“Oğul, sən varacaq yerün,
Dolamac-dolamac yolları olur.
… “Hay!” demədin baş götürən cəlladı olur”
(Kitabi-Dədə Qorqud)
Tailand məmləkətində makaka meymunları bir şəhəri ələ keçirmişlər. Deyir koronavirus pandemiyası üzündən şəhərə turist gəlmir, ac qalmış meymunlar əhaliyə hücuma keçib onların yemək-içməyini əllərindən qapırlar. Qəribə dünyadır. Meymunlar da şəhəri ələ keçirərmiş. Biz, çox şükür olsun, belə şeylər görməmişik. Bizdə bütün şəhərlər insanların əlindədir.
Ancaq Molla İbrahim-Xəlil kimyagərin sözü olmasın, meymunu fikirləşmək lazım deyil, çünki bu halda bizdə islahatların misi qızıla çevrilməz. Yaxşı şeylərdən danışaq. Örnək üçün, mən keçən dəfələrdə MM-ə hücum cəhdinə görə ancaq AXCP üzvlərinin tutulmasını tənqid eləmişdim, müsavatçılar diqqətdən kənarda qalmışdı. Bu isə dövlətçilik xəttimizə ziddir, axı bizdə AXC-Müsavat cütlüyü ayrılmaz ekizlərdir. Adlarını tək çəkəndə effektiv olmur. Camaat inanmır. Nəhayət, dünən müsavatçılardan Fərəc Kərimlini də idarəyə aparıb istintaq ediblər. Düzdür, deyəsən sonradan buraxıblar, ancaq əsas odur adın yanaşı çəkilməsi üçün mənəvi bazis yaradılıbdır. Tema açılmışkən, mən əlaqədar orqanlardan xahiş edirəm, o tutulanlar içindəki cəbhəçi Telman Seyfullayevi azadlığa buraxsınlar. Mən onu yalan olmasın, bəlkə 30 ildir tanıyıram və bu dünyada gördüyüm ən mədəni, ən əxlaqlı, ən sakit təbiətli adamlardan biridir. Hətta kimsə iddia eləsə ki, o axşam Milli Məclisi dağıdanlar içərisində Əblüfəz Elçibəy də olub – ona inanaram, lakin Telman Seyfullayevin hansısa zorakı hadisələrdə iştirakı qəti mümkün deyildir. Ancaq adama azı 3 ay həbs veriblər, sonra da nə olacaq bilmirik. Mən respublikamızda qanunçuluğun və ədalətin təntənəsinə inanıram. Əgər Razi Nurullayev partiyanın adını dəyişdisə, bizim istintaq orqanları niyə dəyişməsin? Dəyişək, inkişaf edək. Öz musiqimiz, öz pomidorumuz. Biz baş həkimlə bir-birimizi işarələrdən anlayırıq. O hər şeydə… Belə yaxşı reklamlarımız olub.
Fərəc bəyin niyə buraxılmasına gələndə, deyir onu videoda ayrı adamla səhv salıblar, kimsə ona bənzər şəxs Milli Məclisə kəllə atırmış. Ümumiyyətlə, bəy həmin gecə evində olubmuş. Nə dəxli var? Yəqin evdə oturub məclisi dağıtmaq haqda fikirləşirmiş. Oxşamağa gələndə, niyə zəhmət çəkib düzgün, dövlətçilik tərəfdarı olan adama oxşamır? Elə Müdafiə Nazirliyində, hüquq-mühafizə orqanlarında, jurnalistikada, xalq artistləri arasında, meliorasiya işçilərinin içində nə qədər özünü oxşatmalı, örnək alınası şəxsiyyətlərimiz vardır. Bu isə gedib hansısa dağıdıcı ünsürə oxşayıbdır. Ayıb olsun. Heç bilmirsən nə deyəsən. İlin-günün bu vaxtında…
Sözgəlişi, beynəlxalq təcrübədə də olduqca layiqli kadrlarımız, soydaşlarımız üzə çıxır. Bunlardan biri şəxsən məni heyrətə salmaqdadır, inanılmaz performans göstərir. Söhbət vəkil Elman Paşayevdən gedir. Elman müəllim Moskvada vəkil işləyir. Bu yaxınlarda orda populyar artistlərdən Mixail Yefremov sərxoş vəziyyətdə maşınla adam vurub öldürmüşdü. Hadisə kameraya tam şəkildə, bütün çılpaqlığı ilə düşmüşdü və görünürdü ki, Yefremov ayırıcı xətti keçib başqa, qarşı yola çıxır, öz “Cip” avtomobilini hansısa kuryer bədbəxtin yükdaşıyan kiçik avtomobilinə çırpır. Yol polisi gəlir, Yefremovun lül-qənbər olması, ayaq üstdə güclə durduğu görünür. (Ümumən bu kişi Rusiyada aktyorluğu qədər həm də içib maşın sürmək kimi axmaq xasiyyətilə tanınırmış). Ancaq həmyerlimiz ona vəkillik etməyə başlayandan sonra Yefremov yol qəzasında iştirakını danmağa başlayıbdır! Deyir, mən heç kimi öldürməmişəm. Bəs o boyda video, etiraflar-zad nə imiş? Hava. Rus demiş, vozdux. Gör qulağını necə doldurub, adamı paklığına nə cür inandırıb! Vallah, nə deyə bilərik, məncə Elman müəllim bu işi uğurla aparıb udsa, onu təcili vətənə çağırıb baş prokurordan, Ali Məhkəmə sədrindən-filandan nəsə vacib vəzifə verməliyik. İstedad vətən üçün çalışmalıdır.