Hər dəfə hansısa ölkədə uzunömürlü diktator və ya avtoritar rəhbər dirəşib hakimiyyətdən əl çəkmək istəməyəndə və növbəti dəfə saxtalaşdırılmış seçkilərlə bağlı inqilabi situasiya yarananda bu mövzuda yazırıq.
Hər dəfə də diktatorun hakimiyyətdən getməməkdə haqlı olduğunu “isbat edən” yüzlərlə məqalə yazılır.
Əslində uzun müddətdən bəri (20+ il) bir dövləti idarə edən şəxsin hələ də hakimiyyətdə qalmasına tərəfdar olanların heç də hamısı diktatura yanlıları deyil.
Onların çoxu təcrübədən çıxış edir, diktatura rejiminin yaratdığı sabitliyin pozulması halında bədbəxtliyə, vətəndaş müharibəsinə məruz qalmış ölkələri örnək göstərirlər.
Bu xüsusda onlar haqlıdırlar. Doğrudan da ölkə tarmar olacaqsa, minlərlə insan həyatını, yüz minlərlə adam vətənini itirəcəksə, ölkə 40 arşın quyunun dibinə düşəcəksə, demək, demokratiyanın astarı üzündən baha başa gəlib.
Demokratiyanın, azad seçkilərin əsas missiyası insanları xoşbəxt etmək, yüksək rifah halına qovuşdurmaqdırsa, insanları kütləvi şəkildə bədbəxt edəcək hakimiyyəti davası cinayətdir.
Amma baxaq, görək, bu cinayətə kim qol qoyur, məsuliyyəti daha çox kimin üzərindədir?
Seçkiyə qatılan, xalqın səsini alan, dövləti idarə etmək üçün mandat qazanan şəxsin və ya siyasi partiyanın haqqı olanı tələb etməsi cinayət də deyil, qəbahət də sayılmaz, amma məsuliyyəti var.
Seçkini uduzduğu halda, ona hiylə qatan, nəticələri saxtalaşdıran, rəqiblərinə qarşı zorakılıqları sanksiyalaşdıran şəxslərin etdiyi isə cinayətdir – həm də dövləti cinayət. Xalqın səsini almadığı halda hakimiyyəti qəsb etmək dövlət çevrilişi cəhdidir.
İndiki halda Belarus prezidenti Lukaşenkonun etdiyinin başqa adı yoxdur. 80 faiz səs aldığını iddia edən adam küçə və meydanlara 50 min adamı (o da inzibati resurslardan yararlanaraq təşkil edilməklə) güc-bəla yığdığı halda, onun 10 faiz səs yazılmış rəqibi, özü ölkə xaricində ola-ola şəhərin mərkəzi küçələrinə 200 mindən artıq etirazçı toplayır.
Təkcə o iki kütləvi aksiyadan çəkilmiş şəkillər seçkinin əsl nəticələrinin necə olduğuna dəlalət edir.
Fakt budur: bəlkə də Svetlana Tixonovskaya prezident seçilmək üçün yetərli səs toplaya bilməyib, amma Lukaşenkonun seçkini uduzduğu bariz şəkildə ortadadır.
Ancaq Lukaşenko öz məğlubiyyəti ilə barışmaq istəmir, özünü II dünya müharibəsinin qalibləri olan, vətənləri qarşısında misilsiz xidmətlər göstərən Uinston Çörçill və Şarl de Qolldan artıq tutur. Adları çəkilən məşhur siyasətçilər seçkilərdə məğlub olduqdan sonra postlarından əl çəkmişdilər. Xüsusilə də de Qoll xalqın etirazı ilə üzləşdikdə siyastədən çəkilməsinin daha doğru olacağını qəbul etmişdi.
26 ilin rəhbəri isə müqavimət göstərir və bu dirəşkənliyini “Belarus xalqının ölüm-qalım məsələsi” ilə bağlayır. Guya onun dövlət başçısı postunda uzun müddət oturması Belarusu çox inkişaf etdirib və tərəqqinin davamlı olması üçün o, hələ də iş başında qalmalıdır.
Tarixi təcrübə isə əksini göstərir. Son 60 ildə heç bir ciddi təbii resursa malik olmadığı halda dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilən Yaponiyada 30 dəfə hökumət dəyişib. Bu zəmində ikinci yer Cənubi Koreyaya məxsusdur, Seulda da hökumət 25 dəfə civarında dəyişib. Son 60 ildə bir dəfə belə hakimiyyət dəyişikliyi olmayan Şimali Koreyanın və Kubanın durumuna baxın – dünyanın ən kasıb ölkələrinin sırasındadırlar.
Müsəlman dünyasında iki ölkə pis-yaxşı hərtərəfli inkişafdan danışa bilər – Türkiyə və Pakistan. İkisində də hakimiyyət komandaları vaxtaşırı dəyişir.
Yəni bir ölkənin inkişafınnın həmin dövlətin rəhbərliyinin uzun müddət dəyişməməsi faktoruna bağlılığı yoxdur. Əslində sürəkli dəyişməzlik ətalət yaradır, tənəzzül başladır. Əksinə olduqda, dövləti idarə edən iqtidar komandaları vaxtaşırı dəyişdikdə isə odioz korrupsionerlər, oliqarxlar güclənib-köklənə, özləri üçün toxunulmaz mafioz dairələr yarada bilmirlər. Nəticədə ayrı-ayrı adamlar yox, dövlət, ölkə varlanır.
İnqilabi dəyişikliklər, vətəndaş qarşıdurmaları heç bir ölkəyə fayda gətirmir. Bunun qarşısını almaqdan ötrü hər bir ölkənin daxilində vaxtaşırı kadr islahatları aparılmalıdır, bir adamın 15-20, bəzən isə 25 il nazir postunda qalmasına imkan verilməməlidir.
İndiki situasiyada ölkəmizdə aparılan kadr islahatları sahəsində gizli bir müqavimətin olması ondan xəbər verir ki, məxməri şəkildə olsa belə, inqilabi dəyişikliklər xeyli riskli və çətin prosesdir.