Bizim ölkədə SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun söyülməsi ona görə bu qədər kütləvi şəkildədir ki, ona bir çox fərqli qüvvələr eyni dərəcədə nifrət edirlər.

Qorbaçovu müstəqillik tərəfdarları da söyür, SSRİ-nin saxlanmasını zəruri sayanlar da, mərhum prezident Heydər Əliyevin təəssübkeşləri də.

Birincilər Qorbaçova ona görə nifrət edirlər ki, adam 33 il öncə Azərbaycanı ermənilərin ayağına verib, 31 il öncə Bakıda qırğın törədilməsini təşkil edib.

SSRİ-ni “bəşər tarixində ilk kasıb-kusub dövləti” hesab edən şəxslər kommunist rejiminin çökməsini Qorbaçovun adıyla bağlayır, iddia edirlər ki, sonuncu prezident Qərbin imperialist-kapitalıst dövlətləri tərəfindən casusluğa cəlb edilmiş biri olub və SSRİ-ni qəsdən dağıdıb.

Qorbaçova qarşı olan üçüncü qüvvə isə onun 1985-ci ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı planlı iş aparmasını, 1987-ci ildə isə inzibati gücündən faydalanaraq onun istefasına nail olmasını bağışlamır.

Düzdür, Qorbaçov öz ölkəsində, Rusiyada da sevilmir, amma rusların Sergeyiçə kütləvi nifrəti heç də müttəfiq respublikalardakı azadlıq hərəkatlarına qarşı yeritdiyi mürtəce siyasət, eləcə də ayrı-ayrı dövlət xadimlərinə qarşı tutduğu qərəzli mövqe deyil.

Ruslar Qorbaçovu ona görə sevmirlər ki, SSRİ adlanan azman rus dövləti məhz onun dönəmində dağılıb, Rusiya dünyanın iki hegemon superdövlətindən biri olduğu halda hegemonluğunu, nüfuz dairəsində olan ölkələri (ADR, Çexoslovakiya, Macarıstan, Bolqarıstan, Rumıniya, Polşa, Əfqanıstan, Vyetnam, Monqolustan, Kuba, Kamboca, Nikaraqua, Laos, Şimali Koreya), eləcə də öz “halal müstəmləkə”lərini (14 SSRİ respublikasını) itirib.

Bu rəy müstəqillik qazanmış 14 müttəfiq respublikanın əsasən yaşlı insanlarından olan kəsimində də hakimdir, ancaq Rusiyada yaş fərqi yoxdur, orada xeyli cavan adamlar da “böyük rus dövlətini dağıdan” Qorbaçovu sevmirlər və günü bu gün həmin dövlət bu və ya digər şəkildə, adda bərpa olunarsa, ikiəlli razı olarlar. Krımın Ukraynadan qoparılıb Rusiyanın tərkibinə daxil edilməsi məsələsində bunu əyani şəkildə gördük.

Ən pisi odur ki, bizim “sovetpərəst”lər SSRİ-nin dağılmasının qarşısını ala biləcəyi təqdirdə 20 Yanvar hərbi cinayətini Qorbaçova bağışlayardılar və “böyük dövlətin qorunub saxlanması üçün sərt addımlar atılması vacib idi” deyə ona haqq qazandırardılar.

Qorbaçov Nikolay Rıjkovu yox, Heydər Əliyevi SSRİ-nin baş naziri təyin etsəydi, bu gün yəqin ki, ölkəmizdə onu pisləyənlər bu qədər çox olmazdı.

Ancaq SSRİ-nin sonuncu rəhbərini ittifaq dövlətini dağıtmaqda suçlamaq cəfəngiyyatdır. SSRİ-ni Qorbaçov dağıtmayıb. O sona qədər SSRİ-ni qoruyub saxlamağa çalışdı, bundan ötrü 4-5 müttəfiq respiblikanın paytaxtlarında qan axıtdı, sadəcə, gücü çatmadı.

Bu dövlətin dağılmasının günahl heç ABŞ, Ingiltərə, Fransa, Almaniya kimi böyük dövlətlərdə də deyil. Onların siyasi rəhbərliyi, kəşfiyyat xidmətləri, məxfi institutları nə qədər çalışsalar da, ayıq-sayıq kəşfiyyata, böyük casuslar ordusu olan hüquq-mühafizə orqanlarına malik SSRİ-ni dağıda bilməzdilər.

Uzun sözün kəsəsi, dörd dirəyinin dördü də çürümüş talvarın çökməsində dama qonan sərçənin günahı nə qədərdirsə, SSRİ-nin dağılmasında da Qorbaçovun günahı o qədərdir.

SSRİ ona görə dağıldı ki, sadəcə, yaşlandı, inkişafdan qaldı, qocaldı, kasıbladı, yıprandı, öldü. Zatən, Lenin və Stalinin süngü, güllə, qandal, təcrid düşərgələri hesabına qurub möhkəmləndirdiyi dövlətin 1953-cü ildən sonra süquta uğrayacağı gözlənilir və dilə gətirilirdi.

SSRİ dövlətinin 70 illik tarixinə aid yazılmış saysız-hesabsız sənədli (o cümlədən bədii) əsərlərdə bu dövlətin nə dərəcədə qeyri-sağlam bünövrə üzərində durduğu aydın görünür. Bu dövlətin başında çılğın Xruşov, ətalət basmış Brejnev, intriqan Andropov, xəstə Çernenko, dəmdəməki Qorbaçov yox, daha ağıllı, daha uzaqgörən biri dursaydı da, o cür yaramaz idarəetmə üsulu, istehsal haqqında yalançı rəqəmlər, nüvə silahına və 3-cü dünya ölkələrində qırmızı inqilabların təşkilinə, o dövlətlərin və kapitalist ölkələrindəki kompartiyaların saxlanmasına ayrılan böyük vəsaitlər, dövlət müəssisələrinin kütləvi talanması, ərzaq və geyim qıtlığı, iqtisadi gerilik o dövlətin axırına çıxmalıydı.

SSRİ-ni bəlkə yalnız yeni Stalin xilas edə bilərdi – o da 30-40 milyon adamı güllələyərək, iki o qədərini türmələrə dolduraraq, bütöv xalqları Sibirin, Qazaxıstanın kimsəsiz düzlərinə sürgün edərək, qonşuluqdakı qoluna qolay ölkələrlə müharibəyə girişərək…

Dərindən fikirləşəndə əmin olursan ki, ziyanın yarısından qayıtmışıq, daha pis ola bilərdi.