacaq, maaşı da buradakından artıqdır. Çox dedik, az eşitdi. Könlünün quşu uçmuşdu. Getdi. Srağagün eşidirəm ki, taksi sürür, amma yeni işinə quşu qonmur və öz sevimli peşəsinə qayıtmaq istəyir. İndi bilmirik, necə edək, pandemiya bizə də “kəmərsıxma”, ixtisar təklif edir, birtəhər müqavimət göstəririk.
Yenə əvvəllər işdən çıxan, işi alınmayan, iş-güc tapmayan, barəsində iş açılan adamlar çamadanını qablayıb şimal ellərinə üz tuturdu, bir az siyasətə meylliydisə, “mənə ölkəmdə təzyiq var” adıyla Qərbə yollanırdı, hələ cənuba dadanmışlar da vardı, indi oraların da yolu bağlanıb.
Ona görə də problemi daxildə, lokal imkanlar hesabına həll etmək lazım gəlir.
Bu xüsusda bir lətifə var, qara yumor silsiləsindəndir, qəhqəhə doğurmasa da, acı gülüş yaradır. Deyir, işsiz qalmış bir yekəpər adamın yolu zoopark tərəfə düşür, fikirli-fikirli qəfəslərin qarşısında gəzinərkən zooparkın məsul işçilərindən biri yaxınlaşır, deyir, deyəsən, işsizsən, bizdə işləmək istəyərsənmi. Adam dərhal razılıq verir. Nə olur-olsun, iş olsun. Məlum olur ki, bugünlərdə zooparkın qorillası ölüb, yenisini də hələ xaricdən gətirdə bilmirlər, amma uşaqlar da ən çox qorillaya baxmaq istəyir. Kəsəsi, adama təklif edirlər ki, qorilla geyimində qəfəsdə otursun, hərdən müəyyən xarakterik hərəkətlər eləsin, maaşını alsın. Əlacı kəsilmiş adam razılaşır və qəfəsdə olduğu müddətdə tamaşaçıların rəğbətini qazanır. Bir gün o, fikir verir ki, camaat daha çox qonşuluqdakı şirə tamaşa edir. “Qorilla” tamaşaçı diqqətini özünə cəlb etmək üçün şirin qəfəsinin üstünə dırmaşır, əlini sallayıb, ona sataşır, şir hiddətlənir, nərildəyir, tullanıb düşür və bu, uşaq-böyüyün xoşuna gəlir. Zoopark rəhbərliyi də məmnun qalır. Bir gün belə “şou”lar vaxtı, necə olursa, “qorilla”nın ayağı sürüşür və şirin qəfəsinə düşür. Qorxudan onun gözü bərəlir, başa düşür ki, indicə qəzəbli şir onu tikə-parça edəcək. Bir dəfə “kömək edin!” deyə qışqırır, ikinci dəfə qışqırmaq istəyəndə şir onun ağzını öz pəncəsiylə tutub pıçıldayır: “Səsini kəs. Yoxsa ikimizi də işdən çıxaracaqlar”.
Bu, əlbəttə, zarafatdır, daha dəqiqi, acı həqiqətin zarafat qəlibinə salınmış variantıdır. Əslində isə heç zooparklarda da düz-əməlli vakansiya yoxdur.
Belə durumlarda bir xeyli adamın qolundan təqaüdlər tutur. Məbləği az olsa da, hər halda, aybaay gələn puldur. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, 90 min adamın əlillik təqaüdü ləğv edilib. Heç demə, əslində adamların əmək qabiliyyəti varmış, saxta sənədlərlə təqaüd alırmışlar.
Düzdür, iş qabiliyyəti olanlar çoxdur, amma iş yoxdur axı. Nə hamı taksovatlıq edə bilməz, nə də… ümumiyyətlə, çox adam ölüdən qorxur, o da ola mürdəşirlik etmək…