Biz, sovet uşaqları (yəni o dövrdə doğulub-böyüyənlər) uzun illər elə bildik ki, televiziya-radioda nə deyirlərsə, qəzet-jurnallarda nə yazırlarsa, hamısı doğrudur, gerçəkdir.
O zaman propoqanda, təbliğat, piar söhbəti yox idi. “Yox idi” deyəndə, təbii ki, vardı, amma biz elə bilirdik, yoxdur və bütün deyilənlər, göstərilənlər, yazılanlar həqiqəti əks etdirir.
Məsələn, tez-tez televiziyada (o vaxt iki TV vardı, biri bizim AzTV idi, biri də mərkəzi televiziya) deyirdilər ki, Amerika Birləşmiş Ştatları çox mürtəce dövlətdir, çürüməkdə olan imperializmin son qalasıdır, yaramazdır, əclafdır. Biz də inanırdıq.
Amma sonradan gördük ki, bu sovet-rus təbliğatıymış, əslində ABŞ heç də çürüməkdə olan imperializmin və burjuaziya eybəcərliyinin mücəssəməsi deyilmiş, bu ölkənin vətəndaşları çox da acından ölmürmüş.
Lap sonradan onu da anladıq ki, sovet təbliğatı ABŞ-ın mürtəce xarici siyasət yeritdiyini, həndəsi fiqur kimi çoxüzlü dövlət olduğunu, harada bir qarpız kəsirlərsə, içindən çıxdığını, bir ölkədə demokratiya davası edərkən başqa dövlətin müstəbidini dəstəklədiyini deyəndə çox da haqsız deyilmiş, düz deyirmiş.
Əslində o vaxt ABŞ təbliğatçıları da SSRİ haqqında daha betər şeylər deyirmişlər, sonradan o da anlaşılıb ki, onlar da barıtı çox edirmiş.
Bu nəyə oxşayır? İki, siz də məni bağışlayın, oğraş adam təsəvvür edin. Biri hər yerdə o birinin haqqında “oğraşın biridir” deyir, o biri də bu birinin barəsində eyni şeyi deyir. Eşidənlərin hamısı da bilir ki, ikisi də düz deyir.
Neytral, qərəzsiz informasiya ilə propoqandanın fərqini biz sonralar öyrəndik. Bizi başa saldılar ki, bir tərəfin iddia və ittihamları tam həqiqət olsa belə, qarşı tərəfin də mövqeyi verilməlidir, üstəlik, mübahisəli məlumatlar bir neçə mənbədən dəqiqləşdirilməlidir.
Biz belə şeyləri Bi-Bi-Si-dən, “Amerikanın səsi”ndən, “Azadlıq” radiosundan, nə bilim, “Qardian”dan-zaddan öyrəndik. Rus televiziyaları və qəzetləri qərəzli məlumat verən kimi, deyirdik, bunlar sovet üsuluyla işləyirlər, qərəzlidirlər, tərəf tuturlar, birtərəfli təbliğat aparırlar, amma baxın, Avropa mediası elədir, belədir, nümunədir, filandır. Xüsusilə də Bi-Bi-Si-ni öyə-öyə yerə-göyə sığdırımırdıq.
Məsələn, ABŞ və Avropa mediası öz düşmənlərini (Səddam Hüseyni, Müəmmər Qəzzafini, Əhmədinejadı, bin Ladeni, Uqo Çavesi, Əbubəkr Bağdadini) yerdən-yerə vuranda düz dediklərinə şübhə etmirdik. Düzdür, onlar da fağır ilan vurmuş adamlar deyildi, amma əsas bu idi ki, “nümunəvi media” onları “cümlə xəyanətlərə bais” elan edirdi, hamı da şəkk-şübhəsiz inanırdı.
İnanmayanlar da vardı. Onlar deyirdilər ki, qardaşlar, bunların hamısı təbliğatdır, qara piardır, dediklərinin ən azı yarısı yalandır, yalandan ictimai rəy yaradırlar ki, sonradan o adlarını çəkdiklərini məhv eləsinlər. Sonradan doğrudan da o adamların hamısını məhv elədilər, bircə Əhmədinejad sağ qalıb. O, tutduq vermədi.
Bir dost var, lazım olsa lap adını da çəkərəm. O deyirdi ki, bu ABŞ-dır, İngiltərədir, Fransadır, siz bunların mətbuatının sözlərinə, müstəqilliklərinə çox da inanmayın, çox qərəzkar media quruluşlarıdır, hamısı dövlət siyasətinə qulluq edir. Deyirdik, yoox. Bir dəfə dedim, yox e, Səfər, bu birilər terrorçudurlar axı. O da dedi, deyirlər dəə, hələ baxaq, görək, özləri nə zibildir və niyə onlara qarşı terror aktları törədirlər. “Çünki bu güclü dövlətlər onların xalqına illərlə zülm edir, onlar da axır ki, bezib silaha əl atır” – beləcə də dedi.
Amma bizim azad mediaya, eləcə də söz və mətbuat azadlığına inamımız sarsılmırdı və yəqin ki, heç vaxt sarsılmayacaq. Çünki dünyanın bir çox ölkələrində gerçəkdən də hər nə olursa-olsun, həqiqətin ortaya çıxmasına çalışan, daima haqq-ədalətin yanında olan qəzetlər, TV-lər, jurnalistlər var.
Ta iş özümüzə gələnə qədər elə bilirdik, “Şpigel” və BBC də o cərgədədir. Ancaq həqiqətin nədən olduğunu 100 faiz bildiyimiz məsələlərdə Bi-Bi-Si-nin kəndin ad çıxarmış ləçər “bibi”si qədər qırmızı yalan yaydığını görəndə azad mediaya qəlbimizdəki inam babat zərbə aldı. Ardınca “Şpigel” əzəli torpaqlarımızı, dədə-babamızın elatlarını erməniyə “bağışlayıb” “DQR” ərazisi elan edəndə, dedik, bəs harda qaldı sizin neytrallığınız, bitərəfliyiniz, peşə kodeksinə hörmətiniz? Hamısı bu imiş?
İndi gəl bundan sonra ABC-lərin, BBC-lərin dediyinə inan. Sovet dönəminin “Zaman”ı qədər deyilmişlər.