Siyasətdə “günü keçmiş Xəstə Qasım”lar olmur. Əgər biz ahıl yaşına, vəzifəsini itirdiyinə görə kimisə hesabdan siliriksə, yanılırıq – xüsusilə də həmin adam hələ öz şəxsi ambisiyalarından əl çəkməyibsə.
1988-ci ildə Qarabağ münaqişəsi başlayanda, vaxtilə, 1964-69-cu illərdə Azərbaycan kommunistlərinin rəhbəri olmuş İmam Mustafayevin (1910-1997) 78 yaşı vardı. Onun respublika rəhbəri olduğu dövrdə yaşamış çox adamın Mustafayevin həyatda olmasından xəbəri yox idi. Ancaq o, gözlənilmədən ortaya çıxdı, özünü yada saldı. Xatirələrdə “yaxşı kişi”, “ağsaqqal adam”, “ədaləti rəhbər” kimi qaldığından sabiq birinci katib qısa müddətdə qeyri-rəsmi olaraq respublikanın ağsaqqalı statusuna yiyələndi.
Hiss olunurdu ki, İmam müəllimin qəlbində yarımçıq arzuları, həyata keçirə bilmədiyi planları var və o, uzun müddət fərdi təqaüdçü kimi qalmasını sadiq əsgəri olduğu partiyaya, sovet dövlətinə bağışlaya bilmir.
Mustafayev siyasətdə ikinci zühurunda xalq üçün müəyyən faydalı işlər gördü, bundan beş qat artığını karyera qurmaq istəyən qohum-əqrəbası üçün etdi (onlar hələ də nazir, İH başçısı statusundadırlar). 1993-cü ilin iyununda isə o, bu ölkəyə, xalqa elə bir zərbə vurdu ki, ağrı-acısı 27 ildir sürür. İ.Mustafayev 1993-cü ilin iyun ayının 4-də Gəncədə baş verən qiyamın səbəb və nəticələrini araşdıran neytral komissiyaya ağsaqqallıq edən şəxs olaraq parlament qarşısında çıxış edərkən hərbi qiyama görə bütün günahı Elçibəy iqtidarının üstünə yıxaraq, qiyamçıları duruya çəkdi. 83 yaşlı ağsaqqal nəyə görəsə xalqın qarşısında, həlledici toplantıda ard-arda yalanlar danışdı. Məsələn, o dedi ki, hökumət qoşunları gecə vaxtı Surət Hüseynovun yatmış əsgərlərinə hücum ediblər və 69 əsgəri güllələyib öldürüblər.
Qurbanların “sayı” və gecə vaxtı edilən “namərd hücum” xalqı şoka saldı, iqtidara müxalif olanların əsas arqumentinə, qanadlı ifadəsinə çevrildi, Elçibəy komandasını diskreditasiyaya uğratdı. O sözün altından çıxmaq mümkün olmadı. Yalnız bir ildən sonra, artıq baş nazir vəzifəsi daşıyan Surət Hüseynovun vaxtında mühakimə olunan devrilmiş hakimiyyətin məhkəməsində ortaya çıxdı ki, İmam Mustafayevin səsləndirdiyi rəqəmlər tamamilə yalan imiş – Gəncədə qiyamçılardan heç kim ölməmişdi, yalnız Mehman adlı bir nəfəri ağ bayraq qaldırdığı üçün qiyamçılar özləri vurmuşdu. Tam əksinə, aydın oldu ki, ölənlərin hamısını məhz qiyamçılar güllələyiblər – həm də namərdcəsinə, əllərindəki silahı aldıqdan sonra…
Beləcə, “ölkə ağsaqqalı” siyasətə son “töhfə”sini verdi və əbədi “rəhmət” qazanaraq getdi.
Əslində bu yazı İmam Mustafayevə həsr olunmayıb. Onun həyatı böyük bir romana güc-bəla sığar. Bu yazı başqa bir 83 yaşlı sabiq siyasətçi barədədir. O da sinninin ahıl çağında siyasətlə üzülüşmək istəmir, güclü faktor olaraq qalmaq, özünü, yaxınlarını, klanını himayə etmək fikrindədir.
Ramiz Mehdiyevlə İmam Mustafayevin bioqrafiyası arasında əsas fərq odur ki, Mustafayev uzun müddət, 20 ilə yaxın rəhbər vəzifələrdən kənarda qalmışdı, içində bir hakimiyyət ehtirası, rəhbər olmaq yanğısı vardı. Mehdiyev isə son 50 ildə yalnız 1988-93-cü illər arasında respublika rəhbərliyində təmsil olunmayıb. Son 10 aydakı durumunu isə “hakimiyyətdən kənarda olmaq” kimi qiymətləndirmək olmaz. Çünki o, ölkənin ali məşvərət şurası olan və az sayda rəhbər vəzifəlinin daxil olduğu Təhlükəsizlik Şurasının üzvüdür, eyni zamanda AMEA prezidentidir, nazirləri toplantıya dəvət edib hesabatlarını dinləyəcək qədər nüfuzludur.
Bəlkə də artıq “nüfuzludur” ifadəsini keçmiş zamanda, “nüfuzluydu” kimi işlətmək daha yerinə düşər. Çünki qalmaqallı toy vaqiəsindən sonra Mehdiyevin nüfuz dairəsi çox daralıb. Onun dəvəti ilə nəvəsinin şənlik mərasiminə qatılanların çoxu peşman olubsa, artıq akademikin dəvəti ilə heç bir nazir AMEA-da hesabat verməyə getməz.
Hazırda hörmətli akademik təəccüblənir ki, vaxtilə ona mədh deyənlər indi tənqid edir, adını hallandırırlar. Qədim və orta əsrlər tarixinə, eləcə də sovet dövrünün olub-keçənlərinə bələd olan bir dövlət xadimi, üstəlik, filosof adına iddialı şəxs bu duruma bir misqal da təəccüblənməməlidir. Onun başına gələnlər min dəfələrlə başqa saray əyanların, baş vəzirlərin, baş nazirlərin, sərkərdələrin, paşaların, MK katiblərinin başına gəlib.
Bu işlərin axırı budur. Böyük vəzifən var, böyük hörmətin, böyük varidatın var. Vəzifəni itirirsənsə, hörmətin yarılanır, varidatını da yavaş-yavaş əlindən almağa çalışırlar.
Hazırda həmin proses başlayıb.