Uzun illər öncəydi, bir gün redaksiyada oturub yazı yazdığım yerdə tikinti materiallarının topdansatışı ilə məşğul olan yaxın adamdan zəng gəldi. Uzun çəkən xoş-beş, onbeşdən sonra o, nəhayət, mətləb üstünə gəldi və ömrümdə ilk dəfə eşitdiyim adam adları çəkərək soruşdu: “Bunları tanıyırsanmı?” Tanımırdım, “tanımıram” dedim. Sonrakı mükaliməmiz belə oldu:

“Jurnalistdirlər, səni tanıdılar”.

“Ola bilər, – dedim, – hər gün yazı yazıram. Hansı qəzetdə işləyirlər?”

Qohum qəzetin adını dedi, ya “İnsan və qanun” idi, ya da “Qanun və cəza”, bəlkə də – “Qanun keşikçisi”. Axır ki, qəzetin adında “qanun” sözü dəqiq vardı.

Soruşdum: “Sizdən material alırlar, ya nədir?”

“Yox, material almırlar, amma bizdən material vermək istəyirlər orqanlara”.

“Pul tələb edirlər?”

“Hələ yox. Amma deyirlər ki, son altı aylıq fəaliyyətinizə dair sənədləri gətirin, yoxlamalıyıq”.

Dedim: “Qovun getsinlər. Reketdirlər. Onların audit, təftiş aparmaq ixtiyarları yoxdur”.

“Necə qovaq? Dirəşiblər. Biri oğlandır, biri qadın”.

“Belə qovun, – dedim, – ikisini də ofisdən çıxarın bayıra. Qadına dəyməyin, amma oğlanın büzdüm sümüyünün üstündən bir təpik vurun, dığırlansın, getsin”.

O başdan etiraz gəldi: “Yox e, xətaya düşərik”.

“Ta özünüz bilin. Onda sənədləri tökün ortalığa, yoxlasınlar”, – dedim, ara kəsildi.

Bu söhbət bir də axşam tərəfi yadıma düşdü. Zəng elədim, soruşdum ki, “jurnalistləri” necə yola saldınız. Qohum dedi ki, mübahisənin qızğın yerində firmanın ürəyiyumşaq sahibi gəldi çıxdı, hərəsinə 20 manat verib, yola saldı.

Bir həftə keçdi, həmin qohumdan yenə zəng gəldi. Bu dəfə xoş-beş uzun çəkmədi, adam ilk üç saniyədə xəbəri verdi: “Yenə gəliblər. Ayrılarıdır. Nə edək?”

Köhnə yol xəritəsini təkrarladım: “Ofisdən çıxarın, gədənin yumşaq yerinə sərt təpik tutuzdurun, rədd olsun”.

“İkisi də gədədir”.

“İki təpik vurun. Hərəsinə birini”.

Ara kəsildi. Ta bilmədim, gül kimi tövsiyəmə əməl etdilər, ya yox.

Bir müddət keçdi, bir toy məclisində zəng edən qohumla və onun mərhəmətli müdiri ilə görüşdük. Foyedə dərdləri açıldı: “Elə bir gün olmur ki, hansısa qəzetdən gəlməsinlər. Dadanıblar. Sanki bir-birinə adres verirlər yaramazlar. Birtəhər yola salırıq”.

Məlum oldu ki, tələb çoxdur deyə müdir yolasalma məzənnəsini 5 manata salıb. Əvvəlcə dirəşir, çox pul istəyirlər, lap axırda “heç olmasa benzin pulu verin” deyir, alır, bloknotlarına baxıb, başqa ünvana gedirlər.

Reket+dilənçilik vaqiəsi ilə üzləşmiş simsarlar yenə dedilər: “Nə edək, bilmirik”. Dedim, mən nə etməli olduğunuzu deyərəm. Dedilər, yox, bizdə kiminsə dalına təpik vurub polisə, məhkəməyə düşəsi kütlə yoxdur, salamatı 5-10 manatdan keçməkdir.

Üstündən bir neçə il keçdi, ta “həmkar”larımdan şikayət gəlmədi.

Bu, o vaxt idi ki, bir xeyli reketi tutmuşdular və beş o qədəri də tutulmağın qorxusundan başqa işə keçmişdi, işini dəyişməyənlər isə ta hər yerə burun soxmurdular.

Ancaq bir peşənin ki, öz ölkəmizdə azı 110 il ömrü ola, o peşə sıradan çıxarmı?

İndi kimsə desə ki, mətbuat reketliyinin ömrünün 110 il olduğunu haradan çıxardın, deyərəm: “Get ”O olmasın, bu olsun” filminin 1.26.50 saniyəsinə bax”.

Bilməyən və hövsələsi çatmayanlar üçün deyim ki, 1910-cu ildə baş vermiş hadisələrdən bəhs edən filmdə qəzetçi Rza bəy deyir: “Məşədi, 50 manat ver, Rüstəm bəyi qəzetimdə biabır eləyim”.

Söhbət bağlanmayıb. Mərhəmətli və əliaçıq məşədilər də qalır, həyasız rza bəylər də.

O gün həmkarımız Aygün Muradxanlının yaxınlarının başına elə bir reketlik vaqiəsi gəlib. Təfərrüatı uzundur. Kəsəsi odur ki, bir sayt müdiri olan adam öz işçisini qadın salonuna göndərib, sonra salonun boğazına çöküb ki, işçimi yandırmısız, cərimə ödəməlisiniz. Nəticədə ortalıq qarışıb.

Görünür, nə mənim vaxtilə göstərdiyim “yol xəritəsi” (əslində o, bir çox hallarda effektiv olmuşdu) kara gəlir, nə də onları şaqqıldayan dəmir qapıların arxasına salmaq.

Bizim o ürəyiyumşaq qohum belə yerdə deyərdi: “Neyləsinlər, onlar da bir yerdən dolanmalıdırlar dəə”.

Yaxşı. Di gedin, dolandırın. Adama ağır gələn odur ki, başqa ölkələrdə elitar peşə olan jurnalistliyi artıq kriminal iyerarxiya yüksəkliyindən – reketlikdən palaz səviyyəsinə, dilənçiliyə qədər endiriblər.