Kəndimizin işğaldan azad olunması xəbərini mənə ilk dəfə sentyabrın 28-də verdilər. Sevindim, amma eyforiyaya qapılmadım, sosial şəbəkədə heç nə yazmadım.
İşğaldan ilk azad olunmuş yaşayış məntəqələrinin içində Aşağı Seyidəhmədlinin adını görməyəndə “bunda bir iş var” dedim, məyusluğa qapılmadım, təbrik edənlərə eləcə təşəkkür etdim.
Ordan-burdan əldə etdiyim kasad məlumatlardan, kəndimizə yaxın kəndlərin atəşə tutulmasından bilirdim ki, təbrik qəbul etmək hələ tezdir. Əslində heç ona lüzum yox idi. Zatən, azad olunan hər bir yaşayış məntəqəmiz bizim idi, bizimkiydi.
Sonra Cəbrayıl şəhəri və bu rayonun kəndləri işğaldan azad olundu. Daha sonra şanlı ordumuz Hadrutu və ətraf kəndləri götürdü. Üç gün sonra Füzuli şəhərinin işğaldan azad olunması xəbəri gəldi. Zəngilan şəhəri və kəndləri də azadlığa qovuşdu, amma kəndimizdən xəbər yox idi.
Əslində isə təmas xəttində yerləşən birinci kənd bizimkiydi və prinsipcə, ilk azad olunan o olmalıydı.
Heç demə, 26 ildən bəri kəndimizdə güclü istehkam tikən ermənilər oranı əməlli-başlı bastiona çeviriblər.
Amma hər bastionun da bir basılan, qoruyanlarının isə basdırılan günü olur.
Nəhayət, srağagün Ali Baş Komandan müjdəni verdi, işğaldan azad olunan kəndlərin siyahısında bizim kəndin də adı çəkildi.
Belə anlaşılır ki, son günlərə qədər orada bunkerlərdə və tunellərdə erməni döyüşçülər qalırmış və hərdən çıxıb atışırmışlar.
Ermənistan rəhbərliyi bu adamları inandırıb ki, müqavimət göstərsinlər, 3-4 gün davam gətirsinlər, uzağı 10 günə Fransa, ABŞ, Rusiya işə qarışacaq, atəşkəs elan ediləcək, müharibə bitəcək, o zaman siz də qəhrəmanlar kimi üzə çıxacaqsınız.
Əslində ermənilərin bütün hesablamaları elə bunaydı, amma heç nə onların planlaşdırdıqları kimi getmədi.
Ola bilər ki, başqa adı çəkilməyən kəndlərdə hələ də yeraltı bunkerlərdə müqaviməti davam etdirən erməni döyüşçülər var və ümidlidirlər ki, yaxın günlərdə atəşkəs olacaq, onlar əsir düşməyəcək və ya döyüşdə ölməyəcəklər.
Yazıqlar bilmirlər ki, əslində yuxarı eşelon komandaları onlara xəyanət ediblər, dirigözlü ölümə göndəriblər.
Bu həqiqətlər, bütün detallar hələ sonralar açılacaq.
Ermənistan rəhbərliyi murdar siyasətini davam etdirərək, bizə qarşı hər cür yaramazlığa əl atdığı kimi öz həmvətənlərinə qarşı da eyni şeyi edir.
Bu ölkənin siyasi liderləri, ideoloq ziyalıları İllərlə xalqın, xüsusilə də gənc nəslin beynini “dənizdən dənizə böyük Ermənistan” ideyası ilə zəhərləyib, onları öz girovuna çeviriblər, indi də qırğına göndərirlər.
Təsəvvür edin, ermənilər artıq həddi-büluğa çatmayan yeniyetmələri, qadınları, hərbi mükəlləfiyyət yaşını adlamış yaşlı adamları səfərbər edir, avtobuslara doldurur, üstünə od tökülən səngərlərə göndərirlər.
Bizim əsgər (eləcə də dünyanın bütün əsgərləri) üçün əlində silah olan hər kəs hədəfdir, təhlükə saçır, onun yetkinlik yaşına çatmmamış olması, qadınlığı, 50 yaşını aşması əhəmiyyət kəsb etmir, yerindəcə məhv edilməlidir.
Görünür, İrəvandakı məkrli başbilənlər sonradan müharibədə həlak olan bu cür şəxslərin xüsusi statistikasını çıxarıb “filan qədər uşaq, qadın, qoca öldürülüb” deyə şivən qoparmağı düşünürlər.
Biz belə bir düşmənlə üz-üzəyik. Əslində isə onlar daha ağıllı, tədbirli, uzaqgörən rəhbərlər olsaydılar, müharibənin 5-ci günü anlamalıydılar ki, güvəndikləri dağlara qar yağıb, çox zəifdirlər və bu gedişlə uduzacaqlar.
Ancaq onlar məğlubiyyət ehtimalını heç cür yaxınlarına qoymurdular, əsgərləri milçək kimi qırılır, yenə “qəhrəman əsgərlərdən”, “düşmənə layiqli cavab verməkdən”, “düşmənin belini yaxın günlərdə sındıracaqlar”ından danışırdılar.
Aşağı Seyidəhmədli torpağının aşağı qatında ölümünə müqavimət göstərən döyüşçülərin isə bundan xəbəri yox idi. Onlar Hadrutun, Füzulinin, Cəbrayılın, Zəngilanın, yüzə yaxın yaşayış məntəqəsinin işğaldan azad olunduğunu bilmirdilər, elə bilirdilər, bütün ordunun qarşısını kəsiblər.
Beləcə, bədbəxt olub getdilər. Biz kəndimizin işğaldan azad olunduğu xəbərini 20 gün gec aldıq, amma guya 20 gün tez alsaydıq, nə olacaqdı ki?
Əsas məsələ dədə-baba torpağına qovuşmaqdır. Tamamilə yandırılmış, dağıdılmış, qupquru torpaq olsa da, biz 3-5 ilə oranı cənnətə döndərəcəyik.