Son 28 ildə iki böyük arzum olub. Birincinin detallarına varmıram, 2020-ci ilin noyabr ayının 8-də gerçəkləşib.
Bu biri tək qalıb, gerçəkləşmir və bu gedişlə güman ki, 2092-ci ilə qədər də çin olmayacaq. Bu arzum ondan ibarətdir ki, kaş “1992-93-cü illər” söhbəti bitəydi.
Fəqət mümkün olmur, illər bir-birini əvəz edir, dünya dəyişir, dövlətlər, sistemlər dağılır, rejimlər çökür, dünya okeanının səviyyəsi artır, Kilimancaronun qarı, Sibirin buzlaqları əriyir, qlobal kataklizmlər, pandemiyalar dünyanı sarsıdır, biz hələ də 29 il əvvəlin söhbətini edirik: “1992-93-də evdən çölə çıxa bilmirdik”; “1992-93-də camaat jımıx yeyirdi”, “1992-93-də qənd tapılmırdı” və s.
Bu 29 ildə ABŞ-da 6 prezident dəyişib, amma artıq ata və bala Buşlardan, Klintondan, Obamadan danışan yoxdur. Hər şey keçmişdə qalıb. Türkün sözü, yaşanan gün mazi (tarix) olur.
Bu illərdə öz ölkəmizdə də yüzlərlə kadr nazir, komitə sədri və sair yüksək vəzifələrdə bir-birini əvəz edib. 1994-cü ildən sonra baş nazir, milli təhlükəsizlik naziri, kənd təsərrüfatı naziri, iqtisadiyyat naziri, səhiyyə naziri, maliyyə naziri, əmək naziri kimi vəzifələr tutanlar tutulub həbsə düşüblər, amma bunlar hesabda deyil, əsas odur ki, 1992-93-cü ildə nazirlər yaxşı işləməyiblər.
Əlbəttə, o vaxt ölkənin durumu indiki kimi deyildi, qat-qat pis idi. Ölkə olaraq çox kasıb və zəif idik.
O vaxt 71 illlik aradan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti 6 aylıq idi, indi 30 yaşı var.
Gəlin öz ayağı üstə dura bilməyən, yeni-yeni iməkləyən 6 aylıq körpə ilə 30 yaşlı, sıpa irtməyi qoparan kişini müqayisə edək. Müqayisəyə gələrmi? Əsla.
O üzdən bu, birib-tükənməyən müqayisələr, töhmət-təhnizlər ədalətli deyil.
Məsələn, bugünlərdə Sabirabaddan deputat seçilmiş Kamal Cəfərov “ağır 1992-93-cü illər”dən danışıb. Adam 1989-cu il təvəllüdlüdür. Sabirabadlı Pənah Hüseyn 1988-ci ilin noyabrında Azadlıq meydanında müstəqil dövlətçilik barədə çıxış edəndə Kamal hələ dünyada yox idi. İndi şansı gətirib, gəlib deputat olub, amma görmədiyi “ağır illər”in travmasını yaşayır.
Baxırsan, simpatik, ağıllı baxışı, ciddi görkəmi olan bir gəncdir. Tanıyanlar deyir ki, mərifətli, qanacaqlı oğlandır. Yeni tanıyanlar isə onu məhz 3 yaşındaykən ölkədəki ictimai-siyasi vəziyyətin qənaətbəxş olmadığına dair qənaətə gəldiyinə görə tanıyır və qınayırlar. Hazırda bu xüsusda həmkarlarımızın arasında ciddi fikir ayrılığı var. Aygün Muradxanlı və Azər Rəşidoğlu deyirlər ki, Cəfərov bu kimi iddialar irəli sürərkən haqsızdır. Aqil Ələsgər və Toğrul Allahverdili isə əks fikirdədirlər, deyirlər, o, haqsız söz danışan adam deyil, ola bilər, fikirləri kontekstdən çıxarılıb.
Hər şey ola bilər. Həyatdır. Elə olur, adam oxuduqlarının, eşitdiklərinin təsiri altına düşür, yanılır. Məsələn, biz Stalinin dövründə yaşamamışıq, amma kitablardan, filmlərdən, yaşlı adamların danışdıqlarından bilirik ki, o vaxt amansız repressiya olub, milyonlarla adam güllələnib. Nahaqdan və haqqına güllələnənlərin siyahısı da var. Sibirdən sağ-salamat qayıdıb başına gələnləri yazan yüzlərlə müəllif olub.
Amma dillərdə dastan olmuş “ən yeni ağır illər”də əziyyət çəkənlərin haqqında tutarlı faktlar, konkret şahid ifadələri yoxdur. Məsələn, heç kim çıxıb demir ki, bəli, o, 1992-93-cü illərdə jımıx yeyib. Varsa, telekanallara çıxarıb danışdırmaq, hətta duyğusal suallar verib, həzin musiqinin fonunda ağlatmaq da olar.
Ondan da keçən yerdə, o vaxt gerçəkdən də jımıx yeyən olubsa, heç olmasa orqanik qidalanıblar, indi o da yoxdur, istehlakçılar palma, soya yağı, karton, sintetik düyü, geni dəyişdirilmiş şeylər yeyir.
Budur, 2021-ci ildir, camaat yenə evdən çölə çıxa bilmir. Nədən? Səbəbi var. Pandemiyadır. 1992-93-də də səbəb vardı. Müharibəydi. Amma evindən çıxıb səngərlərdə yatan minlərlə gənc vardı. Evdən çıxa bilməyənlər də çıxsaydılar, o vaxt müharibəni uduzmazdıq.
Yenilənən dünyanın tələblərinə uyğun davranmaq, danışmaq lazımdır. 1992-93-cü illər qaldı 28-29 il geridə. Onlar bir də geri dönən deyil. İrəlidən 2092-93-cü illər gəlir, o barədə də 2036-cı ildə Yerə yaxınlaşacaq asteriod bəlasından sonra danışmaq olar.
Arzu edək ki, gələn il bu vaxt Cıdır düzündə o cür söhbətlər edəsi olmayaq.