Sərtləşdirilmiş xüsusi karantin qaydalarını pozaraq “Fairmont Baku” hotelinin hovuzunda çimişən adamların hamısı bir tərəfə oldu, sevgili cananı ilə videoya düşən oğlanın vaqiəsi bir tərəfə. Budur, hadisənin üstündən 4 gün keçib, amma hələ də bəziləri oğlanın şəklini, eləcə də videodan skrinşot edilmiş epizodu sosial şəbəkədə paylaşır, jurnalistləri “mərdiməzar” adlandırır.
Guya ki, qaqa çox mərd hərəkət eləyibmiş, ona məişət problemi yaradan jurnalistlər isə adamı məzara qoyublar – məcazi mənada.
Birincisi, həmin hotel jurnalistlərə məxsus deyil, orada endirimi jurnalistlər etməmişdi və xalqı da çimməyə çağırmamışdı.
İkincisi, dincələn adamların şəklini jurnalistlər çəkməmişdi, özləri, Bakı rusdilliləri demişkən, “risovkalıq” edib çəkib yaymışdılar.
Üçüncüsü… bax, burası düzdür, şəkilləri tirajlamaq və çimişənləri hoydu-hoyduya götürmək məsələsinə jurnalistlərin əl qoymuşdu, danmaq olmaz.
Dördüncüsü, hotelin dəhlizlərində videoçəkilişi jurnalistlər etməmişdi. Düzdür, burada jurnalizm var, amma bu, necə deyərlər, operativ çəkiliş idi.
Beşincisi, şortiklə və nazəninlə (adam adı deyil) eycahanlıqda tutulan bəyi ora bizimkilər aparmamışdı. Hətta əksinə, orada bizim bir mələk üzlü həmkarımız da zərərçəkən durumunda qaldı. Bir hovurluq (hour (ing.)-saat) günəş vannası alacaqdı, ara yerdə işindən oldu.
Bunlar heç. Gələk mətləb üstünə, hamının sərtlərşdirilmiş xüsusi karantin rejiminin qaydalarına riayət etməli olduğu vaxtda başıalovlu halda “Alov qüllələri”nə gəlmiş (həm də tək gəlməmiş) bəyin məsələsinə.
Bunu, rus demişkən, “zakon podlosti” qanunu ilə də izah etmək olar, xroniki bəxtsizlik amili ilə də. Hətta Rafet el Roman moduna girib “hər şeyin bədəli var – ihanətin ən ağır” kimi şərh vermək də mümkündür.
Bu hadisə təxminən 11 sentyabr 2001-də baş verən hadisəyə oxşayır. Xüsusilə də epiloq hissəsi.
Həmin hadisə belə olub. 2001-ci ilin 11 sentyabrında Üsamə bin Ladenin rəhbərlik etdiyi terrorçular dəstəsi Nyu-Yorkda əkiz qüllələri, Vaşinqtonda Pentaqonun binasını təyyarə ilə taran etməzdən bir gün əvvəl şərti adını Con qoyduğumuz bir mister, həyat yoldaşının (şərti adı olsun, Sesiliya) başqa şəhərə getməsini fürsət bilərək işdən sonra likör-filan götürüb cumur məşuqəsinin (şərti adı – Treysi) yanına. Sevgili cütlük gecəni yaxşıca yeyib-içir, əylənir, yatırlar, səhər açılır. Artıq sentyabrın 11-dir və terrorçular hava gəmilərini ələ keçirib Nyu-Yorka tərəf uçurlar. Amma Conun bundan xəbəri yoxdur. O ayılır, Treysiyə “qud moninq, may hart” deyir, gərnəşir, qalxmağa ərinir, fikirləşir ki, bu gün işə getməsin. Con təzədən yatmaqdaykən, terrorçular təyyarələri uçurub gətirir, hərəsini əkiz qüllələrin birinə çırpırlar. Qüllələrdə yanğın başlayır, aləm qarışır, ölkənin və dünyanın bütün telekanalları hadisə yerindən canlı yayın verirlər. Sesiliya da hadisədən xəbər tutur, görür, təyyarə qülləyə təxminən ərinin işlədiyi mərtəbədən girib. Sevən qadın hövllənir, tez telefonu götürüb Cona zəng edir. Bir az gec olsa da, Con telefonu açır. Qadın həyəcanlı halda soruşur ki, haradasan, may layf. Con da deməyəcək ki, layfın Treysinin ağuşunda kayfdadır, bir az da əsəbiləşən kimi olur, deyir, harada olacam, işdəyəm, ofisdə. Ledi saniyəsindəcə hər şeyi anlayır, o tərəfdən bağırır ki, lənətə gəlmiş yaramaz, ofis nə gəzir, əkiz qüllələr çökür artıq…
Beləcə, adamın zibilinin üstü açılır. Həmin gün bin Laden öz məşhur teraktı ilə əkiz qüllələr və Pentaqonun binası ilə yanaşı, həm də bir amerikan ailəsini (ledilər bu məsələdə çox sərtdirlər) dağıtmış olur.
O gün bu hadisəni sosial şəbəkədə yazmışam, dostlardan biri dərhal qeyd edib ki, bəlkə əkiz qüllələrin vurulacağından mister Conun əvvəlcədən xəbəri olub. Belə bir versiya ildən-ilə güclənir, çoxları deyir ki, əkiz qüllələri ABŞ özü vurub.
Elə o gün bizdə də belə bir versiya səsləndi ki, “Fairmont Baku”dakı haqq-hesabı hökumət texnoloqları özləri təşkil ediblər. Guya ki, məqsəd karantin rejiminə riayət edilməsi məsələsində ayrı-seçkiliyin olmadığını göstərməkmiş. Bir azdan deyəcəklər, hotel rəhbərliyinin də bu işdə reklam marağı olub.
Hər nə oldusa, o qədər də əhəmiyyətli deyil, olan teleaparıcı xanıma, bir də o müasir Romeoya oldu (adamı niyə Məcnun adlandırmadığımın səbəbi odur ki, Məcnun bu kimi məsələlərdə fərasətsiz olub, konyukturanı tuta bilməyib, acıq edib səhralara gedib, amma Romeonun arada Cülyetta ilə birlikdə çimişməyi olub).