Son 32 ildə, yalan olmasın, azı min dəfə beynəlxalq idman, musiqi, incəsənət yarışmalarını dörd gözlə həm də ona görə izləmişik ki, görək, son nəticədə bizmi üstün, güclü olacağıq, yoxsa ermənilərmi.
Nəyə görə belə etdiyimiz məlumdur. Ortada düşmənçilik, intriqa, kəskin rəqabət var. Ermənilər də belə edirlər. Onlar da belə yarışmaların nəticələrinə baxır, axırda bizi özlərindən üstün görəndə pərt olur, özlərini qalib görəndə seviirlər.
Şükür ki, bu 32 ildə demək olar ki, bütün yarışmalarda həmişə ermənilərdən qat-qat üstün olmuşuq. Güləşdə ümumi hesab bizim xeyrimizə 9:1-dir. Bizim 10 idmançıdan 9-u mütləq erməni rəqibini tatamidə yerlə bir edib. Boksda, taekvondoda, karetedə, cüdoda, bir sözlə, bütün təkbətək mübarizələrdə elədir.
Elə beynəlxalq yarış olub ki, tatamiyə pəhləvan cüssəli, kulturistlər kimi əzələli, effektiv görünüşlü erməni güləşçi və ondan cüssəcə zəif görünən azərbaycanlı atlet çıxıb. Hamı elə bilib ki, erməni atlet elə görüşün ilk 10 saniyəsində məsələni həll edəcək. Amma ağız-burnundan və çevik hərəkətlərindən canavara oxşayan güləşçimiz “kulturist” ermənini tataminin üzərində dəhliz payəndazına döndərib. Onlarla belə hadisə olub.
Təkcə təkbətək mübarizələrdə deyil, hətta bir çox kollektiv oyunlarda da nəticələr bizim xeyrimizədir. İntellektual oyunlara – şahmata qalsa, dünya reytinq cədvəlinin ilk onluğunda bizim 3 təmsilçimiz var, ermənilərin – 1.
Bu, nəyin göstəricisidir? Bu, onun göstəricisidir ki, biz ər meydanında güclüyük, çevikik, əzmliyik, dözümlüyük.
Deyəcəklər, Qarabağ…. Qarabağda təkbətək döyüş olmadı axı… Ermənilər üstümüzə müttəfiq qazanmış dövlət kimi gələndə biz nüvəsini mahal könüllülərinin təşkil etdiyi parakəndə hərbi birləşmələrlə onlara cavab verirdik – bir.
Ermənilər bu münaqişəyə uzun illər hazırlaşmış, silahlanmışdılar, amma sovet-rus dövləti bizim quş tüfənglərini də yığmışdı – iki.
Daxilimizdəki xainlər, özlərini hakimiyyət ehtirasına qapdırmış adamlar zaman-zaman bilərəkdən, bilməyərəkdən, düşmənin əlinə oynadılar – üç.
Axtarsaq, araşdırsaq, dördüncü, beşinci səbəblər də var, amma bunlar da bəsdir.
Əsas məsələ odur ki, biz son 32 ildə baş verən silahlı döyüşlərdə heç vaxt ermənilərlə təkbətəyə çıxmamışıq. Həmişə erməninin yanında bir havadar olub.
Bu havadarlar diplomatiya sahəsində amerikalı senatorlardan, fransalı nazir və deputatlardan ibarət olubsa, siyasətdə Kreml başbilənləri, hərb meydanında rus generalları şəklində olub.
Uzun illər “Ermənistan-Azərbaycan yarışı”nın arbitrləri də erməniyə tərəfkeşlik edənlər olub – ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya, Fransa).
Təşəbbüsü ələ alıb ön cəbhədə dönüş yaraymaq istədiyimizdə BMT-dən tutmuş Avropadakı beynəlxalq təşkilatlara qədər qırx yerdən, o cümlədən qüdrətli dövlətlərdən ardı-arası kəsilməz təzyiq zəngləri gəlib, bəyanatlar bir-birinə calanıb: “Münaqişənin hərbi yolla həlli yoxdur”; “Tərəfləri atəşkəsə çağırırıq” və s.
Bəs bu çağırışlar Azərbaycan torpaqları işğal olunanda niyə yox idi? Axı indiki status-kvo hansısa qanunsuz hərbi əməliyyatların, beynəlxalq konvensiyaların pozulmasıyla müşayiət olunan hücumları yaratdığı status-kvodur.
Bu məntiqi arqumentlər dünya hegemonlarının qulağına deyil. Onlara sabitlik lazımdır. Elə ermənilərə də.
Ermənilər artıq gerçəkdən də müharibə istəmirlər. Ən azı indilik. Onlar istəyirlər ki, havadarları hesabına qazandıqları hərbi üstünlük siyasi müstəvidə sənədləşdirilsin, sülh sazişi bağlansın, 5-10 ildən sonra yeni iddialar və yeni güclə “Böyük Ermənistan” layihəsinin yeni mərhələsini reallaşdırmağa başlasınlar.
Onlar savaş meydanında bizim qolumuzu tutanlara arxayındırlar, elə bilirlər, hər dəfə belə olacaq, bir təxribat, hərbi kampaniya başladacaqlar, 5 addım qabağa gələcəklər, sonra araya böyük güclər girəcəklər, “hər kəs olduğu (tutduğu) yerdə qalsın” deyəcəklər, atəşkəs olacaq.
Heyf ki, indi Dmitri Donskoy dövrü deyil, o 650 il geridə qalıb. İndi hər ordudan bir bahadır önə çıxıb təkbətək çarpışmaya girmir.
İndi böyük dövlətlər öz kiçik mənafeləri naminə haqq-ədaləti nümayişkaranə şəkildə tapdalaya, aqressorun yanında yer ala, xalqlara zülm edə bilirlər.
Dünyanın başına alıb gedən terror dalğasının əsas səbəblərindən biri də hegemonların yeritdiyi haqsız siyasətlərdir. Bu qlobal zorun qarşısında qalan kiçik xalqlar, əzilənlər onlara qarşı mübarizəni bacardıqları, gücləri çatan üsullarla aparmağa çalışırlar.