Srağagün qədirbilən, amma qaydabilməz camaatımızın sosial aktiv təbəqəsinin bir şaqqasının Bakı çimərliklərində yol verdiyi məsuliyyətsizliklərdən yazmışdım. Dünən bir dost yazıb ki, təkcə çimərliklərdə elə deyil axı, biz hər yerdə eləyik, hər yerdə “bomba oğlanıq”.
Prinsipial etirazım yoxdur. Əlbəttə, hamı elə deyil. Kifayət qədər qayda-qanun, mədəniyyət, etika çərçivəsi tanıyan vətəndaşlarımız da var, sadəcə, onlar gözə görünmür, amma ictimai yerlərdə özlərini yaxşı aparmayanlar, qoyulmuş qaydaları (yanlış olsa belə) pozanlar və bunu nümayişkaranə şəkildə edənlər dərhal gözə görünür və lətifəsi normal adamlara dəyməsin, “bir axsaq dananın bir naxırın reputasiyasını korlaması hadisəsi” baş verir.
İndi aşağıda son iki gündə mediada yer alan və məsuliyyətsizliyimizin ümumi şəklinin bir hissəsini göstərən xəbər başlıqlarını iqtibas edirəm:
“Cəlilabadda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlandı”;
“Abşeron rayonunda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimə edilib”;
“Qubada toy etmək istəyən bəy və dostları saxlanıldılar”;
“Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələnlər cərimələnib”;
“Sabranda nişan mərasimi keçirmək istəyənlər cərimələndilər”;
“Siyəzəndə Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü saxlanıldı”;
“Sərt karantin elan edilən rayonlardan Qəbələyə istirahətə gələnlər cərimələnib”;
“Karantin qaydalarını pozaraq, Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub”;
“Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələnib” və sair və ilaxır.
Bu kimi xəbərlərin hamısının təkcə başlıqlarını yazsam, gərək başqa bir köşə yeri də zəbt edəm və axırına da “ardı var”, yaxud “ardı gələn sayımızda” yazam.
Bunlar nəyin göstəricisidir? Əsasən iki şeyin: 1. Nəyin bahasına olursa, olsun, pul qazanmaq istəyirik. 2. Necə olsa da, pul xərcləməyə çalışırıq.
Birinci niyyət asan başa gəlmir. Pul qazanmağa çalışan oğlanlar ilişəndə qazanacaqlarının 3-4 qatı qədər ziyana düşürlər. Məsələn, Siyəzəndən Xaçmaza, Xaçmazdan isə Lerikə bir avtobus dolusu adam aparan sürücü nə qədər qazanacaqdı? Olsun 200 manat. Amma siz ondan nə qədər cərimələndiyini soruşun, kövrəlsin.
İkinci niyyətimiz, pul xərcləmək arzumuz isə çox asanca reallaşır. Düzdür, bu pullar isti kabab, sərin araq, turş qəlyanaltı və bulaq başı, meşəli dağ səfasına getmir, amma nə fərqi var, cibimizdən çıxan çıxır. Əvəzində bilirik ki, bir ətək pulumuz itən yerə getmədi, cərimə şəklində dövlət büdcəsinə daxil oldu. Bu da özlüyündə az iş deyil, dövlətçiliyə xidmət qrafasına girir.
Bu xəbərlər həm də ondan xəbər verir ki, biz kütləvi şəkildə qəzet, sayt oxumur, televiziya xəbərlərinə baxmırıq. Heç sürücülərimiz də avtomobillərindəki radioda xəbərlərə qulaq asmırlar. Yeniliklərdən xəbərdar olsaydıq, bilərdik ki, kef-damağa, pul qazanmağa gedənləri cərimələyirlər və biz bundan ibrət dərsi çıxarmalıydıq ki, gedib zibilə düşməyək.
Hələ cərimə o yana dursun, yekə-yekə bığlı-saqqallı kişiləri 18 yaşlı çağırışçılar kimi divara söykəyib şəkillərini çəkir, ölkəyə, dünyaya yayırlar və adamlar xəcil, rəzil duruma düşürlər.
Şəkillərin dünyaya yayılması söhbəti bəzilərinə şişirtmə görünə bilər, amma divara söykədilənlərin şəkili istənilən sayta qoyulandan 2 saniyə sonra onu Yaponiyada, Avstraliyada, Alyaskada, Çilidə və Şükürbəylidə görürlər.
Yeri gəlmişkən, bu o qədər də təqdir olunası hal deyil. Bəlkə ictimai qınaq, mənəvi məsuliyyət məsələsi sarıdan hansısa əhəmiyyəti var, amma qabaqda gedən ölkələrdə ən qatı cinayətkarın belə məhkəmə şəkillərini yaymırlar ki, sonradan nəsil-nəcabətinin, övladlarının başına töhmət olmasın.
Baxarsınız, karantin bitəndən sonra bizdə yeniyetmələr və gənclər bir-birinə “papası (maması, xalası) divara söykədilən gədə” deyib lağ edəcəklər. Hələ toy günü bölmədə əsir-yesir olmuş təzəbəyə nə şəbədə qoşacaqlar, Allah bilir.
Uzun sözün kəsəsi, əgər istəyiriksə ki, biabır olmayaq, ziyana düşməyək, məsuliyyətli olmalıyıq. Yox, istəmiriksə, ağa durur, ağacan durur, əllərində cərimə qəbzləri və 16 meqapiksellik şəkillər çəkən mobil telefon tutub gözləyən yüzlərlə səlahiyyətli şəxs gözləyir, gedin, onlar da bekar durmasınlar.
Bir məsələ də odur ki, divara söykədilmiş “bomba oğlan” görüntüsü, şairin sözü olmasın, “ev yığışdıran kişi”dən daha miskin mənzərədir.