Tovuzda gedən döyüşlərin şiddətləndiyi və Bakıda xalqın küçələrə töküldüyü günün ertəsi eyni anda dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların ağlına bənzər fikirlər gəlmişdi: “Ayağa qalxmaq vaxtıdır”.
Ertəsi gün Londonda, Kişinyovda, Los-Ancelesdə, Brüsseldə, Moskvada, Sankt-Peterburqda, Stokholmda, Amsterdamda, Berlində, Kölndə, Kiyevdə və dünyanın bir çox ölkələrində həmvətənlərimiz toparlandılar, ortalığa çıxdılar.
Bir çox şəhərlərdə ermənilərlə bizimkilər arasında qarşıdurma oldu, bəzilərində isə sırf ermənilərin üzündən dava-dalaş baş verdi, bir neçə epizodda onlar bizimkiləri döydülər, bir neçə epizodda isə bizimkilər güclü çıxdılar. Yerdə qalanında qarşıdurma küçənin bir tayında ermənilərin, o biri tayında bizimkilərin dayanıb hündürdən şüar qışqırmaları ilə müşayiət olundu.
İndi bəziləri “Qarabağ münaqişəsinin Avropaya daşınmasının yolverilməzliyi”ndən danışır, bəziləri də bunun “Azərbaycan iqtidarının siyasi manipulyasiyası” hesab edir.
Əslində isə bu toparlanıb ortaya çıxma vaqiəsi böyük ölçüdə təşkil olunmuş bir şey deyildi. Səfirliklər və Diaspora Komitəsi istəsəydi belə bu kütləvilikdə tədbirlər keçirə bilməzdilər. Çünki o aksiyalara qatılanların çoxu mövcud iqtidarı təmsil edən nümayəndəliklərlə məsafə saxlamağı üstün tutan, onların təşkil etdiyi tədbirlərdən uzaq qaçan şəxslərdir. Ortada vətən, Qarabağ, ölkə söhbəti olmasa, onlar o qədər coşqu ilə bir araya gəlməzdilər.
Bu cür meydana çıxma hadisəsi çox təqdirəlayiq və ürəkaçan idi. Belə olmalıydı. Avropanın meydanlarını ermənilərə buraxmağın sonu çatmalıydı. 30 ildir məhz onlar Avropa şəhərlərində Azərbaycana qarşı şüarlar qaldıra-qaldıra cövlan edirdilər, bu dəfə qarşılarında bayraqlı, transparantlı izdiham gördülər.
Bu, erməniləri çox ənişələndirdi. Avropa mediasında çıxan yazılar da sübut edir ki, heç avropalıların özləri də azərbaycanlılardan belə hərəkət gözləmirmişlər. Onlarda belə qənaət varmış ki, ermənilər düz deyirlər, azərbaycanlıların isə deməyə sözləri olsaydı, ortaya çıxardılar.
Budur, bizimkilər bir qədər spontan, bir qədər parakəndə şəkildə ortaya çıxdılar və güc göstərdilər. İndi Avropa qəzetləri bizimkilərin də səsinə qulaq verirlər ki, görsünlər bu al-yaşlı-mavi bayraqlı adamlar nə deyir.
Xaricdə yaşayan bir sıra həmvətənlərimiz isə bundan narahatdırlar. Əcəba, nədən?
Söz yox, müharibədən, siyasi mühitin əlverişsizliyindən can qurtarıb Avropaya sığınan bəziləri başlarının salamatlığını, qulaqlarının dincliyini istəyirlər. Onları anlamaq olar. Amma çoxluq bu və ya digər şəkildə vətən təəssübü çəkənlərdən ibarətdir və onlar dar günlərdə kənarda qalmaq istəmirlər.
Amma hiss olunur ki, elələri də var, bu təşkilatlanmanın Avropadakı bəzi dairələrə, o cümlədən ermənilərə xoş gəlməyəcəyindən narahatdırlar.
Azərbaycanlılar toparlanıb ortaya çıxıb kimə problem yaradıblar? Ermənilərə. Ona görə də onlar bizimkilərin gözünü qorxutmaq üçün odlu silaha da (Kiyevdə) əl atdılar.
Ermənilərin terrora əl atdığı bir vaxtda bizimkilər dil boğaza qoymadan azərbaycanlıların xuliqan imicində tanınacağından narahatlıq ifadə edirlər.
Əgər əcnəbilər Los-Ancelesdəki və Brüsseldək hadisələrə nəzərən mülahizə yürüdəcək, konkret qənaətə gələcəklərsə, bu, ermənilərin ziyanına olan rəy olacaq. Çünki məhz onlar həddini aşan aqressiya sərgiləyiblər.
Ümumiyyətlə götürsək isə, avropalılar bu cür küçə davalarından çox da həyəcanlanan deyillər. İngilis, italyan, fransız, alman futbol azarkeşləri, budur, 50 ildir Avropanın şəhərlərində dava-dalaş sala-sala gəzirlər, neçə dəfə ölümlü qovğalar törədiblər.
Azərbaycanlılarla ermənilər hansıa şəhərdə dalaşıblarsa, bu, elə həmin gün xəbərlər bülletenlərində 1 dəqiqəlik xəbər oldu, getdi. Heç kəs bunu günlərlə müzakirə etməyəcək, avropalıların öz dərdi-səri var.
Bu cür toparlanmalar isə bizə çox lazımdır. Bir-iki belə aksiyadan sonra ermənilər küçənin o başında durub anlayacaqlar ki, qarşılarında təşkilatlanmış adamlar var. Onda səsimizi, sözümüzü eşidənlər də çox olacaq. Sadəcə, aksiyalar dinc olmalı, ağıllı ssenari üzrə davam etməlidir.
Hazırkı durumda Azərbaycan dövləti də o cür aksiyalarda zərər çəkən (döyülən, tutulan) insanlara bütün gücü ilə sahib çıxmalıdır, çünki onlar şəxsi münaqişə zəminində dalaşarkən zərərçəkən olmayıblar, vətən təəssübü çəkərkən olublar.