Son aylarda ermənilərin monastır sevdası, kilsə-ibadət ehtirası göz deşir. Kəlbəcərdəki Xudavəng (Dadivang) məbədi ətrafında qopardıqları haray-həşir isə tamam əndazədən çıxıb.
Hər həftə bir bölük erməni avtobuslara yığılır, Xudavəngə gəlir, bu qədim məbədi ziyarət edir, oradan əl çəkmək fikrində olmadıqlarını göstərirlər.
Vay, amandır, Azərbaycan əsgəri onlara “dur” desin, anındaca bütün dünya bilir ki, azərbaycanlı hərbçilər Kəlbəcərdə mömin ermənilərin ibadətinə mane olublar.
Bu cür məsələlərdə, bir xeyli də süni şəkildə həssas olan avropalılar dərhal siyasi-diplomatik kanallarla duruma təsir göstərməyə çalışırlar. Çünki bu, “xristian qardaşlarının vicdan, dini etiqad azadlığı məsələsi”dir.
Əslində bu, Ermənistanın dini motivlərlə Azərbaycanı şantaj etməsi, xaçpərəst Avropanı arxasına alıb bizimlə “soyuq müharibə” aparması deməkdir.
Xidavəngdəki alban kilsəsinin erməniləşdirilməsi, “özəlləşdirilməsi” də o məqsədə xidmət edir. Bütün Avropa bu monastıra durbinlə baxır ki, birdən bir daşı düşər, o zaman onlar hərbçilərimizi Əfqanıstanda Budda abidəsini partladan “Taliban” əsgərləri ilə müqayisə etmək imkanı qazana bilərlər.
İlk baxışdan elə çıxa bilər ki, ermənilər çox cürətlidir, əqidələri yolunda hər cür əzabkeşliyə, hətta ölümə belə hazırdırlar.
Elə deyil. Rus sülhməramlıları orada olmasa, onlara təhlükəsizlik qarantiyası və dil verməsə, heç bir erməni Xudavəng səmtinə üzükməz.
İndi onlar özlərini dünyanın ən mömin milləti kimi göstərirlər. Baxaq görək, doğrudanmı belədir? Elə olsaydı, onlar sovet dönəmində Tuğdakı erməni kilsəsi elan edilmiş alban məbədində “Disko rəqqası”, “Uzun gecə” filmi göstərməzdilər, yaxud müsəlman məscidlərini o kökə qoymazdılar.
Məscid, came, sinaqoq, kilsə – hamısı Allahın evi deyilmi? Əsl dindar başqa dinlərə də, onların abidələrinə də hörmət qoymalıdır.
Hələ araşdıranda ortaya çıxır ki, 44 günlük müharibədən əvvəl ermənilər Dadivang-Xudavəngi heç də su yoluna döndərməyiblərmiş. Bu məbəd ermənilər üçün müharibədən sonra “müqəddəsləşib” – o da yuxarıda yazdıımız səbəblərdən, şantaj üçün.
Həm də bu ermənilərin hərbi-ideoloji doktrinasında ilk vaqiə deyil. Bundan əvvəl onlar Türkiyəyə qarşı ərazi iddialarını diri saxlamaq üçün Van gölündəki kiçik adada yerləşən erməni məbədini – Ağdamar kilsəsini də “müqəddəs” elan ediblər və ora vaxtaşırı səfərlər, ziyarətlər təşkil etməyə çalışırlar. Dünyanın, eləcə də Türkiyənin hər tərəfindən ermənilər il boyunca Vana axışır.
Bəlkə də çoxlarına qəribə gələcək, ancaq ermənilər Qırğızıstanda, İssık-göl gölünün ətrafında nə vaxtsa inşa edilmiş bir xristian məbədi taparaq iddia edirlər ki, bu erməni kilsəsidir. Əlbəttə, onlar uzun illər ərzində bu məbədin muzeyini əldəqayırma eksponatlarla, o həndəvərdən “sonradan tapılan daş kitabələr”lə zənginləşdiriblər, ta heç kim sübut edə bilməz ki, bu, erməni kilsəsi olmayıb.
Ümumiyyətlə, İssık-göl haqqında rusca Vikipediya məqaləsi yazan adam böyük ehtimalla erməni mənşəli olub və mətnə Ermənistana aid başqa cümlələr də soxuşdurub. Məsələn, göstərilir ki, İssık-göldə yaşayan qızıl balıqlar Ermənistandan Sevan (Göyçə) gölündən gətirilib. Baykaldan gətirilən başqa sort balıqların anası ölsün, nə özlərinin, nə vətənlərinin adı çəkilmir.
Kilsə ətrafında birləşmək, qədim monastırlara dayanaraq, başqalarında “buralar bizim olub” qənaəti yaratmaq ermənilərin köhnə strategiyasıdır. Bu, indiyə qədər hərbi planda bir elə effekt verməsə də, hər halda, milyonlarla adamda ermənilərin “qədim və mömin”, “tikib-qurmağa meylli” xalq olduqları barədə rəy yaradıb.
İndi onların Marseldə, Lionda, Krasnodarda, Los-Ancelesdə, dünyanın erməni ayağı dəyən bütün şəhərlərində monastırları var. Belə çıxır ki, bir neçə yüz ildən sonra o tikililəri nəzərdə tutaraq “vaxtilə dünya bizim olub” deyə bilərlər.
İki daşın arasında, müharibənin ortasında, tələm-tələsik Şuşada ikinci kafedral kilsənin tikilməsi də bu məqsədi daşıyırdı. Ermənilər dünyaya sübut etmək istəyirdilər ki, Şuşa onların qədim şəhəridir və bu şəhərdə onlara məxsus bir neçə kilsə olub.
27 il yarım işğal altında saxladıqları ərazilərimizdə, məsələn, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində blindaj və bunkerdən başqa bir şey tikməyən, daşı daş üstünə qoymayan ermənilər postda balaca bir kilsə də tikiblər. Guya ki, ibadət edirmişlər.
Bu qədər qansızlıqlar, zülmlər edən, günahsız insanları öldürən, başqasının torpağını, əmlakını talayan lənətə gəlmişlərin ibadəti nə olacaqmış, görəsən? İbadətiniz də başınıza dəysin, siyasətiniz də!