Deyir, Kubadan gələn bir bölük (rota) həkimdən sonra, Çindən də bir taqım (vzvod) tibb işçisi ölkəmizə gəlib ki, bizim koronavirus illətindən xeyir-asanlığıyla, salam-səfa ilə qurtulmağımıza yardımçı olsunlar.
Məsələyə dərhal “keçəl dərman bilsə” idiomatikasıyla girməyək. Kubalı həkimlər dünyada ad çıxarıblar. Xəritədə acı bibərə oxşayan Çilidən ta Meksikaya qədər Cənubi və Mərkəzi Amerikada xəstələnən nə qədər pullu, şöhrətli, vəzifəli adam var, hamısı müalicə üçün Kubaya gedir. Heç nə yox, hamınızın tanıdığı Maradona bu gün ayaq üstə gəzməsini kubalı həkimlərə borcludur, yoxsa ölürdüE
Amma bu hindistanlılar ölkəmizə nə deyib gəliblər, onları kim nəyə görə gətirib, bax, bu, qaranlıqdır. Ona görə ki, Hindistan koronavirusa yoluxma sahəsində hər gün rekordları qırıq-qırıq edir. Üstəlik, ölkədə həkim çatışmazlığı var. Bu baxımdan “Şaka həkim öz xəstələrini qoyub buraya nəyə gəlib” deyəcəkdim, yadıma düşdü ki, məşhur hind filmində buna 40-50 il qabaq cavab veriblər: “Şakaya pul lazımdır”.
Uzun sözün kəsəsi, bura legionerlər üçün cənnət kimi yerdir. Bir ara xarici neft şirkətləri Pakistandan, İndoneziyadan, İngiltərədən ixtisaslı fəhlələr gətirib işlədirdilər, adlarını da qoyurdular ki, guya onlar çox bacarıqlıdır. Yerli neftçilər qara qızılın bərəkətinə and içirdilər ki, biz nə qədər işləyirik, nəyi necə edirik, onlar da onu edir, amma ayın axırında bizdən 3-4 qat artıq maaş alırlar. Bu cür ayrı-seçkiliyin üstündə bəzi neft şirkətlərində mübahisə də düşmüşdü – axırda demaqoqluq edənləri işdən qovmuşdular.
O gün sosial şəbəkədə də yazmışdım, deməli, bu yaxınlarda futbol üzrə milli komandamıza Canni De Byazi adlı italyanı baş məşqçi təyin ediblər. Çox gözəl. Əcnəbi mütəxəssislərdən faydalanmalıyıq. Məsələn, braziliyalı Alberto Torres, alman Berti Foqts, xorvat Robert Prosineçki futbolçularımaza çox şey öyrədiblər, gedəndə də hərəsi bir xaral pul aparıbılar, halal xoşları olsun, Qədir Rüstəmov demişkən, əziyyət çəkmişdilər.
İndi də De Byazi gəlir. Xoş gəlir, intəhası, tək gəlmir, özüylə Benni Karbone, Klaudio Beluççi, Federiko Turritsiani, Alessandro Skayya kimi məşqçilər gətirir.
Yenə bu adı çəkilənlərin içindəki Klaudio “Malena”dakı Monikanın qardaşı olsaydı, deyərdik, hə, arada-sırada o da gəlib qardaşına xatir millimizə moral verəcək. Tərs kimi, elə də deyil. Bu, ayrı Beluççidir.
Hər şey o tərəfə dursun, bu gələnlər də futbolumuzu bay eləməyə gəlmirlər, eşidiblər ki, Azərbaycan neftli-qazlı, ölkədir, pula gəlirlər. Gedəndə De Byazi burdan bir bardan pul aparanda onlar da adama bir fartuk (pambıqçılar bilər, o nəmənə şeydir) avro aparacaqlar.
Görünür, məsləhət belədir. Hərçənd nə fərqi var ki, futbolçularımızı ipin üstündən tullandıran, top çilətdirən, maneələrin arasında driblinq etdirən Beluççidir, yoxsa Arif Əsədov. Hətta bunu futbolu dünən bitirmiş hər kəs bacarır. Min dəfə etdikləri şeydir.
Bu, dünənin, srağagünün ənənəsi deyil, gənc dostlar, siz uşaqsınız, bilməzsiniz. Sovet dövründə də beləydi. Bir də görürdün, SSRİ-nin FFA-sı Gennadi Bondarenko adlı bir məşqçini göndərdi ki, “Neftçi”yə rəhbərlik eləsin. Gena da özüylə bir rus qapıçı, iki ukraynalı müdafiəçi, bir Belarus yarımmüdafiçi, bir metis hücumçu götürüb gəlirdi. Bir də baxırdın ki, Azərbaycanın flaqman komandasının ilk onbirliyində cəmi 5 yerli futbolçu var, qalanları gəlmədir. Onların da SSRİ çempionatında tutduğu yer həmişə 13 civarında olurdu. Komandamız güclülər dəstəsindən A qrupuna düşməyəndə azarkeşlər bir-birinə qonaqlıq verirdilər.
Yəni legionersiz günümüz olmayıb. Ukraynadan gələn caydaq qızların hesabına voleybolumuzu, koreyalı tösmərək qızların sayəsində otüstü hokkeyimizi pis-yaxşı inkişaf etdirmişik, amma bu haqq-hesab nəyə görəsə futbolda müsbət nəticə vermir.
Ümid edək ki, heç olmasa hindistanlı həkimlər gəlib burda xeyirli işlər görəcəklər, ta keçən il gələn həmvətənləri kimi Şəhidlər Xiyabanı həndəvərində Dxarmendra-Xema Malini pəstəhası çıxarıb, arsız-arslz klip çəkdirib getməyəcəklər.