Bu yazını başlamaq üçün maraqlı, bir az da unikal bir giriş üzərində düşünərkən, redaksiyanın otağına sızmış bir milçək müəllifə ciddi şəkildə mane olurdu. Həmin ünsür gah müəllifin “maus” üzərindəki əlinə qonur, gah çiyninə eniş edir, gah sağ qulağını qıdıqlayır, gah da noutbukun displeyi qarşısında təxribat xarakterli uçuşlar edirdi.

Kənardan baxan sanardı ki, həmin milçəyi dronla idarə edirlər və məqsəd yazı yazmağa çalışan müəllifi mütləq işindən ayırmaq, onu radikal hərəkətlərə vadar, problemin hərbi yolla həllini seçməyə təhrik etməkdir.

İnanırsınız, sonda elə də oldu. Müəllif yerindən qalxdı, adının çəkilməsi məsləhət olmayan iri laylı qəzetlərdən birini bürmələdi və oturub mənfur düşmənin növbəti reydlərini gözlədi.

Daha pisi o oldu ki, redaksiyadakı iş otağının hava məkanını pozan milçəyə daha bir soydaşı qoşuldu. Onlar müəllifin başı üzərində həyasızcasına uçuşlar edir, arada noutbukun qapağının dikdirində yallı gedir, sanki müəllifə acıq verirdilər.

Münaqişənin dinc yolla həlli mümkün deyildi. Otağın nəfəsliyi açıq idi və həyasız milçəklər uçub gedə bilərdilər. Amma əksinəydi, otağa milçək axını ola bilərdi. Onlar da burada məskunlaşmağa çalışsaydılar, məkanın demoqrafik balansı pozulacaqdı.

Nəhayət, yazı müəllifinin səbri daşdı, bürmələdiyi qəzeti sağ əlinə alıb, bir daha sıxdı və artıq qənddanın üzərinə qonmuş milçəyə çırpdı. Milçək “Harop”la vurulmuş S-300-ə dönərkən, ikinci milçək öz əcəlini müəllifin mobil telefonunun üzərində tapdı. Təklənmiş üçüncü milçək isə artıq hərbi əməliyyat meydanından kənara çəkilib, asılqan tərəflərdə fırlanır. Yazının sonuna qədər müəllifə əlavə kömək gələcək və onun mühasirəsi qapanacaq.

Əlbəttə, məsələyə “milçək bir şey deyil, eləcə könül bulandıran”dır prizmasından yanaşmaq da olardı, amma inandığınız haqqı, o milçəklər müəllifə yaşamaq və işləmək imkanı vermirdi.

Dediyim odur ki, bəzən başqa yol qalmır, adam radikal addımlar atmağa məcbur olur. Heç mən də istəməzdim ki, otaqdan milçək leşi təmizləyim, telefonumu nəm salfetka ilə siləsi olum, qənddanın qapağını spirtlə dezinfeksiya edim.

Ona görə də durmadan bəyanatı bəyanata calayan böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar, ayrı-ayrı tulasifət liderlər, nüfuzsuz və hörmətsiz xadimlər gərək anlasınlar ki, torpağımıza doluşmuş, gecə-gündüz özünü həyasız milçəklər kimi aparan düşmənlərimizi neytrallaşdırmağın yeganə yolu başlarına qapaz vurmaqdır.

Başqa cür olmur, qovmaqla, dinc, yanaşı yaşamağı təklif etməklə əmələ gəlmir, burdan qovmağa çalışırsan, o tərəfdən tut giləmeyvəsinə gələn milçəklər kimi qıjıldayıb gəlirlər. Milçəklə nə danışıq aparacaqsan? Mümkün deyil, onunla heç mərhələli həll planını müzakirə etmək də alınmır. Milçəyinki pif-pafdır, yandırısan, tüstüyə düşür, qaçıb gedirlər. Əlbəttə, keçmişdə olduğu kimi, onları dixlofosla zərərsizləşdirmək daha yaxşı olar, amma bu, beynəlxalq konvensiyalara ziddir, dixlofos kütləvi qırğın silahı sayılır.

Bir dəfə də yazdığım kimi, biz uşaq vaxtı təxminən spartalılar tək böyüyürdük, bütün gün çöldə-bayırda tay-tuşlarımızla (bir yaş aşağı-bir yaş yuxarı uşaqlar da tay-tuş sayılırdı) güləşir, itələşir, yumruqlaşırdıq. Hərdən elə olurdu ki, cüssəcə zəif, amma iddiaca və hikkəcə böyük biri özündən güclüyə sataşırdı. O da bir dinmirdi, iki dinmirdi, amma elə ki cığal uşaq “səndə güləşməyə g.. yoxdur, hı-hı-hı” deyirdi, o zaman hövsələli sakit oğlan yerindən qalxır, öz həyasız rəqibini danaboyun eləyib yerə yıxır, qollarını dizlərinin altına qoyub müqavimət imkanından məhrum edir və əsəbi-əsəbi soruşurdu: “Alçaq, canın bu deyil?”

4 gün öncəyə qədər ermənilərin hərəkəti həmin o cığal və hikkəli uşağın hərəkətinə bənzəyirdi. Bizi cırnadır, aşağılamağa çalışır, ard-arda Şuşada nəsə bir oyun durğuzur, bizdə dalaşmağa, siz də məni bağışlayın, bir yerlərimizin olmadığını isbat etməyə çalışırdı. Nəticəsi bu oldu. Hələ o gün deyil, düşmənin əl-qolunu dizimizin altına qoymağa az qalıb, ondan sonra daha inamla deyəcəyik: “Alçaqlar, canınız bu deyil?”

P.S. Göründüyü kimi, müəllif milçəkləri zərərsizləşdirəndən sonra yazısını müvəffəqiyyətlə başa çatdırdı.