“Quş kimi göydə uçur yerdəkilər,
Bizi gömdü yerə minbərdəkilər”
(Sabir)
Rusiyada dərc olunan “Oqonyok” jurnalının bu ilki iyun sayında kosmonavt, Rusiyanın milli qəhrəmanı, 5 dəfə kosmosa uçmuş və üst-üstə orada 672 gün keçirmiş Fyodor Yurçixinlə maraqlı intervü dərc edilmişdi. Kosmonavt əsasən bu gün Rusiyanın kosmik yarışmada nə üçün ABŞ-dan çox-çox geridə qalmasını analiz etmiş, səbəbləri göstərmişdi. Doğrudan da, az qala hər ay, hər həftə ABŞ-ın hansısa uğurlu kosmik proqramı haqda xəbər alırıq. Gah gəmini kosmosa ötürəndən sonra dənizdəki platformaya sakitcə enən boş mühərrik nümayiş etdirilir, gah Marsdan şəkillər gəlir. Bir proqramda planeti simsiz internetlə təmin eləməkdən bəhs olunur, başqasında kosmosa uçacaq yeni raketdən danışılır və sairə. Yeri gəlmişkən, Yurçixin orda izah edirdi ki, SSRİ dağılan ərəfədə onun kosmik imkanları ABŞ-la təxminən bərabər idi, ancaq ötən illərdə Rusiya kosmonavtikası böhran yaşayır, quyruqda sürünür. Bu gün ABŞ-ın ən azı 5 perspektiv pilotlu gəmisi varsa, Rusiya SSRİ-dən qalma yeganə “Soyuz” raketlərinə möhtacdır. ABŞ-ın Marsda bir neçə qurğusu gəzişir, kosmosda nəhəng “Habbl” teleskopu kainatın dərinliklərinə işıq salır, gələn il “Ceyms Uebb” teleskopunu uçurdacaqlar, bəs ruslar bu illərdə nə ilə yadda qalıb? Demək olar heç nə ilə. Adamlar Qaqarinin uçuşunda ilişib qalıblar. Hə, bir də ilk kosmonavt qadın Tereşkova bu il dillərdə dastan olmuşdu – Putinin ömürlük prezidentliyi təklifini Dumada verdiyi üçün. Yurçixin deyir ki, rus kosmonavtlar uzun illərdir kosmosda heç bitkilər üzərində eksperiment də aparmırlar.
Oxucumuz haqlı olaraq düşünə bilər ki, bunun bizə, azərbaycanlılara nə dəxli? Biz özümüz vaxtaşırı pulunu verib Fransız Qvianasındakı Kuru kosmodromundan “AzərSat” peyklərimizi uçurduruq, şellənirik. Hələ arada o peykdən ermənilərin Kəlbəcərdə tikdiyi evlərə baxıb əsəbləşirik. Darıxmayın. Bir azdan görəcəksiniz ki, Rusiyanın kosmosda amerikalılara uduzmasının bizə çox böyük dəxli var.
Yurçixin müsahibəsində həmin məğlubiyyətin əsas səbəblərini açıqlamışdır. Bunlar təkcə ənənəvi rus korrupsiyası, bürokratiya deyil. Kosmonavt deyir ki, amerikalılar kosmosun öyrənilməsini yalnız dövlət şirkəti NASA-nın ixtiyarına buraxmayıblar, hazırda orada bu işlə İlon Maskın “Space X”, milyarder Ceff Bezos-un “Blue Origin” şirkətləri və “Boinq” şirkəti məşğul olur. Hələ bunlar birbaşa, loru dillə desək, “raket uçurdan” şirkətlərdir, gəmilərin, modul qurğuların, eksperimentlərin hazırlanmasına onlarla başqa özəl şirkətlər cəlb edilməkdədir. Rusiyada isə kosmik proqramlar yeganə olaraq dövlət şirkəti “Roskosmos”un ixtiyarındadır. Vəssalam. Ona görə rəqabət və inkişaf yoxdur. “Roskosmos” bir projeni hazırlayana qədər on illər keçir, pullar arada yeyilib it-bata düşür. Amerikada isə özəl şirkətlərin risk etmək imkanları var, sağlam rəqabət aparır, daim investisiya cəlb edir, yeniliklərə imza atırlar, hesabatı da öz-özlərinə və bazara verirlər. Məsələn, “Crew Dragon” kosmik gəmisi və “Falcon Heavy” raketinin uğurlu uçuşları biznesmen İlon Maskın bütün başqa projelərinə, o cümlədən “Tesla” şirkətinin bazar dəyərinə müsbət təsir elədi.
İndi gəlirəm öz ərazimizə. Fikir verin, özəl biznesin, azad bazar rəqabətinin hətta kosmosun fəthində önə keçdiyi dövrdə biz nə edirik? Azərbaycan İnvestisiya Holdinqi yaradırıq! Guya bu yolla iri və inhisarçı dövlət şirkətlərimizin idarəçiliyi, faydalı iş əmsalı artacaqdır, nəhayət, gəlir götürəcəyik. Mümkün deyil. Yuxarıda yazdığım və kosmonavt kişinin göydən şəhadət gətirdiyi kimi, burada uğur olmayacaq. Uğur olmayacaq, əvəzində oğurluq olacaq. Büdcəmizdə daim ağırlıq olacaq (qafiyə tuturam, bekarçılıqdır). Hələ bu harasıdır, amerikalıların kosmosa uçuşlar üzərində dövlət inhisarını ləğv elədiyi zəmanədə biz… taksi şirkəti açırıq. Dövlətin adından. Dövlət Taksi Şirkəti. DTŞ. Yalan olmasın, lap “KGB” kimi səslənir və adamın canına vicvicə salır.
Azərbaycan iqtisadiyyatının inkişafını, yerlərdə sürünmədən göylərdə uçmağını istəyirsinizsə, onu azadlığa buraxın. Dövlət iqtisadiyyatı anaxronizmdir. Oksümoron-dur. Ramiz müəllim demişkən, siyasi politologiyadır.