Bu yazı “Yada düşər xatirələr” silsiləsindəndir.
YAP-ın hakimiyyətə təzə gəldiyi vaxtlar idi, Rəsul Quliyev parlamentin sədri təyin edilmişdi və müxalif düşərgə tərəfindən ölkənin 1 nömrəli korrupsioneri elan olunmuşdu. O vaxtın müxalifətçiləri, əsasən də cəbhəçilər, müsavatçılar spikeri ağ yuyub, qara sərirdilər. Xeyirdə-şərdə, ictimai yerlərdə, mediada eyzən Quliyevin söhbəti gedirdi: burdan getdi, ordan gəldi, bu qədər aldı, o qədər yedi və sair və ilaxır.
Allah tərəfi, cənab spiker varlı-hallı adam olduğunu gizlətmirdi, filmlərə, konsertlərə sponsorluq-zad da edirdi (hərçənd sonradan ən məşhur filmin titrlərindən onun adını çıxardılar, yazılmışdı ki, bu film Rəsul Quliyevin maddi yardımı ilə başa gəlib), ədəbiyyat və incəsənət adamlarına görüm-baxım edirdi, bəzi sanballı siyasi partiyaların liderləri ilə də açıq-gizli oturub-durmaqlığı da vardı.
Əslində elə devrilmiş hökumətin müxalifətçi fəallarını narahat edən bu idi. Onlar anlayırdılar ki, 45 yaşını yenicə adlamış Quliyevin siyasi ambisiyaları var və Əliyevdən sonra hakimiyyətə özü gəlmək istəyir. Ona görə də spikerin damğası möhkəm vurulmuşdu: “Korrupsiionerdir, ölkənin sərvətini talayır”.
Bu söhbət çox yoğunlayanda və YAP üçün baş töhmətinə çevriləndə hakim partiyanın orta ranqlı funksionerlərindən biri müxalifətçilərə söz atdı, dedi ki, siz o vaxt Quliyevin korrupsioner olduğunu bildiyiniz halda nədən onu baş nazirin müavini təyin edirdiniz.
Gerçəkdən də bu xoşagələn söhbət deyildi. AXC-Müsavat hökuməti milli təsanüd ideyasını əldə rəhbər tutaraq kommunist baş nazirə iki müavin təyin etmişdi, biri hərbi qiyam törətmişdi, biri də qiyama dəstək vermişdi. Biri baş nazir olmuşdu, o biri – spiker.
Amma bu uğursuz təyinat korrupsiya ittihamının ağırlığını dəyişdirmirdi. Axırda Quliyev dözmədi, çıxdı açıqlama verdi, mallı-pullu olduğunu etiraf etdi, varidatının mənbəyini də göstərdi: neft emalı sahəsində ixtiraları varmış.
Düzdür, hamı o “ixtiralar”ın nədən ibarət olduğunu bilirdi, amma bu, Quliyevçilərin ağzında şirnisi getməyən, çürüməyən saqqıza döndü, spikerin sərvətinə dair bir söz deyilən kimi hamısı deyirdi ki, adamın milyon dollarla gəlir gətirən ixtiraları var, nə istəyirsiniz kişidən.
O vaxt onlar, indiki terminlə desək, trollar bircə səhv elədilər ki, Quliyevin namizədliyini Nobel komitəsinə təqdim etmədilər. Əl-əlbət, Nobel komitəsi həmin ixtiralara biganə qalmazdı. Söhbət neft sahəsində inqilabi ixtiralardan gedirdi. Norveç də neft ölkəsidir axı, dəyərləndirərdilər.
Sonra ortaya yeni, gənc nəsildən olan korrupsionerlər çıxdı, Quliyevi ölkədən perikdirdilər, adam ixtiralarını da götürüb ABŞ-a getdi, elmi yaradıcılığını orada davam etdirdi. Sadəcə, keçmiş spiker bu dəfə özünü publisistika və politologiya sahəsində sınadı – iki-üç kitab yazdı. (“Yazdı” felinin düz ortasına “dır” hecası artırmağımı istəyənlər olacaq, amma bu, mübahisəli mövzudur).
Ən qəribəsi o oldu ki, ABŞ-a yerləşəndən bir il sonra keçmiş “1 nömrəli korrupsioner” yaddan çıxdı, artıq ortada başqa korrupsionerlər vardı. Düzdür, onların sıra nömrəsi hələ müəyyənləşməmişdi, təbii seçmə prosesi gedirdi, amma hamımız görürdük ki, perspektiv vəd edən korrupsionerlər var.
Quliyev isə demokrata çevrildi, bir zamanlar ona “bir nömrəli korrupsioner” damğası vuran müxalifətlə müttəfiq oldu. Bu dəfə YAP funksionerləri Quliyevin iddiasını görüb hiddətləndilər, onu itdən alıb itə verdilər, “korrupsioner” adlandırdılar, onun arxasınca düşüb YAP-dan çıxan deputatları el içində duhazar elədilər, düz 1 ay müddətində yerlərdə onlara qarşı “zəhmətkeş toplantıları” təşkil edildi.
Sonralar Rəsul müəllim kimi vəzifədə olarkən “korrupsioner”, vurulandan sonra “demokrat” olanların sayı artdı. İntəhası, bəzi antipod “korrupsioner”lər etibarsız və qorxaq çıxırdılar, vəzifədən götürüləndən sonra heç cür tutduq vermirdilər, müxalifətə qoşulmaq istəmirdilər, bir küncə çəkilib yığdıqlarını yeməklə məşğul olurdular. Ona görə də elələri ictimai rəydə “kötü adam” olaraq qaldılar. Amma özlərini yaxşı aparanlar, müxalifətə meyllənənlər duru suya çəkildilər, “yaxşı adam” oldular.
Bax, indi keçmiş nazir Səlim Müslümovu tutublar, əgər ictimai rəydə rəğbətli olmaq istəyirsə, yaxınlaşmalıdır, mesaj və sairə göndərməlidir, ondan sonra görün, onu necə dissident elan edirlər. Bir vaxtlar müxalifət liderlərini mitinqlərdə döydürən, sonradan “dissident”ə çevrilən oğlanlardan əskik kişi deyil ki…
Bu işlər belədir, incəsənət qurban tələb edir, halva-halva deməklə ağız şirin olmaz, əl əli yuyar, əl də üzü, sifarişlə Həcc qəbul olunmaz…. və sair və ilaxır.