Taleyindən və sinəsindən doğma yurdunun işğalının çəkdiyi dağın çalın-çarpaz keçdiyi adamlar üçün viran qoyulmuş, xarabazara çevrilmiş məskənlərin ürək acıdan görüntüsü adi şeydir. Onlar bu həqiqəti çoxdan bilirlər, ən azı “Google map” adlı elektron xəritədən doğma yurdlarınnı, doğulub-böyüdükləri evlərin nə gündə olduğunu görüblər və artıq bu durumla barışıblar.
Amma yenə də vaxtilə minlərlə insanın şad-xürrəm yaşadığı şəhər, qəsəbə və kəndlərin indiki xarabazarlığının yanından biganə ötüb keçmək mümkün deyil. İnsanın gücü başını bulamağa və düşmənə nifrətini, hiddətini ifadə edən sözlər dilə gətirməyə çatır. Bu sözlər, adətən, qarğış və söyüşlərin simbiozu olur, hiddəti azaldır, acığı bir qədər soyudur.
Srağagün Cəbrayıl rayonunun dağıdılmış, xaraba qoyulmuş kəndlərinin kənarıyla, daş-çınqıl qalaqlarına baxa-baxa Zəngilana yollanarkən buraları bu günə qoyan düşmənə lənət oxuya-oxuya getdik. Lənətə gəlmişlər cənnət məkanları bayquşların belə tamah salıb qonmadığı xarabalığa çeviriblər. Ölkəmizə vurulan maddi-mənəvi ziyan ölçüyə gəlməz şəkildədir.
Televiziya ilə verilən müharibə xəbərlərində “Cəbrayıl alındı”, “Əsgərlərimiz Qubadlıya daxil oldu”, “Zəngilan azad olundu”, “Füzuli işğaldan qurtuldu”, “Hadrut götürüldü”, “Şuşa artıq bizdədir” kimi müjdələri dinləyərkən hamımız riqqətə gəlirdik, amma çoxumuz təsəvvür etmirdik ki, bu adları çəkilən və çəkilməyən rayonların ərazisi, sahəsi nə boydadır. Normal sürətlə Horadizdən Mincivana saat yarıma getmək olur.
Ermənilərin bu yerləri “respublika” adlandırmaları bir baxımdan əsaslıydı ki, dünyanın 50-dən artıq ölkəsinin ərazisi Qarabağınkı boyda deyil. Üstəlik, dünyanın əksər ölkələrində bu qədər bərəkətli, məhsuldar torpaqlar, bol su, əlverişli iqlim şərtləri yoxdur.
İndi hesab edin ki, ermənilər İsrail boyda abad bir dövləti viranə qoyublar, təbiətini məhv ediblər, tikililərini dağıdıblar, insanlarını didərgin salıblar. Bu, təbiətə və bəşəriyyətə qarşı cinayətdir. Yaxşı, yekə-yekə “respublka” demələri nəydi, o boyda yeri xaraba qoymaqları nədir. İnsan oğlu da öz “rspublika”sını dağıdarmı?
Bu xüsusda cəmi bir ürəkaçan detal var. O da odur ki, qəhrəman hərbçilərimiz Cocuq Mərcanlıdan o tərəfə ermənilərin birinci və güclü istehkamını dağıtdıqdan, cəbhə xəttini dəldikdən sonra lənətə gəlmişləri qabaqlarına qatıb it sürüsü kimi sona qədər qovublar. Bu istiqamətdə ermənilər yalnız Cəbrayıl şəhəri tərəfdə bir-iki gün müqavimət göstərmək adına nəsə ediblər, təpələrin yamacında tank-top üçün yer düzəldiblər, amma orada da duruş gətirə bilməyblər, sona qədər vahimə içində, itki verə-verə qaçıblar.
Əgər qəhrəman əsgərlərimiz onlara nəfəs dərməyə imkan versə, əmin olun ki, erməni hərbçilər Cəbrayıldan Mincivana qədər 100 kilometrdən artıq ərazini minalarla “bəzəyəcək”, yüz cür pusqu-tələ qurub ziyanlıq verəcəkdilər. Sadəcə, onlar üstlərinə qartal kimi şığıyan dronların, qoparaqlarını götürmüş əsgərlərimizin basqısı altında olduqlarından bəd əməllər törətməyə macal tapmayıblar.
Ancaq eyni şeyi ermənilərin möhkəmləndikləri, güclü istehkam qurmağa macal tapdıqları yerlər barədə demək olmaz.
Füzulinin təmas xəttindəki Aşağı Seyidəhmədli, Qorqan, Qaraxanbəyli, Merdinli kəndlərinin sahələri başdan-başa piyada və tank əleyhinə minalarla doludur. Hər addımda biri var. Son həftələr təbiət hadisəsinin təsiri ilə həmin minalar torpaq üzünə çıxmağa başlayıb, gendən görünür. Bu, güman ki, yağan yağışların torpağı boşaldıb çökdürməsi üzündədir. Tank əleyhinə minalar qabaritli olduğundan yanlardakı boşalıb çökmüş torpaqla birlikdə aşağı enmir, nəticədə görünən hala gəlir. Hər halda bu çox yaxşıdır, minaaxtaranların işini xeyli asanlaşdırır. Ancaq bu işi sürətləndirmək faydalı olar. Çünki mart ayından başlayaraq cücərən ot-ələf, boy atıb insanı görünməz edən qanqal minaların axtarışını çox çətinləşdirəcək.
27 il 5 ay 4 gündən sonra gördüyüm doğma kəndimiz barədə təəssüratlarım isə çox bərbaddır. Ora mənim təsəvvür etdiyimdən də betər haldadır. O kəndi yenidən köhnə halına qaytarmaq çox çətin olacaq. Təkcə onun cəngəlliklərdən, minalardan, daş-çınqıl qalaqlarından təmizlənməsinə çəkiləcək xərclə bir az aralıda yeni qəsəbə salmaq olar.