Bəlkə də ilin-günün bu vədəsində, hamının koronavirus pandemiyasına görə əndişədə olduğu, bir çoxlarının Ayasofya məbədinin statusuyla bağlı fikir bildirdiyi dönəmdə futbol söhbəti etmək yerinə düşməyəcək. Amma bu da vacibdir.
Çünki futbol təsərrüfatı da siyasət məsələsinə daxildir. 200-dən çox ölkənin olduğu dünyada sırf futbol sayəsində məşhur olan, bu sayədə turizmdən milyardlar qazanan ölkələr var. Braziliya işsizlik probleminin bir hissəsini futbolla həll edir – dünya ölkələrinə bahalı futbolçular göndərir, milyardlar qazanır.
1990-cı ilə qədər dünyadakı 6 milyard əhalinin 5,5 milyardı Kamerun adlı ölkənin mövcudluğundan xəbərsiz idi. Ancaq Kamerun millisi həmin il mundialda ad çıxarandan sonra milyardlarla adam bu ölkənin harada yerləşdiyini, necə bir ölkə olduğunu öyrəndi.
Bugünkü nəticə odur ki, Kamerun bütün qonşularından daha çox inkişaf edib.
Ona görə də bu günlərdə milli futbol komandamıza kimin və necə başçılıq edəcəyi maraqlı məsələdir. Bundan çox şey asılıdır. Ya yerimizdə sayacağıq, ya da şeytanın qıçını qıracaq, yaxşı futbol oynayan ölkələrin ilk yüzlüyünə adlaya biləcəyik.
Futbol təsərrüfatımızın böyükləri hesab edirlər ki, biz mövcud ətalətli durumdan legioner mütəxəssis hesabına çıxa bilərik.
Özlüyündə doğru strategiyadır. Bir çox ölkələr, məsələn, yuxarıda adını çəkdiyimiz Kamerun, Yunanıstan, Kosta-Rika və başqa ölkələr futbol sahəsində qazandıqları uğurları əcnəbi mütəxəssislərə borcludurlar.
Əgər Anatoli Bışovets adlı ortabab rus məşqçi Kameruna getməsəydi, bu ölkənin atletik cüssəli gənclərinə ağıllı futbol oynamağı öyrətməsəydi, yəqin ki, kamerunlular hələ də çığıra-çığıra top dalınca qaçırdılar və futbolu strategiya və taktika tətbiq edə-edə oyanayan rəqiblərinə uduzurdular.
Yaxud, Avropanın göbəyində yerləşən Yunanıstan futbola ifrat marağına, yüzlərlə futbol klubu olmasına baxmayaraq, tarixi ərzində ən böyük nailiyyətini məhz alman məşqçinin – Otto Rehagelin sayəsində qazandı, yoxsa yunanlar kobud və cığal, davakar və sistemsiz oyunları ilə Avropa çempionu olası deyildilər (hələ nəzərə alaq ki, yunanların bu nailiyyəti “antifutbol” oynamaları ilə başa gəlib).
Ölkəmizin futbol millisinin sükanının əcnəbi məşqçilərə etibar edilməsi presedenti bir neçə dəfə olub. Ancaq biz nə braziliyalı Alberto Torresin, nə alman Berti Foqtsun, nə xorvat Robert Prosineçkinin vaxtında milli komandamızdan rəğbətli oyun, yaxşı nəticə görməmişik. (Yalnız onu qeyd etmək olar ki, Foqtsun zamanında əla formada olan, əjdaha rəqiblərini darmadağın edən Almaniya millisi iki halda millimizin qapısına 2-dən artıq qol vurmadı).
Bu məsələdə daha bir qanqaraldıcı məqam odur ki, əcnəbi məşqçilərin kapriz və uğursuzluqlarına illərlə dözdüyümüz halda yerli məşqçilərin qələmini elə ilk uğursuzluqlarına qırmağa çalışmışıq. Hələ əcnəbilərə verilən xaral-xaral maaşlar bir yana dursun.
Yəni milli futbolumuzu irəli aparmaq sahəsində əcnəbi mütəxəssislərdən yararlanmaq o zaman ağıllı hərəkət olar ki, onlar bunu həqiqətən bacaralar. Yoxsa düşdüyümüz göldə çabalamağı, bir ağac budağından yapışıb batmamağı yerli mütəxəssislər də bacarır – komandanı nə batırırlar, nə də bir tərəfə çıxarırlar.
Futbol təkcə atletik oyun deyil, xeyli dərəcədə də intellektual oyundur. Elə olmasaydı, onu ən sürətli sprinterlərə malik yamaykalılar, yaxud incə ayaqlara və ceyran kimi səkmək (driblinq etmək) qabiliyyətinə malik tuareqlər (Seneqalda yaşayan azsaylı xalq) daha yaxşı oynayardılar. Yaxşı futbol oynamağın incəlikləri, fəndləri, taktikaları o qədər çoxdur ki, onun hamısını bilmək üçün gerçəkdən akademik savad, dərin analitik təfəkkür və sair və ilaxır qabiliyyətlər lazımdır.
Biz çox da döşümüzə döyməyək, bizdə savadlı, intellektual futbol mütəxəssisləri yoxdur, vaxtında yaxşı, hərtərəfli savad almayıblar, eləcə, topu götürüb yaşıl sahəyə çıxıblar, top çiləməyi, atletik təmrinlər yerinə yetirməyi öyrəniblər. Ona görə də onların məşqçiliyi Joze Mourinyonun yox, Maradonanın məşqçiliyinə bənzəyir.
İndi milli komandamızın pultunu italyan Canni de Byazinin əlinə verirlər. Adamın necə məşqçi olacağını indidən bilmək olmaz, “Albaniyada uğur qazanıb” deyirlər.
Albanlar Avropanın ən qoçaq (dirəşkən, vurub-tutan) xalqı olsalar da, futbolda zəif idilər, de Byazi onlara ardıcıl qələbə dadı yaşadıb. Azərbaycan da Qafqazın ən qoçaq, fərasətli xalqı olsa da,digər idman növlərində və olimpiya medallarının sayında qonşuları üstələsə də, futbolda həmişə ermənilərdən də, gürcülərdən də geri olub. Görək, şöhrətli italyan bizim qoçaqlıq potensialımızı səfərbər edə biləcəkmi…