Gerçək xəbərlə şayiənin bir-birinə qarışması halları ölkəmizdə çox yayğındır. Son 30 ildə, bəlkə də 300 dəfə belə vaqiələr olub. Çox vaxt “deyirlər”lə başlayan və hamımızın şayiə hesab etdiyimiz söz-söhbətlərin sonradan həqiqət olduğu ortaya çıxır. Ya da əksinə, hamının həqiqət kimi qəbul etdiyi bir hadisənin sonradan gerçəklə əlaqəsi olmadığı, qurama olduğu məlum olur. Sonra ha de ki, ona medal düşmürdü.

44 günlük müharibənin başlandığı 3 gün idi, ortalıqda belə bir söhbət dolaşmağa başladı ki, Nəcməddin Sadıkovu vəzifəsindən götürüblər və artıq o, müharibəyə-filana qarışmayacaq. Xalqımız bu xəbərdən çox xoşhal oldu, çünki o, Sadıkovun qələmini çoxdan qırmışdı və generalı “cümlə xəyanətlərə bais” sayırdı.

Xalq nə dərəcədə haqlıydı, deyə bilmərəm, bunu bilsə-bilsə, sabiq baş qərargah rəisinin işini aparan müstəntiq və hərbi tribunal hakimi bilər. Fəqət, əsgər valideynləri əmin idilər ki, o, düzgün adam deyil. Bunu təkcə demirdilər, həm də mətbuatda, sosial şəbəkələrdə yazırdılar da. General da öz resurslarından istifadə edib, onlara cavab verirdi, bəzilərinin puçunu bururdu. Çünki elə sakit görünməyinə baxmayın, qəzəbli adamdır.

Bir həmkarımız var, söhbət düşəndə Sadıkovla, onun necə qəzəbli biri olmasıyla bağlı acı xatirəsini danışır. Heç demə, 1993-cü ilin aprel ayının ilk günlərində, Kəlbəcər eli didərgin düşəndə general Sadıkov onu güllələmək istəyib. O zaman həmkarımızın 15 yaşı varmış, atını sürə-sürə ev heyvanlarını yola düzəltməyə çalışırmış, general isə əmr veribmiş ki, hamı tezliklə rayondan çıxsın. 15 yaşlı oğlan atının başını geri döndərəndə, general qəzəblənib, yavərinin əlindən “Kalaşnikov”u alıb, atlı yeniyetməni güllələmək istəyəndə yanındakı zabitlərdən biri mane olub. Kim bilir, bəlkə də qorxuzacaqmış…

Bax, həmin oddayanmaz, sudabatmaz Sadıkovun işdən götürülməsini şayiə sayanlar vardı. Hərçənd adamın müharibəyə yaxın buraxılmaması faktı göz önündəydi.

Elə həmin günlərdə daha bir şayiə yayıldı: “İki generalı əsgərlərinin gözü qabağında qandallayıb aparıblar”. Hansı generalları? Ad çəkilmirdi. Daha doğrusu, çox ad çəkilirdi. Baxırdın ki, “qandallanaraq aparılan” generalların sayı 5-i keçir. Hətta onların gözünə bu gün-sabah general olası polkovnikləri də qatırdılar. Söhbət çox uzandı, axırda belə qərara gəldik ki, bu şayiədir. Bəlkə də düşmən təxribatıdır. Olmazmı? Bal kimi olar. Mənfur düşmən yatmır, generallarımızı qandalladır ki, çaxnaşma salsın.

Ancaq müharibədən 3 ay sonra, bugünlərdə iki generalın ehtiyata buraxılması göstərir ki, o vaxt deyilən sözlər havayı deyilmiş, generalları qandallamasalar da, nəzarət altına alıblar ki, çox da şey eləməsinlər.

Hazırda ortalıqda başqa şayiələr də dolaşır: kimlərsə inqilab hazırlayır, kimlərsə islahatları sabotaj edir, kimlərsə iştahlanıb və s. Bir çoxları bu iddiaları qəribçiliyə salır. Amma təcrübə deyir ki, bunlar boş yerdən çıxan şayiələr deyil.

O vaxt, 92-nin mayında, camaatın evindən çölə çıxmadığı, “jımıx” yediyi vaxtlarda orda-burda danışırdılar ki, dəən, partokratlar qiyam təşkil edəcək, Elçibəy iqtidarını aşıracaqlar. Dostlardan biri götürüb bu barədə yazı da yazmışdı. Həmin yazı 4 iyun günü “Yeni Müsavat”da dərc olunub – Surətin (Allah onun evini bizim kənddəki evlər kimi ikimərtəbəli eləsin) qiyamından 2-3 saat qabaq.

Demək, camaatın danışdığı heç də şayiə deyilmiş, təsdiqini gözləyən informasiya imiş.

Fərasətli hökumət o hökumətdir ki, bəd niyyətlərə qarşı tədbirini görür, danışılanları şayiəyə döndərir. Tədbir görməyəndə pis ideyalar şayiə mərhələsini adlayaraq reallıq olur, qalırsan çabalaya-çabalaya.

O vaxt əsgər ölümləri görünməmiş sayda artanda Sadıkovu da, o biri yaramaz generalları da Əbiyevə qoşub layiq olduqları yerə göndərmək lazım idi. Onların vaxtında dinc şəraitdə həlak olan əsgərlərimizin sayı 44 günlük müharibədə şəhid olanlardan çoxdur. Bax, bu şayiə deyil, statistika var.