Əgər bu saat dünyada qlobal miqyaslı bir sorğu keçirsək, müxtəlif ölkələrdə XX əsrin dahi 3 adamının kim olduğunu soruşsaq, söz yox ki, hər ölkədə siyahıda ikinci yerdə Uinston Çörçillin adı gələcək. Hər ölkə birinci yerə öz dahisinin adını yazacaq, buna şübhəniz olmasın.

Ser Uniston Çörçill (1874-1965) isə gerçəkdən də dahi olub – həm də 3 sahə üzrə. Hələ 34 yaşında krallığın daxili işlər naziri olan bu adam sonralar siyasətdə lap zirvəyə dırmaşıb – seçkidə qalib gəlməsə də, yalvar-yaxarla onu baş nazir təyin ediblər və II Dünya müharibəsinin 3 qalibindən biri olub. Müharibədən sonra o, dünyaya əsas təhlükənin hansı ölkədən gəldiyini düzgün təsbit edib, həmin ölkəyə (SSRİ-yə) qarşı “soyuq müharibə” aparılmasını vacib sayıb və dedikləri düz çıxıb.

Çörçillin ədəbiyyat üzrə Nobel mükafatı aldığını da, yəqin ki, hamınız bilirsiniz. Bu hadisə 1953-cü ildə olub. Çörçillə mükafatı tarixi və bioqrafik səciyyəli əsərləri yüksək sənətkarlıqla yaratmasına və parlaq natiqlik qabiliyyətinə görə veriblər.

Allah tərəfi, Nobel komitəsi bu xüsusda beynəlxalq ictimaiyyətə yalan danışmayıb. Çörçillin yazı-pozusu da parlaq olub, natiqliyi də. Çox maraqlı danışırmış, millət yığılıb qulaq asırmış. Hətta bir dəfə o, taksiylə radioda çıxış etməyə gedirmiş, taksist onu tanımayıb. Çörçill taksidən düşəndə sürücüyə deyib ki, məni burada bir saat gözlə, radioda işim var, qurtarıb çıxım, başqa yerə gedəcəyik. Sürücü deyib, yox, gözləyə bilmərəm, Çörçillin çıxışı var, gedib ona qulaq asmalıyam.

Özü də Çörçill ədəbiyyat üzrə Nobel mükafatını alanda rəqibi məşhur yazıçı Ernest Heminquey olub. Nobel komitəsi mükafatı siyasi xadimə verib, Heminquey layiq olduğu mükafatı bir il sonra alıb.

Dünən isə belə bir xəbər yayılıb ki, Çörçillin çəkdiyi tablo 7 milyon funt-sterlinqə satılıb. Ser (yeri gəlmişkən, ona bu titulu 1953-cü ildə Britaniya kraliçası verib, təxminən bizdə keçmişdə pullu kişilərə verilən “bəy” titulu kimi bir şeydir) “Koutoubia məscidinin qalası” adlanan tablonu 1943-cü ildə Mərakeşdə çəkib. O zaman o, orada beynəlxalq konfransdaymış, bir axşam çağı görüb ki, günəş qürub edərkən yaxşı mənzərə yaranır, ertəsi gün fırçasını götürüb mənzərəni kətana həkk edib. Təbiətcə səxavətli adam olan Çörçill bu əsəri ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltə ad günü hədiyyəsi göndərib. Sonradan tablo Hollivud aktrisası, çoxsaylı yetimlər anası Ancelina Colinin əlinə düşüb, onun da əli aşağı olunda satışa çıxarılıb və yuxarıda deyilən qiymətə kiməsə qismət olub. Həmin şəxsin və qurumun adı hələlik açıqlanmır.

Bu barədə yayılmış xəbərdə tablonun şəkli də verilmişdi. Doğrusu, bu tablonu müdhiş dərəcədə yüksək sənətkarlıq nümunəsi hesab etmək olmaz. Hətta and içərəm ki, tablonu bizim Bakı rəssamlarından biri çəksəydi və onun imza yerində Çörçillin yox, sənətkarımızın imzası olsaydı, bu tabloya nəinki, 7 milyon, 700 min, 70 min, 7 min, 7 yüz dollar verməzdilər, olsa-olsa 70 manat verərdilər.

İmtahan üçün, serin başqa, naməlum tablosu varsa, imzasını örtüb satışa çıxaraq, lap “Vyana rəssamlarının işidir” deyək, görək ona 7 min funt verən olacaqmı. Amma Çörçillin əsəri olduğu bilinərsə, tablonun qiyməti avtomatik 2 milyondan başlayacaq.

Yəni bu məsələlərdə qlobal şöhrət, adı çıxmışqlıq məsələni həll edir.

Bununla belə, aydın olur ki, Çörçill siyasətdə Ruzveltdən, Stalindən və Hitlerdən (Adolfun rəssamlığı da yarımçıq olub) üstün olduğu kimi, ədəbiyyatda Heminquey və Folknerdən, rəssamlıqda Pikasso və Dalidən üstün imiş. Faktlar belə deyir.

Onu da deyək ki, ölkəsi qarşısında o qədər parlaq xidmətlərinə baxmayaraq, bu dahi insan 1945-ci ildə qatıldığı seçkini uduzub. O vaxtın ingilisləri deyiblər, ser, dünənki işinə görə sağ ol, bugünkünə cavab ver. Yəni müharibəni udmusan, yaxşı eləmisən, bəs dolanışıq necə olsun?

Amma atdan düşən cənab Çörçill yenidən atlanıb və 1951-ci ildə, 76 yaşındaykən seçkini udub, hakimiyyətə gəlib. Görünür, ingilislər II Dünya müharibəsindəki qələbənin dəyərini sonradan anlayıblar.