Şahmat ona görə gözəl oyundur ki, heç kim uduzanda cığallıq edə, hakimlərin tərəf tutmasından danışa bilmir. Başın iti işləyir, təcrübən daha çoxdur, udursan, rəqibindən zəifsən, uduzursan.
“Rəqibimin kürəyini yerə vurmuşdum, hakim görməzliyə vurdu”, “bizim penaltini vermədilər, amma qapımıza ofsaytdan vurulan qolu saydılar”, ”zər vermədi, ona görə uduzdum”, “əlimə yaxşı daş (kart) gəlmədi, o üzdən məğlub oldum” – bunlar hamısı o biri oyunlarda uduzanların bəhanəsidir.
Hərçənd nərd kimi oyunlarda da zəif rəqib heç vaxt güclüyə qalib gələ bilmir, uzağı, hər tasda bir oyun udar, amma axırda mütləq mars olar. Dominoda da elədir, usta oyunçular var, masaya 3-5 daş düşəndən sonra rəqibinin əlində nə qədər xal tutacağını deyir. Eləsinə necə qalib gələsən?
Şahmatda isə, yuxarıda dediyim kimi, bəhanələrə, cığallığa yer yoxdur. Amma aşağıda onu deyə bilərəm ki, 1984-cü ilin sentyabrında Harri Kasparov dünya çempionu Anatoli Karpova 5 oyun ard-arda uduzmuşdu, sonra nə təhər oldusa, 3 oyunda Kasparov qalib gəldi, rəqiblər çoxlu heç-heçə etdilər, axırda oyunlar təxirə salındı, 1 ildən sonra onlar təzədən görüşdülər, son nəticədə Kasparov Karpova 13:11 hesabıyla qalib gələrək şahmat üzrə 13-cü dünya çempionu oldu.
Bu oyunlar şahmat tarixinin ən qalmaqallı, maraqlı, gərgin oyunları olub. Bir ölkənin iki şahmatçısı və bu qədər gərginlik. Hələ ortada “alman generalları, Moskva, binokl” söhbəti də oldu. Bunu Kasparov demişdi və Kremldəkilərin bərk xətrinə dəymişdi.
Biz o vaxt həmvətən prizmasından çıxış edərək Kasparova azarkeşlik edirdik, 13 yaşından gözümüzün qabağında böyümüşdü, istəyirdik, 13-cü dünya çempionu o olsun. Arzumuz gerçəkləşdi, Kasparov çempion oldu, amma sonra, türkün sözü, kötü çıxdı, südünə çəkdi, mamasının cığal millətinin tərəfini tutdu, bakılığının içinə zibil qoydu.
O vaxtdan Kasparovu “millətin oğlu” sayan ermənilər qürrələnirdilər ki, onların başı daha güclüdür. Düzdür, Harrinin ata tərəfi yəhudiydi və “ağıllı başa” malik olmaq xətti 50:50-yə Vaynşteylərdən və Bakı şahmat məktəbinin inkişafından gəlirdi, amma kimə deyirsən, deyirdilər, “ara, net e, Qariki yetişdrən mama-can var”.
Variant yox idi. Gərək yeni şahmatçılar yetişdirəydik. Elə də oldu. Ortaya yeni-yeni gənc şahmatçılarımız çıxdı. Onların arasında həm qadınlar, həm də kişilər vardı. Bizim şahmatçılar beynəlxalq yarışların daimi iştirakçıları oldular, dünyanın ən güclü şahmatçılarının reytinq cədvəlində ilk onluğa, iyirmiliyə girdilər, amma ermənilər yeni qariklər yetişdirə bilmədilər, bircə Levon Aronyanı ortaya çıxarda bildilər. Adama deyərlər, hanı bəs sizin ağıllı baş?
Aronyan da dünən gəlib bizim Teymur Rəcəbova uduzub. Əgər Teymur bu gün heç-heçə etsə, turnirin qalibi özü olacaq. Onu da qeyd edək ki, Teymurda belə bir qabiliyyət var, istədiyi oyunu heç-heçə başa çatdıra bilir.
Bu hadisə elə bir dönəmdə baş verir ki, Teymurun qələbəsi hamımız üçün əhəmiyyətlidir. Çünki 44 günlük müharibədə biabırcasına uduzan ermənilər dil boğaza qoymadan deyirlər ki, azərbaycanlılarda uğurlu müharibə aparmaq üçün ağıllı baş yoxdur, onlara kömək edən oldu.
Əlbəttə, uduzanın qaydasıdır, cığallıq edəcək, bəhanə axtaracaq. Müharibə şahmat deyil axı, burada uduzanın bəhanəsi çox olur.
Ancaq ermənilər belə “başlı”dırlarsa, gəlib bizim şahmatçımızın qarşısına çıxsınlar. Necə deyərlər, İsfahan burda deyil, yüz iynə boyu burdadır. (Bilməyənlər üçün: biri çox deyirmiş ki, İsfahanda yüz iynə boyu (təxminən 5 metr) tullanmışam. Axırda biri də qabağa durub deyir, ay, eloğlu, İsfahan burda deyil, amma yüz iynə boyu burdadır, gəl, yenə tullan).
Sonda Xan Şuşinskidən bir lətifəvari hadisəni xatırlayaq. Xan əmi qonşusu, ustad xanəndə Mütəllim Mütəllimovla nərd oynamağı sevirmiş, çox zaman da udurmuş, hər dəfə udanda da deyirmiş: “Ay Mütəllim, bu muğamat oxumaq deyil e, sən biləsən, mən bilməyəm”.
İndi onun sözü olmasın, gərək bu axşam Levona qalib gələndən sonra Teymur deyə ki, Levon, bu Şuşada əlbəyaxa döyüşmək deyil e, siz biləsiniz, biz bilməyək.
Ona görə də Levonun qəti qorxusu yoxdur, Teymur əmoğlu, zəfər sənindir, özünü topla, Levonun atını, filini, piyadalarını topla vur, ud, gəl.