Ya 1994-cü il idi, ya da 1995-ci il, fəsil yadımda qalmayıb, amma ilıq aylardı, “Elmlər Akademiyası” metrostansiyasından çıxıb BDU-nun yataqxanaları istiqamətinə gedirdim, universitetin tuşuna çataçatda qulağıma gitara səsi gəldi. Rəmişin ifasını andırırdı.
Əvvəlcə elə bildim ki, gitara səsi audio və video kassetlər satılan dükandan gəlir. Sonra baxdım ki, yox, canlı musiqidir. Ətrafa göz gəzdirdim, səs “Şeraton” kafesindən gəlirdi (o vaxt BDU ilə üzbəüzdə bu adda kafe vardı, yarımzirzəmi tikilidə işləyirdi). İki-üç addım irəli yeriyib, sağa buruldum və kafenin açıq qapısından gördüm ki, gitarasından Rəmişvari səslər çıxararaq küçəni feyziyab edən ifaçı bir başqası deyil, elə Rəmişin özüdür. O, sağ ayağını sol ayağının üstünə aşırmışdı, gözüyumulu şəkildə köhnə melodiyalarından çalırdı.
Bir ifaçının canlı çalğısı qeybdən gələndə belə tanınırsa, şübhəsiz ki, o, böyük sənətkardır.
Rəmiş mahir sənətçiydi, unikal insan idi. Bəlkə də şöhrəti onun sənətkarlığını üstələmişdi, amma o, barəsində yaradılmış əfsanələrlə, şəxsi xarakteriylə başqa ifaçılardan seçilirdi.
Rəmiş hələ yarım əsr bundan əvvəldən qeyri-rəsmi olaraq, ölkənin 1 nömrəli gitaraçısı adını qazanmışdı və uzun illər bu adı özündə saxladı. Bir ara rəhmətlik gitaraçı Rüstəm Quliyev nəinki ölkəmizdə, hətta ondan kənarda da böyük şöhrət qazanmışdı, çalğısına söz yox idi, bu saat da melodiyaları internet resurslarında dönə-dönə paylaşılır, tirajlanır, amma yenə də “Rəmiş” deyəndə yada gitara, “gitara” deyəndə yada Rəmiş düşür.
Minlərlə gəncin qəlbində gitaraçı olmaq arzusu oyadan adam idi Rəmiş. Etalon idi.
Bu xüsusda bir lətifəyə oxşayan olmuş hadisə də var. Danışırlar ki, Füzulidə Tofiq müəllim adlı məşhur tarzən varmış. Ustad sənətkar imiş. Bir gün ondan soruşublar ki, ölkədə ən yaxşı gitaraçılar kimdir. Tofiq müəllim təvazökarcasına deyib: “Rəmişdir, Bəhram Nəsibovdur, bir də… məni deyirlər”.
Bu sualı ötən əsrin 70, 80, 90-cı illərində hansı gitara ifaçısına versələr, öz adını, şübhəsiz ki, ilk üçlüyə salacaqdı və bu sayədə ən yaxşı üç gitaraçının adları fərqli olacaqdı, amma o adlardan biri heç vaxt dəyişməyəcəkdi: Rəmiş. Bu, bir gerçəklik idi. Yoxsa o vaxtlar İslam Rzayevin konsertmeysteri tarzən Abdulla Qurbani də, həmin ansambldakı gitaraçı da əla sənətkarlar idi, fəqət şöhrətləri yox idi.
Şöhrət çələngi Rəmişin başındaydı. Onun sovet sənətçilərinə xas olmayan davranışları, zərərli və zərərsiz vərdişləri, geyim tərzi, saç-saqqalı fərqliydi. O, özünü azad sənətkar kimi tanıtmışdı. Azərbaycanın Hendriksiydi Rəmiş. O, məşhur amerikalı gitaraçı Cimi Hendriks (1942-1970) kimi gitarasından şou səciyyəli od-alov çıxarmasa da, yanğılı çalğısı ilə bəzi ürəklərə od qoyur, bəzilərinə su səpirdi.
Rəmiş əhlikef və səxavətli adam olub. Bu barədə çox adam danışa bilər. Bir yaxın adamın dediyinə görə, 90-cı illərin axırında o, Novxanı tərəfdə bir restoranda gitara çalır, elə oradaca yaşayırmış. Həmin restoranda çalışan həmin şəxs deyir ki, elə olurdu, Rəmiş bir gecədə 200 dollar pul qazanırdı: “O vaxt ölkənin baş nazirinin rəsmi maaşı 50 dollar civarındaydı və 200 dollar böyük pul idi. Ertəsi gün Rəmiş yoxa çıxırdı, bir də iki gündən sonra gəlirdi, restoranın müdrinin yanına gedirdi ki, əlborcu bir-iki ”şirvan” ver. Ay Rəmiş, srağagün qazandığın 200 dolları neylədin? Sakitcə deyirdi ki, dostlara qonaqlıq verdim, ciblərinə pul qoydum, əlləri aşağıydı”.
Ta gəncliyindən bəri özünü məruz qoyduğu risklərə (avtomobil qəzaları, xəstəliklər və s.) baxmayaraq, Rəmiş uzun yaşadı. Onun kimi sənətkarlar, o cür həyat sürənlər uzun yaşamırlar. Hendriks də gənc yaşında vəfat edib, Vısotski də, Elvis Presli də, Morrison da, Kobeyn də, bir çox başqaları da. Bircə fərq var ki, onları bu dünyadan vaxtından tez aparan zəhrimarın gücü Rəmişə çatmadı və o, ahıllğın zirvəsini gördü. Fəqət Rəmiş yaşlansa da, heç vaxt ağsaqqallaşmadı, həmişə cavan, dəlisov, söz-söhbətli, qalmaqallı qaldı.
Elə sənətkarlar var ki, adam heç vaxt onların yaşlanmasını, həyatdan köçməsini istəmir, istəyir ki, onlar həmişə var olsunlar. Rəmiş də elə sənətkar idi -bütün yanlışlarıyla, doğrularıyla. Allah rəhmət eləsin.