Belə fərziyyələr yürüdəndə savadlı adamlar deyir, bunlar hipotetik nəzəriyyələrdir. Bu, bir az “ipoteka” sözünə oxşasa da, tamam başqa kəlmədir, nəzəri mühakimələrə deyilir, məsələsn, “elə olsa, belə olardı”, “tutaq ki, elədir, amma belə olsa, başqa cür olardı”-filan. Deməyin ki, savadlı adamların xörəyidir, yox, bizim ölkədə hamı hipotetik-hipotetik danışmağı sevir.
Məsələn, hazırda akademikdən tutmuş ta “Meyvəli”də araba sürən qardaşa qədər çox adam belə cümlələr qurur: “Vəzifədə olsaydı, heç kəs pis şey yazmazdı, danışmazdı”; “İndi işdir, təzədən qaytarıb köhnə vəzifəsinə qoysalar, kimin hünəri çatar ona qarşı çıxsın”; “Keçən il bu vaxtlar qabağında baş əyirdilər, indi üzünə dururlar”.
Yox, bu axırıncı hipotetik söhbət olmadı, nostalji qrafasından oldu, amma cəhənnəmə olsun.
Yaxşı yadımdadır, o vaxt Eldar Mahmudov da işdən çıxarılanda xeyli adam dilə gəlmişdi, onda da bəziləri deyirdilər, yaxşı birdən Mahmudovu daha böyük vəzifəyə qoysalar, necə olacaq?
Bax, bu, həm hipotetik söhbət idi, həm də fantastik. Çünki dünyanın heç bir ölkəsində o söz-söhbətlə vəzifədən götürülmüş adamı yenidən qaytarıb böyük vəzifəyə qoymurlar. Amma olur ki, işdən götürülən adam özü çevriliş edib yekə vəzifəni götürə bilir. Tarixdə belə presedentlər çoxdur. Bizdə də olub. Adı çəkilməyə layiq olmayan birini o vaxt korpus komandiri vəzifəsindən çıxardılar, bir aydan sonra gəlib baş nazir oldu…
Xüləs, söhbət ondan getmir, bundan gedir ki, bəzi ictimaiyyət nümayəndələri bizi tamam gözüqıpıq ediblər, bir şey yazmağa qoymurlar, deyirlər, vəzifədə olanda yazardınız dəəə (3 dənə “ə” ilə).
Birincisi, yazırdıq, yazanlar vardı. İkincisi, açığını deyək, bəzən də yaza bilmirdik, əmoğlu. Arada dəmi gəlirdi, amma yazıb özünü, yaxınlarını zibilə salmaq dəmdəməkilik olacağına görə qələmi saxlayırdıq. Əli bəy Hüseynzadənin dediyi durum alınırdı: “Nə qoydular yazayım, nə qırdılar qələmi”.
İndi dissidentə dönən qırışmallar, o vaxt qırmızı həqiqəti yazan qəzetin redaksiyasının yerləşdiyi topdağıtmaz binanın həyətinə armatur, qum, çınqıl, sement gətirib boşaldan və “burdan çıxın, binanın möhkəmlədəcəyik” deyənlərlə üç gündən sonra işsiz qalası jurnalistlər tutaqlaşanda hardaydınız?
O qəzetin iki cantaraq əməkdaşı vardı, birinin başına armaturla vurdular, o birinin başından basaraq, “Fiat Dobla”ya mindirib apardılar, birinci 10 gün yatdı, ikinci 4 il. Bax, o vaxt hansısa nazirə qarşı cümlə quranda adamı belə edirdilər, siz də deyirdiniz, günahı olmasa, heç kimi tutmazlar, döyməzlər.
Adamlar vardı, Xıdır Zində baba pirindən tutmuş ta gözü harda ocaq, ibə, gümbəz görürdüsə, nəzir qoyub əhd edirdi ki, gün gəlsin, bu hikkəsi, tamahı ərşdə-gürşdə olanlar taxtlarından ensin, balaca adam olsunlar, məzlumun sözü ürəyində qalmasın.
Bax, həmin gündür. Sadəcə, məzlumun alınan ahları ahəstə-ahəstə çıxmır, vulkan kimi püskürür.
İndi bu sözdən yapışıb pirlərə nəzir qoymağa qaçmayıın, bunun nədən belə olması dialektik materialzmlə izah olunur. Yəni hər şey sadədən mürəkkəbə doğru inkişaf eləyir, axırı da belə alınır.
Hipotetik olaraq hesab edək ki, keçən il bu zamandır, ötən ilin payızında işdən çıxarılanlar da vəzifələrinin başındadırlar, amma pandemiyadır və karantinə baxmayaraq, həmin toy olub. Fəqət heç kim yaza bilmir, yalnız 3-4 adam Feysbukda partizanlıq edir. Onda bu gün başımıza senzor kəsilənlər, “niyə yazırsınız” deyənlər bağıracaqdılar: “Qanunlar tapdanıb, xalqı heçə sayırlar, niyə yazmırsınız?”
Hələ bu hadisəyə görə heç kəs cəzalandırılmasa, lap biabırçılıq olacaqdı, qanun-qaydanı pozanlardan çox, onları cəzalandırmayanlarlar pislənəcək, qınanacaqdı.
Görürsünüz, azca gec olsa da, aşağı-yuxarı siz deyən olub, niyə qane olmursunuz? Yenə o gözəgörünməzə şükür edin, dəyməsəydilər, xalqdan taladıqlarını nəticə-kötücələrinə vəsiyyət edib rahat getsəydilər, yaxşı olacaqdı? İndi heç olmasa bilirlər ki, toya girəndə qabaqlarına 47 adamın birdən qaçmasıyla deyil, əslində heç kim imişlər və milyonlarla adamın nifrətini qazanıblar.
Əksinə, imkan verin, camaat onları çox-çox, bol-bol pisləsin. Qoy onlar kimi olanlar da anlasınlar ki, büzdüm sümüyü nahiyəsinə motor qoyub göyə çıxsalar da, axırda enəcəklər və xalq onları urvatsız edəcək.
Bax, bu, heç də hipotetik aqibət deyil. Həmişə belə olub, belə də olacaq. Dialektikadır bu.