20 il əvvəl idi, xalqımız qəzetlərə çox meyil salmışdı, məmurlar, müxalifətçilər, iş adamları hər gün bir şələ qəzet alırdı. İndiki kimi deyildi, hərə bir kompüterin arxasına keçib sayt işlədə və ya öz düşüncələrini Feysbukda yaza. Xalqa öz dərin, dahiyanə düşüncələrini çatdırmaq üçün məcbur idin qəzetlərlə işləyəsən, ya da özün qəzet açasan.
Allahdan, ölkədə xeyli qəzet çıxırdı, günaşırı da biri açılırdı. Təkcə AXCP-nin “Yurd” qanadının 10-a yaxın qəzeti vardı, bir o qədər qəzetdə də xüsusi təyinatlı müxbirləri çalışırdı.
Yenə indiki kimi deyildi, bir-birilə rəqabət, hətta düşmənçilik aparan qəzetlərdə söyüşmə olmazdı, sərt tənqid, qaralama-filan olardı, onu da nəinki bir çəllək balla, elə iki stəkan şirinçayla da ötüşdürmək olurdu.
Belə gözəl günlərin birində səhər çağı masanın üstünə qalaqlanmış qəzetləri gözdən keçirirdim, bir də gördüm, dostumuz-qardaşımız Eldəniz Elgünün çıxardığı “P.S.” qəzeti belə bir manşet verib: “Yerazlara ölüm”.
Bu yerdə iki zəruri haşiyə vermək lazım gəlir: 1. Ölkədə vəziyyət eləydi ki, hər gün mediada “daha bir qərbi azərbaycanlı kadr yüksək vəzifəyə təyin olundu”, “…boşalmış dairələrdən deputat seçildi” kimi xəbərlər gedirdi, xalq arasında da “yerazlar burdan getdi”, “yerazlar ordan gəldi” söhbətləri dillərdə dastan olmuşdu. Kəsəsi, Əli Həziquliyevin sözü olmasın, “ulu yeraz xalqı” dilə-dişə düşmüşdü.
2.ci haşiyə: Eldəniz Elgün tanınmış “yeraz” idi. Özü də təkcə regional aspektdə yox, başqa “Azərbaycandilli xalqlar”ın nümayəndələri arasında da rəğbət görürdü.
Bəs birdən-birə nə olmuşdu ki, o, qəzetinə belə bir provokativ manşet vermişdi?
Bir dostun ilk versiyası belə oldu: “Möhkəm vurub, sonra yazıb”.
Bu versiya özünü doğrultdu. Eldənizlə rastlaşanda soruşdum ki, a üstünə od tökülməsin, o nə manşet idi, vermişdin. Həmkarım bir xeyli güldü və etiraf etdi ki, o yazı və o başlıq yarım litr arağın gətirdiyi ilhamdan qaynaqlanıb.
Bu manşetə görə vaxtilə Ermənistanda doğulmuş adamlar az qala Eldənizi linç edəcəkdilər. Ertəsi günü hədə zəngləri gələndə gənc həmkarım məsti-xumarlıqdan ayılıb, anlayıb ki, elə indicə piayadalar əleyhinə minanın üstünə çıxıb, o yan-bu yana bir addım atsa, tikəsi ələ gəlməyəcək. Eldəniz güc-bəlayla üstünə gələnləri sakitləşdirib ki, özü də yerazdır, bu yazını da ona görə yazıb ki, nə bilim, nə…
Hər halda eyni mahalda doğulmaq faktoru Eldənizin qanının arasında girmişdi. O manşeti başqa bir mahalda doğulmuş biri yazmış olsa, adamıın gözünün yaşına baxmazdılar, xurd-xəşil edərdilər.
Ondan sonra ona və bir çoxlarına dərs oldu ki, hansısa ciddi yazını içkili yazmasınlar. Çünki içkili halda yazılan yazıda düz fikir ola bilsə də, emosiya, əsəb, hiddət olur və nəticədə Nyutonun üçüncü qanunu işə düşür, başqaları da “nervilənir”, təsir əks-təsirə bərabər hala gəlir.
Hərçənd həmin manşet qəzetin tirajını xeyli artırmışdı. Buna bənzər iki-üç manşet də versə, “P.S.” qəzet bazarına girə bilərdi, intəhası, onu buraxanların sorağı da klinikaların ən azı travmatologiya şöbələrindən gələrdi.
Hazırda bir iş yaxşıdır ki, araqdan vurub manşet yazanlar yoxdur. Amma orası da pisdir ki, indi babat miqdarda spirtli maye istemal etdikdən sonra canlı yayıma çıxırlar və içkili adamların üzləşə biləcəyi klassik durum yaranır.
Belə bir hikmətli kəlam var: “Ayıq adamın beynindəki sərxoş adamın dilində olur”.
Fakt budur ki, sərxoş adamın dilinin tormozu olmur, beynində olanı, fikirləşdiyini şappadan deyir. Elə şeylər də var ki, deyilməz. Elə sözlər var ki, özüylə bir vedrə şey (burada zövqə görə, “qan”, “təzək” kimi anlayışlardan istifadə etmək olar) hərləyir, deyərsən, ona düşərsən.
İçkili yazı yazmaq belədir ki, içib hirsini-hikkəni tökərsən kağıza, kompüter displeyinə, iki saatdan sonra ayılarsan, görərsən, səhv eləmisən, kağızı cırarsan, faylı ləğv edərsən, FB-də paylaşmısansa, silərsən. Amma canlı yayım elədir ki, baxanlar baxıb, kopi edənlər edib, ağızdan çıxan sözlər də sərçə kimi pırr edərək gedib. Ondan sonra ha peşman ol…
İndi demirəm ki, içməyin, canlı yayım verməyin. Xeyr. Tövsiyə budur: canlı yayımdan sonra için.