İndiki cavanlar oxumuş olmazlar, bizim vaxtımızda yazıçı Anarın “Adamın adamı” adlı bir pyesi vardı. Aradan çox vaxt keçib, pyesin süjet və personajları yadımda qalmayıb, amma əsərdə söhbət irəli gedən adamların arxasında duran böyük adamlardan gedirdi.
Belə şeylər sovet vaxtında da vardı. Hətta bir az geri getsək, deyə bilərik ki, bir adamın qabağa çəkilməsində başqa bir simsar adamın rol oynaması vaqiəsi rus çarlarının, eləcə də Səfəvi, Əfşar, Qacar şahlarının dövründə də olub.
Əslinə qalsa, dünyada da belədir. ABŞ tarixində böyük rol oynamış Con və Robert Kennedilərin atası Cozef Patrik Kennedinin müharibə dövründə İngəltərədə səfir olduğunu, Çörçillə, Ruzveltlə oturub-durduğunu yəqin çoxlarınız bilirsiniz.
Əgər Reyqandan sonra ABŞ prezidenti seçilən Corc Buş zamanında MKİ rəhbəri, sonra vitse-prezident, lap axırda da Ağ Evin sahibi olmasaydı, onun oğulları Corc və Ceb inkişaf edərək ABŞ prezidenti və Florida qubernatoru ola bilərdilərmi? Ceblə tanışlığım yoxdur (guya ki, Corcla var), amma dəqiq bilirəm ki, oğul Corc Buş o ağıl-kamalla texaslı çilingərin oğlu olsaydı, yekəlib-yekəlib detroytlu çilingər olacaqdı. Amma türkün sözü, ata torpili gör onu haralara aparıb çıxarmışdı.
Özü öz gücünə vəzifəyə gələn Barak Obama kimi olar. Yetim oğlan idi, universitetə də öz başıyla girmişdi, senator vəzifəsinə də öz fərasətiylə seçilmişdi.
Hələ Cared Kuşner… O, Trampın kürəkəni olmasaydı, onu Ağ Evə yaxın buraxardılarmı? Əsla. Amma adam Trampın hesabına prezident müşaviri olmuşdu, Yaxın Şərqdə qan barışdırmaqla məşğul idi. Hərçənd bir şey edə bilmədi, ara yerdə onun topuq ötürməsi ilə Qüds davası təzədən qızışdı.
Təkcə siyasət deyil ha, çox sahədə belədir – ədəbiyyatda, incəsənətdə, mədəniyyətdə, hətta idmanda da. Düzdür, başqa peşələrdən fərqli olaraq, idmanda ata, əmi, dayı hesabına qabağa getmək, ad çıxarıb, ulduz parlatmaq çətindir, amma yenə də ulduz idmançıların övladları başqalarından bir addım qabaqdadır. Paolo Maldini kimi atası Çezareni kölgədə qoyan parlaq idmançılar azdır.
Bizim kənddə bir Nəsir kişi vardı, səsi Qədir Rüstəmovun səsi kimiydi, hələ bir az da doluydu, adamı olsa, qabağa çəksə, İtaliyaya-filana oxumağa göndərsə, Pavorrotti kimi bir sənətkar ola bilərdi. Amma o da gəncliyində yetim və utancaq adam olmuşdu, heç kənd toylarında da irəli durub bir ağız oxumamışdı. Eləcə qoyuna, mala gedəndə, kənddən 3-4 kilometr aralanandan sonra oxuyurdu, səsini eşidənlər bilirdilər ki, oxuyan odur. Ağlınız indiki oxuyanlara getməsin, səs deyirəm sizə. İndikilər suda boğulanda “kömək edin, batıram” deyə qışqırsalar, 15 metr kənardakı adam eşitməz, batıb gedərlər.
Ancaq adamsızlıqdan La-Skalada opera oxuyası bir adam ömrü boyu suçu işlədi, nəticədə dünya mədəniyyəti bir korifey sənətkar itirdi.
Hazırda böyük-böyük dövlət vəzifələrində məşhur-məşhur soyadlar daşıyan adamlar var. Araşdırırsan, səfirlərdən biri baş nazirin müavinlərindən birinin oğludur, bir rəis başqa bir nazirin züryətidir, bir İH başçısının qayınatası rektor-deputat olub, bir gənc məmurun atası qocaman qurdlardandır və sair və ilaxır.
Bir ara bərk dadanmışdılar, əksər yüksək vəzifəli məmurların övladları mütləq poqon daşıyırdılar. Özü də hansı hüquq-mühafizə orqanının poqonu olmasının fərqi yox idi, təki gənc 35 yaşına kimi polkovnik rütbəsinə yüksəlsin. Camaat 2-3 universitet qurtarır, 7 rayonda rəis olur, 55 yaşı çatanda polkovnik rütbəsində istefaya göndərilirdi, amma nazir və ya komitə sədrinin oğlu, bir “kitayski” universitetin Dərbənd filialını bitirir, gənc yaşında “zirvələr fəth edirdi”. “Zirvə” deyəndə ağlınıza “şəhidlik zirvəsi” gəlməsin, “torpilli”lərin orda işi yoxdur.
O vaxt Siyavuş müəllimin yoldaşı ombudsman təyin ediləndə bütün media yazdı ki, bu təyinat Novruzovun xidmətlərinin mükafatıdır. Amma təvazökarlıqdan Ulan-Bator qədər uzaq olsa da, deyim ki, bu sətirlərin müəllifi ombudsmanımızın atası Yaşar Əliyevin tarixi xidmətini yada saldı və yazdı ki, heç kəs dağa-daşa düşməsin, xanımı atasına görə irəli çəkiblər.
Ona görə də yazıçı Elçinin qızının Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsində təəccüblü bir şey yoxdur. Ata dirəyi, dağ çiçəyi…
Bu xüsusda yalnız bir şeyi dəqiq deyə bilərəm ki, yüksək vəzifəsindən, şəxsi əlaqələrindən övladı üçün istifadə etməyənlərə xalqımız pis baxır.