Gerçəkdən də manyaklıqdır, başqa adı yoxdur. Özü də onlar bunu hələ sovet vaxtından tətbiq edirlər: tez-tez müxtəlif xəritələr tərtib edir, ayrı-ayrı dövlətləri “parçalayır”, öz əraziləri “elan edir”, “Dənizdən dənizə böyük Ermənistan” düzəldirlər.

Bunlar niyə belə edirlər, niyə belə olmalıdır – bilən yoxdur. Bu cür etməklə düşməndən başqa nə qazanırlar, xəyalları dərhal gerçəkləşirmi – anlayan nə gəzir?

Bu özlüyündə xırda çaplı “region ağalığı” iddiasıdır. Həm də elə bir iddiadır ki, dünya ermənilərinin topasının başından böyükdür.

Regionun azsaylı xalqlarından biri qəfildən gəlib hamının, gürcülərin, azərbaycanlıların, İran türklərinin bir yarısının, Anadolu türklərinin xeylisinin, kürdlərin, ləzgilərin, avarların, talışların ağası olacaqmış…

Bu, necə ola bilər? Buna kim imkan verər? SSRİ dönəmində 3 milyondan bir az çox olan, hazırda Qafqazda sayları 2 milyon 700 min civarında qalan etnik qrup birdən-birə 50 miyondan çox insana necə ağalıq edəcək? Hansı resursla, hansı ixtiyarla, məşhur lətifədə deyildiyi kimi, nəylə?

Görünür, ermənilər bu sualları özlərinə, öz başbilənlərinə vermir, cavab istəmir, heç özləri də cavab axtarmırlar, sadəcə, divardan asdıqları xəyali xəritələrə baxır, ekstaza gəlir, hansısa bir fövqəlgücün köməyi ilə və ya nəsə bir fövqəladə hadisənin sayəsində, kağız üzərində olduğu kimi, gerçəkdə də “böyük dövlət” quracaqlarını zənn edirlər.

Axırıncı dəfə ermənilərin elə bir xəritəsi ləğv olunmuş DQMV-in qanunsuz rəhbəri Araik Arutyunyanın kabinetinin divarında görünmüşdü, ondan sonra Fransanın Overn-Rona-Alpeb regionunun prezidenti Loran Vokierin paylaşımında daha bir “Böyük Ermənistan” xəritəsi yer alıb və bu, Gürcüstan və Fransa arasında gərginliyə səbəb olub.

Həmin xəritədə ermənilər Gürcüstanın Axalkələk (Cavaxetiya) əyalətini diri “götürüb”, Azərbaycanı parçalayıb, Bakı-Quba zonasını Rusiyaya “bağışlayıb”, yerdə qalanını “udublar”. Yetməyib, İrandan da Urmiyanı “qoparıblar”, ən çox “ziyan”ı isə Türkiyəyə vurublar, bu dövlətin 6-7 iri vilayətini Ağrı dağı qarışıq “azad edib” babat bir ölkə xəritəsi cızıblar, üstünə də təşər-təşər “ARMENİE” yazıblar. Səfeh Loran Vokier də elə bilib bu real xəritədir.

Öz xəyal məhsulunu reallıq kimi qələmə vermək, əlbəttə ki, psixi xəstəlikdir, şizofreniya əlamətidir. Ancaq bunun birdən-birə bir neçə milyon insanda eyni zamanda müşahidə olunması yeni trenddir, görünür, tibb elmi bu “fenomeni” də incələyib öyrənməlidir.

Ermənilərin bu cür iştahlanmasının baiskarı bizik. Biz 1993-cü ildə vətən xainlərinin törətdiyi qiyam və siyasi hərc-mərclik sayəsində torpaqları onlara hədiyyə etməsəydik (satmaqdan söhbət gedə bilməz, məhz hədiyyə idi), ermənilər bu qədər ötkəm olub, qonşuluqdakı güclü dövlətlərə də sataşmazdılar.

Fakt bundan ibarətdir ki, dünyanın bütün erməniləri toplaşsa və hamılıqla silaha sarılsa, nə Türkiyədən, nə də İrandan bir qarış yer qopara bilməzlər. Elə Gürcüstandan da. Biz isə hələ indi-indi onlara dünyanın neçə coğrafi cəhətinin olduğunu göstəririk.

Dünya mübahisəli ərazilərlə, bir-birinə torpaq iddiası irəli sürən dövlətlərlə doludur. Bu, istənilən regionda müşahidə olunur. Məsələn, İranda çoxları hesab edir ki, Azərbaycan o dövlətin tarixi ərazisidir, Rusiya ABŞ-a satdığı Alyaskanın dərdini edir, Yaponiya 1945-də itirdiyi Kuril adalarını Rusiyadan almaq istəyir, tarixi Monqolustanın dörddə üç hissəsi Çindədir və Daxili Monqolustan adlanır, Çin Tayvanı yenidən götürmək fikrindədir. Hindistanla Pakistan 60 ildən çoxdur Kəşmirə görə davadadır, Almaniyada hər kəs Kalininqradın (tarixi adı – Köniqsberq) tarixi alman şəhəri olduğunu bilir. Hələ onların Polşaya, Fransaya verilmiş şəhərləri var. Finlandiya özünü Kareliyanı, eləcə də İsveçin nəzarətində olan Aland adalarının tarixi sahibi sayır.

Ancaq heç kəs iki gündən bir öz “tarixi əraziləri”nindən ibarət xəritə tərtib etmir. Ümumiyyətlə, bu, olduqca havayı, mənasız və zərərli vərdişdir (son illər bizdə bu dəbə ayaq uyduranlar var, amma əbəs yerə). Ona qalsa Türkiyə bütün Yaxın Şərq və Balkan ölkələrini öz “tarixi ərazisi” elan edib yeni xəritə çəkə bilər. Hələ Böyük Britaniya… Vaxtilə dünyanın yarısında müstəmləkəsi olan Britaniya və 225 müstəmləkəyə sahib olan Fransa gərək dünyanı öz aralarında “bölsünlər”.

Hansı dövlət vaxtilə nə boyda olub, hansı əraziləri işğal altında saxlayıb, haralarda ağalıq edib – bunların hamısı keçmişdə qalıb. Eləcə də bu gün hansı xalq hansı coğrafi ərazidə etnik azlıq kimi yaşayırsa, bu, həmin xalqın bir qədər kənarda olan milli dövlətinə haqq vermir ki, hücuma keçib həmin yeri özününkü elan eləsin. Bu məntiqlə ermənilər Cavaxetiyaya, Krasnodara, Kaliforniyaya, Marselə də iddia edə bilərlər. Eləcə də bir çox başqa dövlətlər öz qonşularına…

Bu cür axmaq iddialar qanlı-qadalı müharibə həvəskarı olmaq, özünü faciələrə məruz qoymaq deməkdir.

Təəssüf ki, bu cür kütləvi psixoza mübtəla olan xalqlardan biri də məhz bizim qismətimizə düşüb.