“Özüm özümə elədim,
Külü gözümə elədim”
(ata sözü)
ATƏT mətbuat azadlığı məsələləri üzrə nümayəndə qoymaq istəyir, lakin nədənsə bizim hökumətin Arlem Dezir adlı həmin şəxsdən xoşu gəlmir və onun namizədliyinin təsdiqlənməsinə blok qoymuşuq. Yanılmıramsa, ATƏT-də vəzifələrin təsdiqi üçün bütün üzvlər razı olmalıdır. Arlem müəllim 2017-ci ildən bu vəzifəni daşıyırdı, lakin 3 il ərzində bizim hökumətin xoşuna gəlməyən nəsə edibdir. İndi “Sərhədsiz reportyorlar”dan başlamış Milli Şuraya qədər neçə idarə xahiş və tələb edir, lakin Azərbaycan Arlem müəllimin üzərindən bloku götürmür. Hətta bir az irəli getsək, karantin qaydalarını pozub maska taxmadığı üçün Arlem müəllimi dama basa bilərik.
Ləzzət eləyir. Belə prosesləri görəndə adamın ürəyindən tikan çıxır. Şəxsən mən hökumətin ATƏT-in işinə badalaq vurmağını ikiəlli, dördgözlü, nə bilim, təkdilli dəstəkləyirəm. Əcəb olur. Hətta mümkün edib ATƏT-in hamısını bağlamalıyıq, məncə, bizim iqtisadi gücümüz buna çatar – Adriatik dənizi sahillərinə uzanan əllərimiz var. Mixaylodan başlayan dövlətçilik ənənəsini indi TANAP-TAP qaz kəməriylə bərkitmişik. Cəhənnəmə gedən özünə yoldaş axtarar, biz çalışmalıyıq Avropanın bütün həyatı problemlər içində olsun, çünki 30 ildir onlar bizim milli dərdlərimizə, Qarabağ probleminə, yüz minlərlə qaçqın-köçkünə göz yumurlar. ATƏT-in Minsk Qrupu bu illər ərzində hansısa yaralı barmağa dərman olmayıbsa, niyə biz ATƏT-in başqa idarələrinə yaşıl işıq yandırmalıyıq?
Əlbəttə, mən siyasətə qarışmıram, yuxarıdakı fikirləri də bekarçılıqdan yazdım. Yoxsa nəyimə lazım ATƏT-in axırı necə olacaqdır? Bizim öz milli dərdlərimiz bəsimizdir. Bu dərdlərdən biri banklarımızın kütləvi bağlanması, xalqın əmanətlərinin orada batmasıdır. Bir az da tanış əhvalatdır, SSRİ dağılanda, 90-cı illərin əvvəlində biz bu bank müsibətlərini bir dəfə yaşamışıq. Düzdür, keçmiş ulu öndərlərimizdən Karl Marks müəllim deyib ki, tarix adətən iki dəfə təkrar olmağı sevir və birinci dəfə faciə şəklində, sonra isə komediya şəklində təkrarlanır. Yəni yaxın gələcəkdə, banklar camaatın olan-qalan pulunu da sümürüb başına daş salmağın 3-cü etapına qədəm qoyanda üzümüz güləcəkdir. Ortalığa çıxıb oynayarıq. Bankirlər üçdən deyiblər.
Srağagün bu yazıq əmanətçilərin bir qrupu Mərkəzi Bankın qabağına yığışıb Elman müəllimdən pullarını istəyirdilər, polis də onları evlərinə qovurdu, deyirdi pul almamış koronavirus canınızı alar. Bir zənən dedi ki, əlimizlə verdiyimiz pulu ayağımızla ala bilmirik, zülmə düşmüşük.
Doğrudan da, əcaib durumdur ki, bağlanan bankların bəzisinin hətta sığortası olmayıbdır. Ancaq Bakının göbəyində ofis qurub illərlə milləti aldadıblar, “yüksək faizli əmanət” adıyla pulları yığıb aradan cırıblar. Mən orada, metronun qabağında papağımı qoyub 20 qəpikdən yığsam 20 idarədən üstümə tökülüşərlər, bunlar isə “bank” açıb milyonları oğurlayıblar. Bəzisini sonradan tutub gətirirlər, elə bugünlərdə “Zaminbank”ın şefini tutmuşdular, hərçənd bilmirəm bunun əmanətçilərə nə xeyri var. Üstəlik, bu adamın yiyəsi möhkəm yerdən olsa, yəqin tutmazdılar. Necə ki, keçmiş vergilər nazirinin bankı milyonları çırpışdırıb, lakin hesab soruşan yoxdur. Başqası uzun illər aeroport gömrüyündə lotuluq edib, şirkətlər qurub, pulları sümürüb, indi bu da yoxdur. Bir ayrısı MTN şefiylə quda olub, o biri bankir kiminsə adaxlısı olub və sairə. Ölkədə hansı kolun dibinə baxsan, oradan əmanətçi ağlaşması və bir “Dustaq Cahangir və londonlu Zamirə” dastanı çıxır.
Xalqın sadəlövhlüyü, Novruzəli ruhumuzun 21-ci əsrdə yaşaması isə başqa heyrət temasıdır. Axı sən necə ola bilər halal pulunu fırıldaqçının birinə verib “yüksək faizlər”ə ümid edəsən? (Pinokkionun nağılı və milli muncuq düzənlər olayımız yadıma düşdü). Lap hesab edək bir əlacsız səhvdir, etmisən, bəs “Pulumuz bankdadır, verin” söhbəti nədir? Bankı çoxdan silib-süpürüblər, orada pul qalsa nə vardı? Bəs o pullar hara gedib, heç fikirləşmədiniz? Elə isə, yaxın oturun, bir-ikisinin yerini deyim.
Bax, o saytlarda “Filankəsin harınlamış oğlu xalqı təhqir edib bahalı əyləncəyə girişdi” oxuyanda, heç ağlınıza da gəlmir ki, o əyləncələri elə siz maliyyələşdirmisiniz. “Bankirlə şirkət müdirinin uşaqları bahalı toy çaldırdı” oxuyanda bunu yazana dodaq büzmüsünüz, “niyə camaatın şəxsi işinə qarışırlar” demisiniz. Halbuki toyu sizin pulla eləyirdilər, ağlınıza gəlmirdi. Yaxud başqası Londonda univermaq bağladırdı, ayrısı ofşor şirkətlər açırdı… Siz isə onlara sponsorluq etməkdən yorulmurdunuz. Bəs indi niyə inciyirsiniz? Axı siz də mənim kimi, siyasətə qarışmırdınız…
Keçmişdə lotular insaflı olurmuş, adamın malını oğurlayıb kəsəndə özünə də bir tikə qonaqlıq verir, başa düşməsə də “utanma, öz malın kimi ye” deyirmişlər. İndikilər tək yeyir.